Cuvarlıdan başlayan savaş

post-img

Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün düşəndə Elnur Nəcəfovun cəmi 9 yaşı olub. O, qəlbində sonsuz Vətən sevgisi, müqəddəs torpaqlarımızın düşməndən azad ediləcəyinə dərin inam hissi ilə böyüyüb. 2006-cı ildə həqiqi hərbi xidmətə yollanıb, Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissənin motoatıcı taqım komandiri olub.

Vətən müharibəsində döyüş yolu oktyabrın 17-də Füzuli rayonunun Cuvarlı kəndindən başlayıb. Bakı Korpusunun əməliyyat taborunun (hərbçilər arasında daha çox “Bakı həmlə taboru” kimi tanınıb) taqım komandiri, leytenant Elnur Nəvəfovun qismətinə ilk döyüş günündən qələbə xəbərlərinin sevincini dadmaq düşüb. Belə ki, oktyabrın 17-də ordumuzun şiddətli hücumları qarşısında aciz qalan düşmənin bu istiqamətdəki müdafiə xətti yarılıb, Füzuli şəhəri, rayonunun Qoçəhmədli, Çimən, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli, həmçinin Elnurun uğrunda döyüşdüyü Cuvarlı kəndi azad edilib.

Vətən müharibəsinin dördüncü ildönümü günlərində Xocalıdan olan leytenantla görüşüb o qürurverici anları yenidən xatırladıq:

– Paylayıcı yollar əsasən Füzuli ərazisindən keçdiyinə görə düşmənin ən güclü müdafiə xətti də bu istiqamətdə yerləşirdi. Odur ki, ordumuzun rəşadəti sayəsində Füzulinin işğaldan azad edilməsi qələbəmizin qaçılmaz olduğu reallığını hər kəsə nümayiş etdirdi. Həmin vaxt mən bir daha əmin oldum ki, tezliklə erməni tapdağı altında olan bütün digər torpaqlarımız, o cümlədən doğulduğum doğma yurdum da əbədi azadlığına qovuşacaq!

Füzulidə əldə edilmiş zəfərdən sonra əməliyyat taboru Xocavəndə doğru irəliləyib. Elnurun iştirak etdiyi ağır döyüş əməliyyatlarından biri də həmin istiqamətdə baş verib:

– Oktyabrın sonunda düşmənin Füzuli-Xocavənd yolundakı əlverişli mövqedə yerləşən hərbi hissəsinin ələ keçirilməsi ilə bağlı tapşırıq aldıq. Ermənilər hərbi hissəyə aparan yolları minalamışdılar. Odur ki, ilk hücum cəhdində şəhidlərimiz oldu. Yeri gəlmişkən, haqqında danışdığım əməliyyatın planını taborun qərargah rəisi, kapitan Nəcəf Şikarov hazırlamışdı. Təəssüf ki, o, bundan bir neçə gün sonra taborumuzun qatıldığı daha bir ağır döyüşdə şəhid oldu.

Elnur bir an fikrə dalaraq söhbətini davam etdirdi:

– Döyüş yoldaşlarını itirimək çox ağırdır, Allah onların hər birinə rəhmət eləsin! Əməliyyat planına şəraitə uyğun edilən dəyişiklikdən və qızğın döyüşlərdən sonra noyabrın 2-də tapşırığı uğurla yerinə yetirərək düşmənin hərbi hissəsini ələ keçirdik, Füzuli-Xocavənd yolu nəzarətə götürüldü. Beləcə, şəhidlərimizin də qisasını aldıq. Tabor komandirimiz, polkovnik-leytenant Cavid Fərhadov sanki bir xocalılı kimi ürəyimdən keçənləri oxuyaraq şəxsi heyətə deyirdi ki, addımlarınızı qətiyyətli və ürəkli atın, sürətlə addımlayın. Çünki geridə qoyduğumuz hər qarış torpaq azad etdiyimiz Vətənimizin bir parçasıdır!

Daha sonra döyüş yolu Xocavənd və Cəbrayılda davam edən E.Nəcəfov bir xatirəsini də bizimlə bölüşərək bildirdi ki, qələbədən sonra Bakıya qayıdanda Biləsuvarda əhali yollara tökülərək kolonumuzun yolunu kəsdi. İzdihamın sevinci, hərbi maşınlarımızın üzərinə yağdırdıqları güllər hamımızın gözlərini yaşartmışdı. Bir daha əmin olduq ki, biz müharibədə zəfəri xalqımızın birliyi sayəsində qazanmışıq.

Xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilən, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən Elnur indi daha bir arzusunun reallaşacağı – həmyerlilərinin doğma yurda dönəcəyi günü səbirsizliklə gözləyir.

R.MAHİR
XQ

Sosial həyat