Azad Füzulinin doğum günü

post-img

17 Oktyabr Füzuli Şəhəri Günü münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə dünən Füzulidə təntənəli tədbir keçirilib. Təntənələrdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Doğma yurda qayıtmış Füzuli sakinləri böyük həvəs və sevinclə bayram şənliklərində iştirak ediblər. Onlar rəngarəng tematik sərgilərlə tanış olub, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyiblər.

Gün ərzində proqram çərçivəsində “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Zamanın qanadalarında: Füzuli” adlı fotosərgilər, “Mənim Füzulim” rəsm sərgisi, “Füzuli 530” tamaşası, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunub.

Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim edilib, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Dünən axşam tədbirə qala-konsert proqramı və atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 31 iyul tarixli sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, 17 Oktyabr Füzuli Şəhəri Günüdür.

XQ



Sosial həyat