Arazqırağından Şuşaya zəfər yolu

post-img

İşğaldan azad edilmiş ərazilərimizdə yol infrastrukturunun yenidən qurulması məqsədilə genişmiqyaslı layihələr icra edilir, yeni yollarda dayanmadan iş gedir. Başlanğıcını Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən, 81,6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun da inşası sürətlə davam etdirilir.

Yol 1-ci texniki dərəcəli, 4-6 hərəkət zolağından ibarətdir və inşası beynəlxalq magistral normalarına uyğun həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İcimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin “Xalq qəzeti”nin Qarabağ bürosuna verdiyi məlumata görə, Qarabağın və Şərqi Zəngəzurun yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yolun ilk 48 kilometri 6, 48-81,6 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.

Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk (yolun çuxur, dağ dərəsi ilə kəsişməsində daş, dəmir-beton və ya metaldan tikilmiş körpü tipli nəqliyyat qurğusu – M.R.) inşa edilir.

Yolun vizual görünüşü də göz oxşayır. Sanki yolboyu Azərbaycanın füsunkar təbiətinin gözəllikləri ilə insanın yaratdığı möcüzələr yarışa çıxıb. Təsadüfi deyil ki, 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilərək 1-ci yeri tutub.

Qeyd edək ki, AAYDA tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında ümumi uzunluğu 3094,3 kilometr təşkil edən 45 avtomobil yolunun tikintisi yerinə yetirilir. Artıq 7 layihə (ümumi uzunluğu 254,2 kilometr) uğurla icra olunaraq yekunlaşdırılıb. Layihələr çərçivəsində ümumilikdə uzunluğu 69,1 kilometr təşkil edən 45 avtomobil tuneli, həmçinin ümumi uzunluğu 13,4 kilometrə yaxın olan 463-dən artıq körpü, viaduk və yol ötürücüsü də inşa edilir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sosial həyat