“Sədərək”də başıma dəyən daş...

post-img

...Evdən çıxanda gərək başıma papaq qoyaydım. Yəqin, onda bu günə düşməzdim. Səs qopdu, dedim, yəqin, uşaqlar İran pistonu partladırlar... Ağlım özümə gələndə bildim ki, başıma dəyən daş imiş. Gördüm, gözüm qaralır. Əlimi daş dəyən yerə qoyub, söykəndim divara...Xeyli beləcə qaldım. İncəvara, başım partlamamışdı. Sonra fikirləşdim ki, burada daşla oynayan, göyə daş atan kim olar? Çünki hərə öz işində, alverində idi – satan satırdı, alan alırdı, dalaşan, eləyən də yox idi. Bəs, bu daşı kim atdı?

Yavaş-yavaş özümə gəlirdim. Məndən 2-3 metr aralı biri öz-özünə deyinirdi: “Göydən daş yağdır, ay Tanrı! Məni it elə, qurd elə. Belə də dünya olar? Biri milyonları bir saatda xərcləyir, mən bir ay burada çalışıb-vuruşuram, balalarımın əyin-başını, qarınlarının çörəyini qazana bilmirəm”.

İstədim deyəm ki, rəhmətliyin qızı, başıma hələ balaca daş dəyib ağlım başımdan çıxıb. Göydən daş yağsa gör nə olar.

Bir satıcı qadın mənə baxıb nə düşündüsə dedi:

– Sən niyə orada dayanıb, pişik kimi marıtdıyırsan? Yoxsa kurtka çırpışdırmaq istəyirsən? Dur, keç o yana...Ay başuza dönüm, bu məmləkətdə nə qədər dədəsindən-nənəsindən, arvadından, ərindən küsən var, görəsən, niyə mənə rast gəlir? Mən başı daşlı balalarıma çörək qazanım, yoxsa bunları tərbiyələndirim?

Üzümü çevirdim. Qarşımda gözmuncuğu satan bir pəzəvəng uşaq kalqotqasına bənzər bir şey geyinmiş xanıma deyirdi:

– Dədəmin qəbriyçün, birindən mənə cəmi 50 qəpik qalır.

Qadın isə gözmuncuğulara baxıb dedi ki, bunların hamısı saxtadı. Sonra da kişiyə tərs-tərs baxıb getdi.

Qadın bir az aralanmışdı ki, kişi onun dalınca dedi:

– Bunun forsuna bax, ee! Yox bilməmişdik, sənə iki manata mirvari gözmuncuğu verəcəydim. Sənin harana göz dəyəcəkdi ki?

Bir qoca üzbəüzdə divara qısılaraq papağını qarşısına qoyub dilənirdi. Ayağa duranda istədim ona bir çörəkpulu verim. Əlim cibimin cırıq yerindən, utanmaz-utanmaz da danışıram, keçdi içəriyə. Deyəsən, pullarımı salıb itirmişdim. Sonra yadıma düşdü ki, fikrim özümdə olmayıb, şalvarı dəyişmişəm, pullar qalıb o birinin cibində. Yaxşı ki, avtobus kartını köynəyin cibinə qoymuşdum...

Bu ara iki uşaq əllərində xırdavat oxuyurdular:

– Anam məni yetişdirib tolkuçkaya yolladı,

Dollara qurban deyib...

– Yol verin, yol verin, – deyə-deyə arabasına yol açan kişi mənə tanış gəldı. Əvvəl elə bildim Cabbar kişidir. Sonra yanıldığımı başa düşdüm. Cabbar kişi bir vaxtlar rayonumuzun mərkəzində qarışıq mallar mağazasında işləyirdi. Sovetin çat verən, yağın qıt olduğu dövr idi. Cabbar kişi kimə nə qədər yağ, qənd, şəkər tozu, düyü satırdısa, hər kilosundan yüz qramadək kəsirdi. Çoxları dönüb onun ya üzünə, ya arxasınca söyürdü. O, isə bircə bunu deyirdi: “Bağışla, səhv olub…”

Bir gün biri soruşur ki, ay Cabbar, səni ki, bu qədər söyürlər, niyə cavab vermirsən? Cabbar da tövrünü pozmadan deyir: “Onlar deyənlə, mən deyən arasında az fərq var. Onlar hündürdən söyürlər, mən isə ürəyimdə. Bununla da oluruq heç-heçə”.

– Ay Əziz müəllim, dönər yeyəcəksən?

Bunu saçları qarışıq, üzü tüklü, qucağındakı yeşiyə dönər yığaraq, gəzə-gəzə ona-buna təklif edən cavan oğlan mini-marketin satıcısına dedi. O isə əsəbiləşərək: “Sən ölənnərün goru, apar o yana, görəsən neçə gündən qalıb, sırımaq istiyirsən bizə”.

“Sədərək” yarmarkasının qarşısında nə olmuşdusa, bir arvad kişiyə deyirdi:

– Kül sənin başuva, şalvar geyinmisən, elə bilirsən sən də kişisən...

Məntiqlə qadın düz deyirdi – hər şalvar geyinən kişi olsaydı, nə vardı ki. Sənə elə şalvar geyinən göstərərəm ki, gözün bərələ-bərələ qalar. Sonra da şalvar icad eyləyəni o ki, var söyərsən. Yəqin bayaq göydən daş yağmasını istəyən qadın özünü qız kimi aparmaq istəyən, gözlərinə sürmə çəkən, boynu muncuqlu, dar şalvarlı oğlancığaza baxıb deyirmiş o sözləri.

Doğrudan da, “tolkuçka”da hər şey, hər cür adam varmış. Oraya təkcə alverə yox, elə gəzib müşahidə etmək üçün də getməyə dəyər.

Yorulmuşdum. Nəsə almağa həvəsim də qalmamışdı. Həm də axı, pulum o biri şalvarın cibində qalmışdı. Avtobusa minib, əlim ətəyimdən uzun qayıtdım geri. Daşın dəydiyi yer isə hələ də ağrıyırdı.

Səməd MƏLİKZADƏ

Sosial həyat