Zəngəzur Milli Parkında ekodüşərgə

post-img

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllü gənclər və məktəblilər üçün birgünlük ekoloji düşərgə təşkil olunub. Düşərgədə müxtəlif təlimlər, intellektual yarışlar, əyləncəli idman oyunları, təbiətdə yürüş və təmizlik aksiyası keçirilib.

Görüşdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov düşərgənin məqsəd və hədəfləri haqqında danışıb, proqramdakı fəaliyyətləri diqqətə çatdırıblar.

Qeyd olunub ki, COP29 kimi mötəbər tədbirə evsahibliyi etməsi, “Yaşıl dünya naminə həmrəylik ili”, Naxçıvanın “yaşıl enerji zonası” elan olunması, ümumilikdə, ekosistemin qorunması sahəsində həyata keçirilən mühüm və ardıcıl tədbirlər Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə həssas yanaşmasının, qlobal müstəvidən baxışının göstəricisidir.

Muxtar respublikada gənclərin bu məsələlərə münasibətdə ideya və fəaliyyətləri dəstəklənir, onların iştirakı ilə müxtəlif ekoloji tədbirlər təşkil olunur.

Gün boyunca gənclər əyləncəli idman oyunlarında intellektual yarışmaya qatılıb, “Batabat” yaylağı istiqamətində yürüş ediblər.

Gənclər yürüşün sonunda təmizlik aksiyası keçirərək, ekodüşərgənin hədəflərinə öz töhfələrini veriblər.

XQ

Sosial həyat