Suqovuşan Zəfər yolumuza su səpdi

post-img

Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 4 il ötür. Vətən müharibəsinin ilk həftəsinin tamamında bu 2 məntəqədə Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

İkinci Qarabağ savaşının ən ağır döyüşlərindən biri Talış və Suqovuşan istiqamətində olmuşdu. Düşmən ən müasir qüvvələrini bu ərazidə cəmləşdirərək ordumuzun irəliləməsinin qarşısını almağa calışmışdı. Burada çox güclü istehkamlar qurulmuş, bir neçə müdafiə xətti təşkil edilmişdi. Düşmən bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yollarda möhkəmlənmişdi. Onlar illərdi qurduqları müdafiə səddini ordumuzun yara biləcəyinə əmin deyildilər. Üstəlik, əsgərlərimizin hücum etdiyi ərazi minalanmışdı. İşğalçı ölkənin quldur dəstələri döyüşə atılanların Vətən sevdalı Azərbaycan əsgərləri, onlara rəhbərlik edən peşəkar zabitlər olduğunu unutmuşdular.

Ölüm-dirim savaşında əvvəlcə Suqovuşanın ətrafındakı yüksəkliklər, postlar düşməndən təmizlənərək ordumuzun nəzarətinə keçdi. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə əks-hücumla hərbiçilərimizi tutduqları mövqelərdən çıxarmağa çalışsalar da, uğursuzluğa düçar oldular. Ordumuzun uğurlu əməliyyatı nəticəsində düşmənin 6-cı dağatıcı alayı darmadağın edildi, müqavimət qırıldı. Hərbçilərimiz qəsəbəyə girəndə ermənilər artıq qaçmışdılar. Hər şey olduğu kimi qalmışdı. Düşmən hərbi texnikalarını, silah-sursat anbarlarını, bazaları dolu şəkildə qoyub 530, 851, 951 və digər yüksəkliklərə çəkilməyə məcbur olmuşdular.

Bayrağımızın qəsəbədə dalğalanması isə ordu və xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Bu şərəfli tarixçəni Suqovuşanda bayrağımızı qaldıran qazi İlkin Fərzəliyev belə xatırlayır: – Oktyabrın 2-də Suqovuşan yaxınlığındakı yüksəklikdə dayanmışdıq. Səhərə yaxın, saat 6-ya 5 dəqiqə qalmışdı. Əmr gəldi ki, qəsəbəyə girməliyik, bayrağımız bu yaşayış məntəqəsində qaldırılmalıdır. Mən və 3 döyüşçü yoldaşım düşmən bayrağı asılmış meydana daxil olduq. 4 kəşfiyyatçı isə əlverişli mövqedə yerləşərək bizi düşmən atəşindən qoruyurdu. Bayraq asılan yerdən, 1500–1800 metr arxada ermənilər təpənin üstündə dayanmışdılar. Yəni orada ermənilərin olduğunu bilirdik.

Düşmənin bayrağını endirdim, yerə düşən bayrağı ayağımla əski parçası kimi bir kənara atdım və öz bayrağımızı asdım. Yuxarı qaldırdığım bayrağın dalğalanmasını ürəyimin sevinc və qürurla döyünməsi müşayiət edirdi. Çox xoşbəxt idim, çünki bu torpaqlar illər idi ki, xilaskarlarının yolunu gözləyirdi. O torpaqlara ayaq basdığımız an, sanki, torpaq da canlanıb dizlərimizə qüvvət verirdi. Neçə illərdir biz həsrətlə bu yerlərə baxdığımız kimi, ondan da artıq bu torpaqlar bizi gözləyirmiş. Hamımız ən böyük arzumuza çatmışıq.

Zəfər qazisi xatirəsinin davamında bildirdi:

– Günlərlə ac-susuz yol gedir, yaralı yoldaşlarımıza kömək edirdik, eyni zamanda, döyüşürdük. Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması hər birimizdə qələbəyə inamı birə-beş artırdı. Bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımız gücləndi. Suqovuşan böyük zəfərimizə qapı açdı. Bu, Ordumuzun gücü, əsgər və zabitlərimizin qəhrəmanlığının nəticəsi idi.

Qeyd edim ki, bu qələbədə böyük rolu olanlardan biri də komandirimiz Əfqan Abdurahmanov olub. Onun peşəkarlığı sayəsində az itki ilə Suqovşanı düşməndən təmizlədik. Vətən Müharibəsi Qərəmanı Əfqan Abdurahmanov qəsəbənin yaxınlığında yerləşən 951 yüksəkliyi uğrunda döyüşdə şəhid oldu.

Bəli, Suqovuşanın azad edilməsi Azərbaycan Ordusuna bir çox üstünlüklər verdi. Çünki o çox böyük strateji əhəmiyyəti ilə Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin xilas olunmasının digər əhəmiyyətli tərəfi ondan ibarət idi ki, ilk azad edilmiş kəndlərdən sonra, – birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə alınmışdı– oktyabrın 3-nə qədər iri yaşayış məntəqəsi tutulmamışdı. Buna lazımi hazırlıq gedirdi, manevrlər aparılırdı, şiddətli döyüşlər davam edirdi.

Ancaq müharibənin ilk günündə əldə edilmiş irəliləyişdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi ordumuza mənəvi güc verdi. Müharibənin 7-ci günündə 8 kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə strateji üstünlük qazandırdı. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev demişdir: “Beləliklə, Suqovuşanın azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu ordumuzun nəzarətinə keçdi. Bununla Ermənistan silahlı qüvvələrinin əsas müdafiə səddi olan Ağdərə–Ağdam xəttini mühasirəyə almaq imkanı yarandı. Eyni zamanda, Suqovuşan Ağdərə və Sərsəng Su Anbarı istiqamətində mühüm əhəmiyyətli yolların nəzarətdə saxlanmasına da imkan verdi. Ağdərə–Kəlbəcər yolu artıq nəzarətdə idi”.

Suqovuşanın azad edilməsinin hərbi-strateji əhəmiyyəti ilə bərabər, eyni zamanda, mühüm iqtisadi önəmi də vardı. Sərsəng və Suqovuşan Su Anbarları enerji təyinatlı anbarlardır. Onların suyundan Aran Qarabağın rayonlarını əhatə edən 100 min hektar məhsuldar torpağın suvarılması həyata keçiriləcək.

Düşməndən təmizlənən digər yaşayış məntəqələrimiz kimi, Suqovuşanın da azad, işıqlı günləri başlandı. Hazırda tarixi torpağımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir, quruculuq, təmir-bərpa layihələri yüksək səviyyədə həyata keçirilir. Tərtərdən Suqovuşana 28,5 kİlometr yol çəkilib. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirilib və alternativ yol istifadəyə verilib. Düşmənin yararsız vəziyyətə gətirdiyi enerji infrastrukturu da yenidən qurulub. “Suqovuşan-1” və “Suqovuşan-2” Su Elektrik stansiyaları bərpa olunub. Bu stansiyalar regionun enerji təminatında rol oynayır.

Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilir. Yeni inşa edilən yaşayış komplekslərinin bu il ərzində Suqovuşan sakinlərin istifadəsinə veriləcəyi gözlənilir. Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınır. Məktəb, tibb müəssisəsi və digər sosial xidmət obyektlərinin tikintisi davam edir.

Qəsəbədə müasir infrastrukturun qurulması həm də əsrarəngiz gözəlliyə malik ərazini turizm məkanına çevirəcək. Gələcəkdə bu yerlərdə rahat və təhlükəsiz həyatı təmin edəcək. Qısa müddətdə görülmüş işlər isə Azərbaycanın gücündən xəbər verir. Bəli, tezliklə insanlar öz doğma yurdlarına dönəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq.

Pünhan ƏFƏNDİYEV
XQ





Sosial həyat