“Səsi ürəkləri fəth edən xanım”

post-img

Sona Aslanova – 100

Gözəl səsli opera müğənnisi Əməkdar artist Sona Aslanova dahi Üzeyir Hacıbəylinin qayğısı ilə sənətə gəlmiş incəsənət nümayəndələrindən olub. Atası Şahnəzər kişi 1934-cü ildə bolşeviklər həbs edəndən sonra taleyin acılarını dadan istedadlı qızı digər oxşar taleli tələbələri kimi öz qanadının altına alan Üzeyir bəy onu “səsi ürəkləri fəth edən xanım” adlandırıb.

Hələ uşaqlıq illərindən səsi ilə diqqət çəkən Sona xanım konservatoriyanı bitirəndən sonra Opera və Balet Teatrında çalışmaqla yanaşı, həm də yenicə məzunu olduğu sənət ocağında dərs deməyə başlayıb. Opera səhnəsində “Arşın mal alan”da Gülçöhrə, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da Nigar obrazlarını yaradıb. 200-dən çox mahnı ifa edib. Müğənninin Qızıl Fondda 50-dək səs yazısı qorunur. “Görüş”, “Anlamaq istəyirəm”, “Bizim Cəbiş müəllim”, “Bizim küçə”, “O qızı tapın”, “Ömrün səhifələri”, “Telefonçu qız” filmlərinə çəkilib. Bir çox filmlərdə, o cümlədən də “Əhməd haradadır?”da Ceyran obrazının partiyalarını ifa edib.

Sona Aslanova 1956-cı ildə Əməkdar artist fəxri adına layiq görülüb, daha 3 il sonra isə “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1954-cü ildə rejissorlar Hüseyn Seyidzadə və Yan Fridin quruluş verdiyi, ssenarisini Həsən Seyidbəylinin yazdığı ilk rəngli sənədli-bədii film, həm də ilk film-konsert olan “Doğma xalqımıza” ekran əsərinin “Koroğlu” bölümündə Nigarı məharətlə canlandırıb. Səhnə plastikası, aktyorluq qabiliyyəti və geniş səs diapazonuna malik bənzərsiz ifaçı olduğunu bir daha sübut edib.

Aktrisaya ən böyük uğuru 1955-ci ildə ekranlaşdırılan “Görüş” filmində pambıqçı Firəngiz rolu qazandırıb. Manqa başçısı Bilqeyisin tənbəl kənd avarası, ərköyün qardaşı Kamilə aşiq olan və məhəbbətini gizləməyən, amma ondan qarşılıq görməyən Firəngizin həyəcanları film ekranlara çıxan gündən tamaşaçıların böyük rəğbətini qazanıb.

Sona Aslanova II Dünya Müharibəsinin iştirakçısı olmuş, vaxtilə Layihə institutunun direktoru işləmiş Kamal adlı şəxslə ailə qurub. Onun sənətinin pərəstişkarı olan bu şəxs maşınında daim sevdiyi qadının ifalarına qulaq asırmış. Bu evlilikdən onların Cahangir və Rüfət adlı oğulları dünyaya gəlib…

1992-ci ildə Sona xanımın oğlanlarından biri ABŞ-a köçür. Övladlarına hədsiz bağlı olan 70 yaşlı müğənni də oğlunun ardınca digər ailə üzvləri ilə birlikdə Amerikanın Los-Anceles şəhərinə köçür. Onun Azərbaycanla bütün əlaqələri elə o vaxtdan kəsilir. Ahıl çağında Sona Aslanova həyat yoldaşı ilə birlikdə yaşlı insanlar üçün yaradılmış sosial binada yaşamağa başlayır.

Qürbət havası könlünü heç cür açmayan sənətkarın ən böyük arzusu Bakıya qayıtmaq olsa da, bu, baş tutmur. Müğənni ömrünün sonuna yaxın iflic keçirərək, yataq xəstəsinə çevrilir. Ondan Azərbaycan haqqında soruşanda “Bakı üçün burnumun ucu göynəyir” deyib ağlayırmış.

Sona Aslanova 9 mart 2011-ci ildə 87 yaşında ABŞ-də dünyasını dəyişib. Ailəsinin onu aparıb Vətəndə torpağa tapşırmaq imkanı olmadığına, Amerikada isə dəfn üçün yer almağın 15–20 min dollara başa gəldiyinə görə Sona Aslanova vəsiyyət edir ki, onun nəşini yandırıb, külünü Sakit okeana səpsinlər. Elə də edirlər.

Bu da Vətəndən uzaq düşən istedadlı sənətkarın son aqibəti…

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət