Vyanada ölkəmizi tanıtma mərasimi

post-img

Avstriya paytaxtındakı Azərbaycan Mədəniyyət Mərkəzində BMT-nin Vyana bölməsində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) üzvləri üçün Azərbaycan haqqında tanıtım mərasimi təşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ölkəmizdə hələ 1918-ci ildə qadınların seçki hüququnun təsbit olunduğunu, bu gün isə qadınların cəmiyyətdə mühüm rol oynadıqlarını diqqətə çatdırıb.

BMT Qadınlar Gildiyasının prezidenti Kati Kieffer və koordinatoru Maya Subki bildiriblər ki, təşkilat üzvləri mütəmadi şəkildə Vyanadakı diplomatik missiyalarda tanıtım tədbirləri təşkil edirlər. Bu təqdimatlar bir tərəfdən fərqli ölkələr barədə məlumat əldə etməyə, digər tərəfdən isə üzvlər arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir. Bu mənada Azərbaycan qadınlarının uğurları ilə tanışılıq böyük əhəmiyyət kəsb edir.

Toplantıda ölkəmizin tarixi, mədəni müxtəlifliyi və turizm potensialına dair videoçarxlar nümayiş etdirilib, qonaqlara Azərbaycan milli mətbəxinin çeşidli nümunələri təqdim olunub.

Xatırladaq ki, BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır və onun Vyana bölməsi öz sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir.

XQ

Son xəbərlər