Fövqəladə Hallar Nazirliyində COP29 ilə əlaqədar növbəti müşavirə keçirilib

post-img

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyində bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.

Müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə nazir Kəmaləddin Heydərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb, həmin mötəbər tədbirə hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin icrası məsələlərindən danışıb.

Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin ötən müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.

Müşavirəyə yekun vuran nazir Bakıda keçiriləcək mötəbər tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası məqsədilə müvafiq tapşırıqlar verib.



Sosial həyat