Nizami Gəncəvi adına universitetdə görüş

post-img

Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Firuza İkramxanova Özbəkistanda səfərdə olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüşüb. 
Görüşdə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ankaradakı “Turan” Akademiyasının Azərbaycandakı təmsilçiləri Fərahilə Şükürova və Niyaməddin Şükurov iştirak ediblər. 

Firuza İkramxanova qonaqları salamlayıb, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar və təhsil istiqamətlərində əməkdaşlığın genişlənməsindən məmnun olduğunu bildirib. 

Mahirə Hüseynova deyib ki, Azərbaycan və özbək xalqları qardaş xalqlardır, dilimiz, dinimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz oxşardır, hələ qədim zamanlardan alimlərimiz, şair və yazıçılarımız dostluq edib, bu ənənələr indi də ədiblərimiz tərəfindən davam etdirilir. Böyük filosof və şairlərimiz Əlişir Nəvai, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Zəhirəddin Məhəmməd Babur, Nəsimi və digər bu kimi ədiblərimiz hər iki xalqın sərvətidir, Nizami, Füzuli, Nəsimi Özbəkistanda nə qədər sevilirsə, Nəvai, Babur, Çolpan da Azərbaycanda o qədər sevilir. Bu və digər ədiblərimiz haqqında həm Azərbaycanda, həm də Özbəkistanda müxtəlif beynəlxalq tədbirlər keçirmək zamanın  tələbinə çevrilib və biz bundan istifadə etməliyik. 

M.Hüseynova qeyd edib ki, bizim universitetdə Kanadadan, İngiltərədən müəllimlər gəlib mühazirələr oxuyurlar, Özbəkistandan hələ bizim universitetdə mühazirə oxuyan müəllim olmayıb. Doktorantların və magistrlərin Özbəkistanda və Azərbaycanda müdafiə etməsi də vacib amillərdəndir. Keçmiş SSRİ dövründə belə ənənə olub,niyə o ənənəni dirçəltməyək. O, universitetlər arasında konfransların, müəllim və tələbələrin mübadiləsinin mühüm amil olduğunu bildirib və bu istiqamətdə konkret addımlar atmağın vaxtı çatdığını vurğulayıb.  

Sonra Mahirə Hüseynova universitetə öz kitablarını bağışlayıb. 

Qonaqlar Daşkənddəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə də çiçək dəstələri düzüb, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyi ilə tanış olublar. 
 
 
Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd











Mədəniyyət