Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş

post-img

İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan görüşdə qazilərimiz Abbasəli Tarverdiyev, Pərviz Muradov, Vidadi Məmmədov və hazırda xidmətini davam etdirən
hərbçilərimiz – kapitan Elvin Məmmədov, kiçik gizir İsmayıl Həsənov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Səfəralı Səfərov iştirak ediblər.
Nazirliyin şöbə müdiri açılış nitqi ilə çıxış edərək bütün hərbçilərimizə ali xidmətlərinə görə minnətdarlıq edib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd olunub ki, dövlət gənclər siyasətinə uyğun olaraq ölkəmizdə gənc nəslin vətənpərvər ruhda böyüməsi, Azərbaycançılıq ideologiyası və milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasına xüsusi önəm verilir. Qəhrəman əsgər və hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaət, mərdlik nümunəsi bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Tədbir diskussiya formatında davam edib. Müharibə iştirakçıları döyüş xatirələrini bölüşüb, gənclərə tövsiyələr verib və onları maraqlandıran sualları cavablandırıblar. Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən “Dövlət Suverenliyi Günü”nün təsis olunması ilə bağlı imzalanan Sərəncamın önəmindən bəhs olunub, suverenliyimizin tam bərpasını dünyaya bəyan edən bu sənədin qəhrəman şəhidlərin xalqımıza, yeni nəsillərə ötürdüyü vətənpərvərlik mirasına böyük dəyər qatdığı vurğulanıb.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat