Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirə aparılıb

post-img

Sentyabrın 12-də Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”nun icra vəziyyətinə dair ictimai müzakirələr aparılıb.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, ”Təmiz Şəhər” ASC, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmiləri, ölkədə fəaliyyət göstərən 40-dək QHT rəhbəri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri də ekoloji problemlərin həll edilməsi məsələsidir. Bu istiqamətdə təbiətimizin tullantılardan azad olunması xüsusi önəm kəsb edir. İcraçı direktor bildirib ki, uzun illər Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində törədilən ekosid narahatlıq doğurur. Son zamanlar vətəndaşlar tərəfindən həmin bölgələrdə təbiətin çirkləndirilməsi, tullantıların yerə atılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır.

İctimai qınağın vacibliyinə diqqət çəkən A.Əliyeva bu işdə QHT-lərin fəal olmasının önəminə toxunub. İcraçı direktor tullantıların idarə edilməsi ilə bağlı videoçarxların televiziya kanallarında nümayiş etdirilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi göstərməyə hazır olduğunu qeyd edərək vurğulayıb ki, bu videoçarxların səviyyəsi standartlara cavab verməlidir.

Ekologiya və təbii sərvətlər nazirinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, sənədin icrası əvvəlcə Abşeronda, sonra isə mərhələli şəkildə digər yerlərdə həyata keçiriləcək.

Sektor müdiri işğaldan azad edilmiş ərazilərlə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirərək qeyd edib ki, ölkə ərazisində tullantıların idarə edilməsi ilə bağlı müəyyən tapşırıqlar verilib. Onun sözlərinə görə, həmin ərazilərdə bərpa və quruculuq işləri aparılır və bu da təbii olaraq tullantılarla bağlı müəyyən problemlər yaradır. Ekologiyaya və təbiətə ziyan vurulmaması məqsədilə Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi prosesi ”Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Tibbi tullantıların idarə olunması məsələsinin də gündəmdə olduğunu bildirən M.Nəbiyev bu sahənin lisenziya əsasında fəaliyyət göstərdiyini qeyd edərək, hazırda tibb müəssisələrində tibbi tullantıların çeşidlənməsi məsələsi ilə bağlı işlərin aparıldığını da diqqətə çatdırıb.

“Qarşıdan COP29 kimi mötəbər beynəlxalq tədbir gəlir. Ölkə ərazisində tullantıların idarə edilməsi məsələsində daha ciddi addımlar atmalıyıq”, - deyən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Səadət Bənənyarlı qeyd edib ki, yaşayış binalarında məişət tullantılarının və bərk tullantıların ərazilərdən daşınması məsələsində bələdiyyələrdən çox şey asılıdır və onlar öz üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev tullantıların idarə edilməsi məsələsində qanunvericilikdə yeni müddəalara ehtiyac duyulduğunu dilə gətirib. O qeyd edib ki, bu məsələdə ilk olaraq tullantıların azaldılması və yenidən emalının təşkili üçün daha səmərəli mexanizmlər yaradılmalıdır. Onlara vergi güzəşti və digər güzəştlər tətbiq edilə bilər.

“Plastik tullantılara aid məhdudiyyətlərin qoyulması da qanunla tənzimlənməlidir. Bir sıra məhdudiyyətlər qoyulsa da, onların təcrübədə tətbiqində çatışmazlıqlar var. Elektron tullantıların idarə edilməsi isə ən vacib istiqamətdir. Buna da diqqəti artırmaq lazımdır”, - deyə Ə.Nuriyev qeyd edib.

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovanın fikrincə, tullantıların idarə edilməsi ciddi məsələdir. Qeyri-hökumət təşkilatları bu məsələdə bələdiyyələrlə birgə işləməlidir.

Qonşu ölkələrdən Azərbaycana gələn çayların sularının çirkli vəziyyətdə olduğunu vurğulayan QHT sədri əlavə edib: “Biz bu məsələni də Gürcüstanın qeyri-hökumət təşkilatları ilə birgə işləyə bilərik. Prezident İlham Əliyev Filizçay yatağında geoloji axtarış və kəşfiyyat işlərinin aparılması ilə bağlı Sərəncam imzalayıb. Bu işlər çox həssas aparılmalıdır. Orada geoloji axtarış və kəşfiyyat işləri aparanda meşələrin qırılmasına imkan vermək olmaz”.

Tədbirdə Tullantılar haqqında Qanununa zəruri əlavə və dəyişikliklərin edilməsi, İşçi qrupunun yaradılması, təkliflərin hazırlanması ilə bağlı geniş müzakirələr aparılıb, QHT-lərin təklifləri dinlənilib.

Çıxışlardan sonra rəsmi qurum nümayəndələri müvafiq qeydlərini götürüblər, QHT nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Sosial həyat