"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupun iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, videokonfrans formatında təşkil olunan iclasda Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” (“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti) məqsədləri üzrə 2024-cü ilin birinci yarısında görülən işlərin monitorinq və qiymətləndirməsinə dair hesabat müzakirə edilib.
İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyd olunan məqsədlər üzrə tədbirlərin, sosial proqramların hər il genişləndirildiyini və bu il də həmin istiqamətdə mühüm addımların atıldığını bildirib. Aparılan sosial islahatların nailiyyətləri diqqətə çatdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov strategiyanın 2024-cü il üçün nəzərdə tutulan hədəfləri çərçivəsində birinci yarımillikdə həyata keçirilən tədbirlər, icrası tamamlanmayan və ya davam edən işlər barədə məlumat verib, əsas çağırışları və tövsiyələri vurğulayıb.
Sonra İşçi qrupun sədr müavini, İİTKM-in təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” məqsədi üzrə üç fəaliyyət istiqamətində görülən işlərə dair hesabatı təqdim edib. “Əməkhaqqı sisteminin təkmilləşdirilməsi”, “Özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması” və “Məşğulluğun səmərəliliyinin artırılması” məqsədlərinin icrası ilə bağlı aparılan monitorinq və qiymətləndirmə nəticəsində əsas çağırışlar və tövsiyələr diqqətə çatdırılıb.
Sonra “Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədi üzrə fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
“Aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması”, “Pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının təmin edilməsi və pensiyaçıların dövlət təminatının əhatəliliyinin genişləndirilməsi” və “Sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması” məqsədləri üzrə görülmüş işlərə dair İşçi qrupun üzvləri tərəfindən müzakirələr aparılıb, təkliflər səsləndirilib.
“İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Mərkəzi Bankın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Gənclər Fondunun rəhbər şəxsləri təmsil olunurlar.