Mingəçevir yeni tələbələrinə xeyir-dua verdi

post-img

Ölkəyə işıq yayan Mingəçevir, eyni zamanda, elm və təhsil ziyasına bələnən şəhərdir. Ali məktəblərə builki qəbulda 600-dən artıq bal toplamış tələbələrlə görüşdə bu barədə ətraflı bəhs edilib.   

Əvvəlcə ötən tədris ilinin yekunları barədə məlumat verilib, əldə olunan uğurlardan danışılıb. Azərbaycanda təhsil islahatlarının müsbət nəticələr verdiyi vurğulanaraq qeyd olunub ki, Mingəçevir də bu sahədə öncül mövqe tutur. Burada bir sıra orta məktəb binaları yenidən tikilib və ya əsaslı təmir edilib, müasir texnoloji avadanlıqlarla təchiz olunub ki, bu da təhsilin keyfiyyətinin  yüksəlməsinə təkan verib. 

Bu il şəhər ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 5 nəfər qızıl medal, 2 nəfər isə gümüş medala layiq görülüb. Onların 426 nəfəri ali məktəblərə, o cümlədən 41 nəfər yeni yaradılan Qarabağ Universitetinə qəbul olunub. Tələbə adını qazanan mingəçevirli məzunların 150 nəfəri 500-dən yuxarı, o cümlədən 46 nəfəri 600-dən yuxarı bal toplayıb. Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Aysel Səlimova  şəhər üzrə 684 balla ən yüksək nəticə  göstərərib.    

Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, bütün bu uğurlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramlarının nəticəsidir. O, bilik “marafon”unda fərqlənən məzunları təbrik edərək,   mingəçevirli gənclərin təhsil sahəsində nailiyyətlərini bundan sonra daha da artıracaqlarına əmin olduğunu billdirdi.  

Sonda yüksək bal toplayan məzunlara-tələbələrə Mingəçevir Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu. 

İlqar HƏSƏNOV,  
“Xalq qəzeti”nin bölgə müxbiri

Mingəçevir 

 



Sosial həyat