Tatarıstanın paytaxtında XX “Altun minbər” Beynəlxalq Film Festivalı keçirilir. Festivalın müsabiqə proqramına 27 ölkədən 51 film daxil edilib.
Festival üçün seçilmiş bütün filmlər sülhpərvərlik, dini inanclara hörmət və humanizm ideyaları daşıyan mənəvi-əxlaqi dəyərləri və mədəni ənənələri əks etdirir. Türkiyə kinematoqrafının təmsilçiləri də festivala qatılıblar. Rusiyada da populyar olan “Möhtəşəm yüz il” və “Diriliş Ərtoğrul” seriallarında çəkilmiş aktyorlar da Kazana gəliblər. “Diriliş Ərtoğrul”un quruluşçu rejissoru Mətin Günaydın isə “Altun minbər” festivalında münsiflər heyətinin sədridir. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, sənətşünas Nadir Bədəlov isə Festivalda NETPAC Münsiflər heyətinin üzvüdür.
Film bayramında Azərbaycan da iştirak edir. Rejissor Əli-Səttar Quliyevin “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr etdiyi “Stadionlar səssiz olanda” bədii, rejissor Ərturan Nəcəfi Gölün “Novruz” sənədli filmləri müsabiqədə yer alıb.
Festival çərçivəsində təşkil olunan işgüzar meydanda regional bazar, kino layihələrin pitçinqi, “Kinematoqrafın dünya trendləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Müsabiqə və müsabiqədənkənar proqramlara daxil edilmiş filmlər sonradan Tatarıstanın 43 rayonunda göstəriləcək.
Xatırladaq ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəklədiyi kino layihələri siyahısına daxil olan “Altun minbər” festivalı “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında 2005-ci ildən keçirilir.
Festival sentyabrın 11-dək davam edəcək.
XQ