İşğaldan azad olunan ərazilərə “Böyük qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilatçılığı ilə Səyyar avtomobil klinikası Laçın şəhərində ikigünlük oftalmoloji aksiya keçirib. Mərkəzin elmi məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdıyeva otalmoloqların Laçın səfəri ilə bağlı bildirdi:
– Səyyar oftalmoloji müayinələrin məqsədi vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyinidir.
Laçında keçirdiyimiz tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçdi. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlandı.
Laçında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər də aparıldı və əldə edilən nəticələr müzakirə olundu. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradıldı. Ümumilikdə, iki gün davam edən oftalmoloji aksiyada 200-ə yaxın Laçın sakini müayinədən keçdi. Sakinlər göstərilən xidmətdən razı qaldıqlarını bildirdilər.
Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. Buna görə, sakinlərə ilkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub. Sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sakinlərin müayinəsini həkim Lamiyə Həsənzadə və rezident Nuranə Ələkbərova aparıblar. Aksiyada Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli, səyyar klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin əməkdaşı Leyla Qurbanova iştirak ediblər.
Z.HÜSEYNOVA
XQ