Sosial xəbərlər

post-img

900 şəhid ailəsi və qazi üçün biznes

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı əsasında Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək la­yihəsi” çərçivəsində ilin əvvəlindən 900 şəhid ailəsi üzvü və qazi üçün kiçik biz­neslər yaradılıb. 

Bu barədə nazirlikdən XQ-yə verilən məlumatda bildirilir ki, məşğulluq imkanı qazananların 90 nəfəri şəhid ailəsi üzvləri, qalanları keçmiş döyüşçülərdir.

Biznes fəaliyyətinə cəlb edilənlər üçün ilkin olaraq təlimlər təşkil olunub. Sonra onlar seçdikləri fəaliyyət istiqaməti üzrə kiçik bizneslərini qurmaları üçün zəruri vasitələrlə təmin ediliblər. 

67 min əlilə xidmət 

Dövlət Tibbi-Sosial Ekspertiza və Re­abilitasiya Agentliyi bu ilin 7 ayında 67 min əlilə reabilitasiya xidmətləri göstə­rib.

Onlardan 34 mini ambulator, 17 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada sosial-psixoloji, ippote­rapiya və reabilitasiya xidmətləri ilə təmin edilib. Agentliyin reabilitasiya mərkəzlə­rində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya me­todları – robotik və sosial-psixoloji reabi­litasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və digər xidmətlər tətbiq edilir. 

8 min bərpa vasitəsi 

Agentlik, həmçinin yanvar–iyul ayla­rında əlillərə 64 min reabilitasiya vasitəsi verib. 

Onlardan 4 min 500-ü təkərli oturacaq (o cümlədən 148-i mühərrikli təkərli otura­caq), 1434-ü aşağı və yuxarı ətraf protezi, 1527-si eşitmə aparatı, 1602-si qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlillərə 2 min 106 cüt protez ayaqqabı, 3 min 581 cüt ortopedik ayaqqabı, 51 korset və digər reabilitasiya vasitələri təqdim olunub. 

Qurum 7 ayda 8 min 500 nəfər əlili reabilitasiya vasitəsi ilə təmin edib. 

954 laçınlı üçün məşğulluq

Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın şəhərinə, Zabux və Sus kəndlərinə köçürülən sakinlə­rin fəal məşğulluq proqramları ilə əhatə olunması davam edir. 

Dövlət Məşğulluq Agentliyi ilk mər­hələdə həmin sakinlərin məşğulluq im­kanlarını qiymətləndirir və onların hansı proqrama cəlb olunacaqlarını müəyyən edir. Agentlikdən XQ-yə bildirdilər ki, Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. 32 nəfər özünüməşğulluq proqramının dəstəyilə ki­çik təsərrüfatlar qurub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda 255 sakinin də məşğulluğunun təminatına dəstək işləri aparılır. 

Laçına qayıdan sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filia­lının Laçın xidmət şöbəsi də açılıb. 

7 ayda 5 milyard manat sosial ödəniş

Sosial ödənişlərə yönəldilən vəsaitlər­də artım dinamikası 2024-cü ilin 7 ayın­da da davam edib. Cari ilin yanvar–iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 116 milyon manat və­sait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nis­bətən 468 milyon 700 min manat və ya 10,1 faiz çoxdur.

Zərifə BƏŞİRQIZI
XQ









Sosial həyat