Xocalının xoşbəxtlik simfoniyası

post-img

Erməni işğalından azad edildikdən sonra qısa müddətdə dağılmış evləri tikilən, yolları çəkilən, abadlaşan Xocalıya yenidən həyat qayıdıb. İlk sakinlərini bağrına basmış şəhərin 32 illik ağrı-acısı canından çıxır. 1992-ci ili 26 fevral zülmətində Xocalının qanına bələnməsinə, oda qalanmasına soyuq göz yaşı axıtmış Qarqarçay indi gecələr həzin şırıltısı ilə şəhər sakinlərinə, sanki, layla çalır.

Artıq şəhidlərinin ruhları dinclik tapıb, şəhər yeni, əbədi həyatına qovuşub. Doğ­ma yurduna dönən ailələrin çoxillik həsrə­tinə son qoyulması illər boyu qaysaq bağ­lamayan yaralara məlhəm olub. Müqəddəs torpağımızdan mənfur yağının murdar iz­ləri təmizlənib, xocalıların çal-çağırı qali­biyyət simfoniyası kimi səslənir.

İlk sakinlərinin qayıdışı ilə qonaq-qara­sı da artıb Xocalının. Küçələrində çoxsaylı maşınlar şütüyür. Bir tərəfində bərpa-quru­culuq işlərinin davam etdiyi şəhərin o biri hissəsində sakinlər yeni evlərində gündə­lik qayğıları ilə yaşayır, həyət-bacalarda əkin-biçin, abadlıq işləri görürlər. Doğma şəhərə növbəti səfərimdə həmin sakinlərlə görüşüb onların güzaranları, indiki duy­ğu-düşüncələri ilə maraqlandıq. 

Qonağı olduğumuz Mahir Hümbətov, həyat yoldaşı Zeynəb Sadıqova və oğulları Davud Xocalıya qayıtmaq xoşbəxtliyi nə­sib olmuş ilk sakinlərdəndirlər. Uzun illər məcburi köşkün kimi Bakının Binəqədi qəsəbəsində məskunlaşmış ailə bu il mayın 28-də daimi yaşamaq üçün ata-baba yur­dunda yeni tikilmiş evlərinə köçüb. 

Mahir bildirdi ki, Xocalıda gəldik­ləri birinci gecə sevinclərindən yata bil­məyiblər. İndinin özündə də bu xoşbəxt­lik, sanki, şirin yuxu təsiri bağışlayır:

– Xocalının gecəsi də, gündüzü də, havası da, suyu da əzəli qidamız kimi ca­nımıza sinir, bizə ikiqat rahatlıq gətirir. Özümüzü anadan yeni doğulmuş kimi hiss edirik. İnsan mayasının yoğrulduğu torpaqdan uzaqda nə qədər rahat, qayğısız yaşasa da ruhu dinclik tapmır. Dünyaya gəldiyin, ayağını ilk basdığın, ətrini duy­duğun torpaq səni həmişə ahənrüba kimi özünə çəkir. 

Biz də doğma torpağımıza qovuşmu­şuq və bu mənada, özümüzü çox xoşbəxt hiss edirik. Bu hissləri sözlə ifadə etmək asan deyil. Allah şəhidlərimizə rəhmət elə­sin. Sevimli Prezidentimiz İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti ölkəmizdə elə bir vətənpərvər nəsil yetişdirdi ki, on­ların qəhrəmanlığı bizə öz Xocalımıza qovuşmağı nəsib etdi. Vətən müharibəsi yalnız ölümsaçan cəbhələrdə deyil, siyasət dolaylarında da gedirdi. Müzəffər Ali Baş Komandanımız hər iki meydanda zəfər çaldı. O vaxt Prezidentimizin 44 gündə gecəli-gündüzlü yaşadığı gərginlik bizim 32 ildə məcburi köçkün kimi çəkdikləri­mizdən artıq oldu. Allah Prezidentimizi qorusun! Onun rəhbərliyi ilə rəşadətli or­dumuz Qarabağı xalqımıza, bizi Qarabağa qaytarıb. 

Evinin açarlarını dövlət başçısından almağın onun üçün ömür boyu qürurve­rici xatirə olacağını deyən Xocalı sakini şəhər əhalisinin qayğılarının da dövləti­mizin diqqətində olduğunu bildirdi:

– Oğlum Davudun işlə təmin edilməsi ilə bağlı müraciət etmişdik. Qısa müddətdə xahişimizə baxıldı və o, sürücü kimi işə götürüldü. Belə həssas yanaşmaya görə Prezidentin yerli nümayəndəliyinə təşək­kür edirik.

Daha bir evin qapısını döydük. Bizi gülərüzlə qarşılayan ev sahibi, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Ceyran Əzizova da doğma yurdu­na ilk dönənlərdəndir. O, ürəyindəki xoş düyğuları bölüşərək dedi:

– Həyat yoldaşım Vasif Əzizov Birinci Qarabağ müharibəsi zamanı Xocalıda şə­hid olub. Özümə söz vermişdim ki, onun ruhu narahat olmasın deyə, Xocalıya qa­yıdanda kövrəlməyəcəyəm, düşmənin acığına məğrur dayanacağam. Belə də oldu, nisgillərimə üstün gəldim. İlk iki-üç gün eləcə 32 il əvvəlki yerində olan ətraf dağlara, Qarqarçaya baxmaqla aşıb-daşan həyəcanımı əritdim. Xocalıya qayıdanda fikirləşirdim ki, xatirələrlə yeni həyat ara­sında bir boşluq olacaq. Lakin yurd həmin­ki oduğundan, sanki, heç 32 il bu yerlərdən aralı düşməmişəm, öz evimdə, ocağımda olmuşam. Elə bil yatıb, qorxulu bir yuxu görmüşəm. 

İlk günlər mənə elə gəlirdi ki, Vasif gəlib pəncərədən evimizə, yenidən yanan işıqlarımıza baxır. Bu gün onun da, bütün şəhidlərimizin və günahsız Xocalı qurban­larının da ruhları şaddır, çox şükür! Bi­rinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva evimizin açarını bizə təqdim edən­də xeyir-dua verərək dedi ki, bu evdə xoş­bəxt yaşayın. İnşallah, elə də var – övlad­larım, nəvələrim azad Xocalımızdakı yeni evimizdə xoşbəxt yaşayırlar.

Ceyran xanım şəhər sakinlərinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu xüsusi qeyd etdi:

– Fürsətdən istifadə edib Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin “Bakı Abad­lıq Xidməti” MMC-nin rəhbərliyinə və əməkdaşlarına, eləcə də evimin tikintisini aparmış şirkətin işçilərinə təşəkkür edirik. Onlar hamımızı, xüsusən məni bir gün də tək qoymayıblar, qayğılarımızla, problem­lərimizlə maraqlanıblar, ehtiyacımızı öy­rənib kömək ediblər. Belə münasibət bizi məmnun edir!

...Xocalının təmiz havasını udmaq, saf suyundan hazırlanmış çay içmək, Qarqar­çayın daşlı-çınqıllı sahilində dolaşmaq, üstəlik, gecə Xocalıda qonaq qalmaq artıq bu yerləri 16 yaşında od-alov içində tərk etmiş 48 yaşlı bir yazar üçün əlçatmaz arzu, xəyal deyil, şirin gerçəklidir. Doğma yerlərlə sağollaşanda da əmin olduq ki, hər növbəti gəlişdə Xocalını daha da gözəlləş­miş, abadlaşmış, sakinlərinin sayının art­mış olduğunu görəcəyik. 

Günün gerçəyi isə budur: Xocalı­nın çal-çağırından ahəng alan xoşbəxtlik simfoniyası bu yerlərin illər boyu simlə­miş nisgillərini ürəklərdən silir, yeni ar­zu-diləklərə qol-qanad taxır.

Mahir RƏSULOĞLU,
“Xalq qəzeti”nin Qarabağ müxbiri 

Xocalı





Sosial həyat