Tələbə vaxtımda “Kommunist” qəzetinin sərlövhəsindən elanlarına qədər diqqətlə oxuyardım. Oradakı yazıları müqəddəs, orada yazanları xoşbəxt sayırdım. Arzu edərdim ki, mənim də heç olmasa bir neçə sətir yazım bu qəzetdə dərc olunaydı. Yazardım, göndərərdim, di gəl ki, nəinki yazdığım çap olunmazdı, heç cavab da almazdım…
Mən bu insafsızlığı redaksiya işçilərinə yovuşdurmazdım. Güman edirdim ki, məktubum yollarda itir, yerinə çatmır.
Bakıya gəlişimin ilk ilində, 1932-ci illin əvvəllərində komsomolun Mərkəzi Komitəsindən məni “Kommunist” qəzetinin redaksiyasına göndərdilər: – onlara cavan ədəbiyyatçı lazımdır, bir oraya gedin.
Redaksiyada o zamanın qaydası ilə məni danışdırıb yoxlayandan sonra “Sabah işə gəl!” – dedilər.
Bundan böyük xoşbəxtlik olardımı?
Birinci gün şöbə müdiri mənim qabağıma 20-30 məktub tökdü:
– Müxbirlər yazıb, – dedi. – Bunlardan seç, lazımlılarını düzəlt mənə ver.
Məktəbdən, klubdan, divar qəzetindən, dram dərnəyindən bəhs edən bu məktubların çoxu indi də yadımdadır. Biri uzun, biri qısa kağızlarda, biri iri, biri xırda xətt ilə, biri nəzakətli sözlə, biri az qala “müzür ünsürlərə” söyüş sözlərlə başlanırdı.
Mən bunların məzmunundan lazımi nə varsa götürür, doğranmış coğrafiya xəritəsinin ağ üzünə yazır, şöbə müdiri üçün hazırlayırdım. Şöbə müdiri mənim hazırladıqlarıma baxıb bəyənmədi:
– Uzun yazmısan!
– Mən yazmamışam müxbirlər yazıblar!
– Sən onlara baxma, bu on iki səhifəlik məktubdan yarım səhifə çıxarsan, bəsdir! Faktın özü kifayətdir. Artıq söz yazma! “Ayın filanında Gədəbəydə yeni tikilmiş klubun rəsmi – guşadı oldu!” – Vəssalam! Belə düzəlt!
Məktublar üzərində mənim çətin işim davam edirdi.
...Oktyabr ayı, pambıq yığımının qızğın vaxtı idi. Redaksiyada “Yaxşı oçerk uğrunda” müsabiqə elan etdilər. Hamı yazdı. Mən də birini yazdım. Müsabiqə materialları hələ saf-çürük edilməmiş, səhər qəzeti açanda iki sütünda çap olunmuş yazımı gördüm: “Qələbənin açarı!” O gün sevincimin həddi-hüdudu yox idi.
Cürətlə deyə bilərəm ki, “Kommunist”dən aldığım ilk vərdişlər mənim üçün çox faydalı təcrübə oldu. Mətbuatda işləmək adamın gözünü açır. Sərvaxt öyrədir. Müasir həyatı, hadisələri diqqətlə və vaxtında izləməyə çağırır. Sözə qənaət etməyə, yazının həcminə yox, kəsərinə fikir verməyə alışdırır. Bu gün yazılan sabah əllərdə oxumağa, qiymətlənməyə adamı həvəsləndirir, həm də tənqidə qulaq asmağa, oxucu səslərini eşitməyə, dünənki səfdən uzaqlaşmağa kömək edir. Adamı tema məhdudluğundan qurtarır.Yadımdadır ki, hər səhər “letuçka” deyilən qısa yığıncaqda günün proqramı, vəzifəsi “əlüstü” təyin olunurdu. Partiya və dövlət qərarları ilə əlaqədar olan bir məsələni mətbuat səhifələrində layiqincə işıqlandırmaq üçün hamı səfərbər kimi birləşib, hərə bir tapşırığı götürüb yerlərə gedirdi. Beş dəqiqə sonra redaksiya az qala boşalırdı.
Səhər qəzet çıxanda, əllərdə gəzəndə isə hər kəs orada öz zəhmətinin nəticəsini görür, iftixar hissi duyurdu. Kollektivizm hissi yaxşı təşkil olunmuş qəzet işində daha güclü olur, aydın görünür.
Qəzet işində gördüyüm yaxşı cəhətlərdən biri də xalq arasında hörmət, nüfuzdur.
Bizim xalq elə tərbiyə olunmuşdur ki, mətbuata, doğrudan da, müqəddəs, həqiqət, ədalət carçısı kimi baxır. Hara gedirsən, kimlə rastlaşırsan, mətbuat nümayəndəsi olduğunu biləndə xüsusi hörmət görürsən. Adamlar ehtiyac və şikayətlərini birinci növbədə sənə deyirlər, sən bunları kommunistə layiq qayğı bilirsənsə, diqqətlə dinləyir, kömək edirsənsə, onlar bunu məhz partiyanın, dövlətin köməyi, qayğısı kimi bilir və bunda yanılmırlar.
Qəzet bu müddətdə bir neçə nəsil mətbuat, ədəbiyyat xadimlərinin tərbiyələnib yetişməsində qayğıkeş, tələbkar bir müəllim vəzifəsini görmüşdür. Güman edirəm ki, hörmətli qəzetimiz şərəfli mübarizə yolunda eyni əzm və inadla irəli gedəcəkdir.
“Kommunist” qəzetinə, onun əməkdaşları və müxbirləri ordusuna müvəffəqiyyət arzu edirəm.
Mir Cəlal PAŞAYEV,
“Kommunist” qəzeti,
1955-ci il, 20 noyabr №275