Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk bildirib ki, miqrantlar müxtəlif üsullarla, şüurlu və məsuliyyətli şəkildə, sistematik olaraq sıxışdırlrsa, bu, “ciddi günah”dır. Məlumatı “Anadolu” yayıb.
Çərşənbə günü Vatikanda ümumi auditoriya zamanı papa Roma dövründə “Mare Nostrum” (“Bizim dəniz”) kimi tanınan Aralıq dənizində qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı mesajlar verib.
Papa Fransisk deyib: “Bir vaxtlar xalqlar və sivilizasiyalar arasında ünsiyyət məkanı olan Dənizimiz bu gün qəbiristanlığa çevrilib və faciə odur ki, bu ölümlərin çoxunun qarşısını almaq və insanları xilas etmək olardı. Aydınlaşdırmaq lazımdır ki, sistemli və müxtəlif yollarla miqrantları geri göndərənlər var və bu, bilərəkdən və məsuliyyətlə həyata keçirilirsə, böyük günahdır”.
“Bizim razılaşa biləcəyimiz bir şey odur ki, bugünkü miqrantlar bu ölümcül dənizlərdə və səhralarda qapalı qalmamalıdırlar. Amma biz bu nəticəni məhdudlaşdırıcı qanunvericilik, sərhədlərin hərbiləşdirilməsi və ya miqrantların geri qaytarılması ilə əldə edə bilmərik. Biz buna miqrantlar üçün təhlükəsiz və müntəzəm marşrutları genişləndirməklə, müharibədən, zorakılıqdan, təqiblərdən və fəlakətlərdən qaçanlara sığınacaq verilməsini asanlaşdırmaqla, insan alveri ilə mübarizə və insan qaçaqmalçılarının qarşısını almaq üçün qüvvələri birləşdirməklə nail olmalıyıq”, - deyə papa bildirib.
Papa miqrantların səhralarda və dənizlərdə ölmələrini peyklər və dronlar dövründə “sivilizasiyanın qəddarlığı” adlandırıb.
Pontifik Aralıq dənizində çoxlu insanın öldüyünü, çoxlu sayda miqrantın öldüyü Lampeduza adasında və Krotone şəhərində baş verən faciələrin də unudulmamasının lazım olduğunu vurğulayıb.
Katoliklərin ruhani lideri, həmçinin polyakları ukraynalı sığınacaq axtaranları qəbul etməyə çağırıb.
O, Fələstin, İsrail, Ukrayna və Myanmada sülh üçün dua edib.
P.ƏMİRCANOV
XQ