Müsahibimiz “Kommunist”in keçmiş şöbə müdiri, ağbirçək jurnalist Tamara Əliyevadır
– Tamara xanım, sizi neçə illərdir ki, tanıyıram. Fədakar və istedadlı qələm əhli olduğunuzu da yaxşı bilirəm. Amma oxucularımız üçün xoş olardı ki, barənizdə bioqrafik bilgiləri öz dilinizdən eşitsinlər...
– Böyük məmnuniyyətlə! Mən Bakı Dövlət Universitetinin İkinci Dünya müharibəsindən sonra açılmış jurnalistika şöbəsinin üçüncü buraxılışının məzunu olmuşam. Bu peşəni seçməyim ilə həmişə fəxr etmişəm. Əlimi ürəyimin başına qoyub tam səmimiyyətlə deyə bilərəm ki, jurnalistka həyatda mənim təkcə peşəm deyil, həm də məsləyimdir, əqidəmdir.
Mətbu sözün cəmiyyətdə rolu həmişə böyük olub. Böyük Həsən bəy Zərdabi deyirdi ki, qəzetin birinci vəzifəsi həqiqəti söyləməkdir. “Kommunist” qəzeti məhz bütün fəaliyyəti boyu bu prinsipə əməl edib, Azərbaycan xalqının milli-mənəvi, əxlaqi dəyərlərinin qorunması, nəsillərdən-nəsillərə keçməsi üçün böyük işlər görüb. Dilimizin saflığının qorunmasında də bu qəzetin danılmaz rolu olub.
Yəni bir əsrdən çox yaşı olan bu qəzet illəri fövtə verməyib. Bu, böyük, gərgin əməyin hesabına ərsəyə gəlib. Qəzetçilik ağır, çətin və məsuliyyətli sənətdir. Burada təkcə istedad azdır, gərək həm də məsuliyyətli olmağı bacarasan. Mən redaksiyada bu dediklərimin hər zaman şahidi olmuşam. Bu, çox qürur duyulası tarixdir!
– “Kommunist”də əmək fəaliyyətinə başladığınız günləri, ilk qələm təcrübələrinizi, yəqin ki xatırlayısınız...
– Həmin günlərin hər bir anı gözlərim önündədir. Mən doğma qəzetdə 1953-cü ildə ilk ali təhsilli jurnalist qadın kimi fəaliyyətə başlamışam. Çox gənc idim. Əlbəttə, çox sevinirdim. Axı o dönəmdə “Kommunist” qəzetində çalışmaq böyük uğur sayılırdı.
Qəzetdə ölkənin ən güclü jurnalistləri çalışırdı. Bir neçəsinin adını xatırlatmasam, olmaz. Qəzetdə Rafael Nağıyev, Firdovsi Zamanov, Sadıq Qarayev, Tofiq Həsənov, Əli İldırımoğlu, Əşrəf Hacıyev və başqalarının imzaları ilə dərc olunan yazıların çoxu respublikanın ictimai-siyasi, mədəni həyatında bir hadisəyə çevrilirdi. Acı təəssüf ki, onların heç biri bu gün həyatda yoxdur. Amma hər biri ilə bağlı çoxlu xatirələrim var.
Mən 35 il fasiləsiz olaraq burada çalışıb, müxtəlif şöbələrdə müxbir, müdir vəzifələrini tutmuşam, ayrı-ayrı illərdə redaksiyanın partiya və həmkarlar təşkilatlarına rəhbərlik etmişəm. Nə gizlədim, özümə və başqalarına qarşı tələbkar idim. Eşitdiyimə görə, bəziləri məni sonralar hətta “dəmir ledi”yə bənzədiblər (gülür).
– Eşitdiyimə görə, bu gün də əksər qəzetləri diqqətlə mütaliə edirsiniz...
– Allaha min şükür ki, gözlərimin nuru itməyib. Ağlım, huşum yerindədir. Oğlum İsgəndər mənə hər gün baş çəkməyə gəlir və hər dəfə özü ilə bir neçə qəzet gətirir. Təbii ki, qəzetlərlə tanışlığıma doğma “Xalq qəzeti”ndən başlayıram. Axı, bu qəzet mənə bir köynək daha yaxındır, əzizdir.
Yeri gəlmişkən, yeni baş redaktor Əflatun Amaşovun rəhbərliyi ilə son vaxtlar qəzetin həm dizaynı, həm də məzmunu xeyli dəyişib, yaxşılaşıb. Qəzetdə mövzu rəngarəngliyi yaranıb. Bir çox yazıları oxumaq mənə xüsusi zövq verir.
– Tamara xanım, “Xalq qəzeti”nin kollektivi tez-tez yada salır...
– Sağ olsunlar. Hər birinizdən yerdən göyə qədər razıyam. 2014-cü ildə, yəni 85 yaşım olanda, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvləri bizə qonaq gəlmişdilər. Əflatun Amaşov o vaxt Mətbuat Şurasının sədri vəzifəsində çalışıırdı. Mənə başçılıq etdiyi qurumun adından hədiyyə də gətirmişdi.
Tanınmış jurnalistlər Yusif Kərimov, Telli Əliyeva, keçmiş iş yoldaşlarım Rafiq Həsənov, Flora Sadıqova, Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İlqar Musaoğlu, Rafiq Salmanov da bizə təşrif buyurmuşdular.
Yadımdar, bir çox qəzetlər bu barədə yazmışdılar ki, ağbirçək jurnalist T.Əliyeva həmkarlarını özü dəmlədiyi plova qonaq edib. Həqiqəti, olanı yazmışdılar.
– Tamara xanım, ailə üzvlərinizin arasında davamçılarınız varmı?
– Qızım Mehriban o gün deyirdi ki, ana, sən jurnalistikada bu qədər əmək, can qoymusan, niyə nəvələrindən heç kəs sənin yolunla getməyib? Dedim ki, eybi yoxdur, nəticələrimdən kimsə mütləq jurnalist peşəsini seçəcək! Əsas odur ki, gənclər xalqa, millətə yararlı insanlar olsunlar.
Qəzetlər haqlı olaraq cəmyyətə təlqin edirlər ki. hər kəs çalışdığı sahədə yüksək peşəkar olmalıdır. Mənə inanın, istedadlı gənc jurnalistlərin hər birini özümə doğma sayıram. İstedadsız adamları isə bu sahəyə buraxmaq olmaz.
Yeri gəlmişkən, “Kommunist” qəzetində istedadı olmayanlar heç vaxt at oynada bilməyiblər! 105 yaşlı qocaman qəzetin böyük uğurunun əsas səbəbi məhz bu idi!
– Sizə bir sirr açım, jurnalist cameəsi payızda sizə qonaq gəlməyə hazırlaşır...
– Çox şad olaram. Qapım da, qəlbim kimi hər birinizin üzünə açıqdır. Yenidən öz əllərimlə gözəl bir plov dəmləyəcəyəm. Əlbəttə, hər şey Allahın lütfündən asılıdır. Sağlıq olsun!
Söhbəti qələmə aldı:
Məsaim HACIXANLI,
XQ