Həyatımın bir parçası

post-img

Mətbuat ruhum, ömür yolumdur. Ən uzunmüddət­li əmək fəaliyyətim indiki “Xalq qəzeti” – keçmiş “Kommunist” qəzeti redaksiyasında olub. Hələ tələbəlik illərimdən bu qəzetdə yazılarım dərc edilirdi. On­lardan biri barədə: Son kurs tələbəsiydik, Dövlət imtaha­nı və diplom müdafiəsinə səylə hazırlaşırdıq. Hər birimizə ayrıca diplom mövzusu təyin edilmişdi. Bu ərəfədə 1969-cu ilin aprelin əvvəlində “Kommunist”də növbəti məqaləm – Cəlilabadın üzüm plantasiyalarından yazdığım reportaj dərc edilmişdi. Həmin gün sevimli müəllimimiz, professor Qulu Xəlilov qrupumuza dərs demək üçün auditoriyaya daxil oldu. 

Qrupumuzun tələbəsi Rəna Həsənovaya, – bu gün “Kommu­nist” qəzetində yaxşı bir reportaj çıxıb. “Tənək ağlamasa vaxtında zar-zar”, – ondan diplom işində istifadə elə, – dedi. (Qulu müəl­lim bu qızın diplom rəhbəri təsdiq olunmuşdu). Başqa bir qrup yol­daşım Telman Rüstəmov dərhal dilləndi: 

– Müəllim, həmin reportajı elə bizim qrup yoldaşımız Rafiq Həsə­nov yazıb, – deyərək məni göstər­di. Qulu müəllim mənə əvvəlkin­dən də mehribanlıqla baxdı.

“Kommunist”də işləmək mə­nim də arzum idi. Əslində, bu arzu hamının ürəyindən keçirdi. Ona görə ki, bu Azərbaycan mət­buatının bayraqdarı idi. Qəzetin ideya-siyasi səviyyəsi yüksək idi və həftənin altı günü hər dəfə ya­rım millyon həddində tirajla nəşr olunurdu. Rəsmi məlumata görə, 1981-ci ildə SSRİ-i respublikala­rında dərc edilən ən yüksək tirajlı gündəlik qəzetlərin siyahısı belə sıralanırdı: Birinci yerdə Kiyevdə çıxan “Pravda Ukraina”nın tirajı 560 min nüsxə idi. İkinci yerdə bizim “Kommunist” qəzeti idi, gündəlik tirajı 468 min nüsxə ... Yerevanda isə ən çox tirajla çap olunan ermənicə “Kommunist”qə­zeti cəmi 52 min nüsxə ilə işıq üzü görürdü.

Respublikanın hər tərəfindən, keçmiş SSRİ-nin müxtəlif yerlə­rindən, xarici ölkələrdən qalaq-qa­laq, on minlərlə məktub alırdı “Kommunist”in redaksiyası. Ayrı­ca müdirin, əməkdaşlar qrupunun çalışdığı Məktublar şöbəsi onları diqqətlə araşdırıb-çeşidləyir, ya dərc olunmaq üçün şöbələrə gön­dərir, ya da, əlaqədar təşkilatlara ünvanlayırdı. Əslində, məktub axınının belə çox olması insanların bu qəzetə inamının göstəricisi idi. 

Məktubların böyük əksəriyyəti yerlərdəki haqsızlıqlardan, qanun pozuntularından, dolanışıq çətin­liklərindən, digər mənfi hallardan bəhs edirdi. Yəni, şikayətçilərin əli hər yerdən üzüləndən sonra, məktubla axırıncı ümid yeri kimi inandıqları–güvəndikləri “Kom­munist”ə pənah gətirirdilər. Çünki “Kommunist” qəzeti radaksiyasın­da müraciətlərə diqqət güclü idi. Yazılanlara-duruma “hər məktub arxasında bir canlı insan durur” amalı ilə yanaşılırdı.

Bir qayda olaraq, dövrünün müxtəlif olay – gündəmləri, həyati əhəmiyyətli qanun və qərarlar bu qəzetdə dərc edilir, ümumxalq mü­zakirəsinə verilirdi. Dövlət idarə­çiliyinin bir vəsiləsinə çevrilmişdi bu mətbu orqan. Hər zaman Azər­baycanla əlaqədar çoxyönümlü məsələlərə dərhal öz münasibətini bildirirdi. Milli dilin saflığı, orfoq­rafiya qaydalarının tənzimlənməsi, bir sıra əcnəbi sözlərin dilimizdə qarşılığının mətbuata çıxarılması uğrunda mübarizədə öncül mövqe­də olub. SSRİ-nin son Konstitusi­yasının layihəsinin müzakirəsində Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili qəbul olunması uğrunda öz səhifələrində hərtərəfli müzakirələr açmışdı.

Bunları yazmaqda məqsədim bildirməkdir ki, bu qəzetin adı “Kommunist” olsa da, amalı-məs­ləki azərbaycançılığa, dövlətə, xalqa sədaqətlə xidmət idi. Bunu belə bir fakt da sübut edir: Qəzetin 10-dan çox şöbəsindən—sənaye, tikinti, nəqliyyat, kənd təsərrü­fatı, elm və təhsil, ədəbiyyat və incəsənət, məktublar və kütləvi iş, xəbərlər, yerli mətbuat, idman, elanlar və sairədən fərqli olaraq adını çəkmədiyin təkcə bir şöbə partiya məsələlərini işıqlandırırdı. Məlun erməni separatçılarının ha­ray-qışqırıq salaraq, uydurma “mi­atsum” iddiaları ilə haqsız canfə­şanlığı başlayanda “Kommunist” Sov.İKP-nin bütün prinsiplərini cəsarətlə ayaqladı. Bakının mərkə­zində gurlayan etiraz mitinqlərini inad-coşqu ilə müntəzəm işıqlan­dırmağa girişdi.

Bütün bunlar sübut etdi ki, par­tiya orqanından daha çox xalqın qəzetidir. Başqa sözlə, “Kommu­nist” partiya mətbuatından daha üstün olaraq, ictimai-siyasi, kütlə­vi, belə deyilməsi caizdirsə, xalqın qəzeti idi. Heç də təsadüfü deyil ki, “Xalq qəzeti” adı ilə fəaliyyəti­ni davam etdirdi.

Belə siqlətinə görəydi ki, bu qəzeti xalq sevirdi. Onu hər yer­də gözləyirdilər. Elm-incəsənət adamları, şair və yazıçılar, icti­mai xadimlər, rəhbər vəzifəlilər müntəzəm olaraq bu qəzetdə çıxış edirdilər. Onun redaksiyasında ça­lışmaq arzusunda olanlar isə say­sız-hesabsızdı. Biri də mən idim. Amma mən gözləmədiyim halda tələbəlik günlərimdən dərhal son­ra başqa bir redaksiyaya göndəril­dim. Naxçıvan diyarında, indiki Şərur, Sədərək, Kəngərli rayon­larını əhatə edən regionda rəsmi “İşıqlı yol” qəzetinə redaktor təyin olundum. Belə təyinat müstəsnə haldır. Nə yaxşı ki, 1970-ci ilin dekabrında arzum çin oldu. “Kom­munist” qəzeti redaksiyasında rəsmən əməkdaş kimi işə qəbul edildim. Bu, belə oldu: Bir neçə ərizəmə əsasən “Başqa işə keçmə­silə əlaqədar olaraq vəzifəsindən azad edilsin” adı ilə “İşıqlı yol” qəzetinin redaktoru vəzifəsindən azad edilib, Bakıya qayıtdım. Ay­rı-ayrı redaktora müraciətim oldu. Hərəsi bir tərzdə şirin vəd verdi. “Kommunist”in redaktoru Ağaba­ba Rzayev isə konkret dedi, – Get Bakı şəhərində pasport qeydiy­yatına düş, gəl səni işə götürüm! Bu müşkül işi həll etmək üçün 10 günə qədər vaxt itirdim. Fəqət, Ağababa müəllim sözündən dön­mədi. “Kommunist” qəzeti redak­siyasında işə düzəlmək istəyində olan çoxsaylı insanların tapşırıq­lara məhəl qoymadan mənim kimi kimsəsizi təmənnasız, tapşırıqsız işə qəbul etdi. 

“Kommunist”in başqa bir re­daktoru Rəşid Mahmudovdan da sonsuz qayğı və etimad gör­müşəm. O, “Kommunist” qəzetinə rəhbərliyə başlayanda ilk təşkilatı addımlarından biri o oldu ki, heç bir tapşırıq, göstəriş, yerliçilik, qohumluq münasibətləri olmadan məni bir çox əməkdaşdan fərqlən­dirdi. Qubaya göndərdi – respubli­kanın şimal rayonları və Sumqayıt şəhəri üzrı zona müxbiri təyin etdi. Bu hadisədən illərlə öncə Rəşid müəllim Azərbaycan KP MK-da işləyəndə məni tələbələr arasından seçib mətbuat tarixində yeganə olaraq birbaşa rayon qəzetinə re­daktor məsləhət görmüş, buna nail olmuşdu. 

Adlarını sadaladığım bu iki mahir, fədakar jurnalistdən sava­yı, Cəmil Əlibəyov, Ramiz Əh­mədov, Tofiq Rüstəmov, onlardan illərlə əvvəl İsrafil Nəzərov, Xa­say Vəzirov, Əli Vəliyev daha bir neçə ictimai-siyasi xadim “Kom­munist”ə cəfakeşlikə redaktorluq ediblər. Cəfakeş ifadəsini ona görə işlədirəm ki, onlar çətin, risqli olsa da, xalq mənafeyini partiya təz­yiqlərinə qurban vermədən qoruya biliblər. İndi dönüb keçmişə nəzər salanda aşkar bəllənir ki, məqsə­di-məramı partiyadan çox doğma xalqına xidmət etmək olub bu re­daktorların. Belələrinin sayəsində “Kommunist” qəzeti dövrünün çoxyönümlü, mürəkkəb, qalmaqal­lı, məşəqqətli zamanında millətin tərəfində durub, imkanı daxilində öz obyektiv, ədalətli sözünü de­yib. Çarə olmayanda haqsızlıqları alqışlamaqdan yan keçməyə yollar arayıb. Xəlqilik, Azərbaycan di­linin saflığı uğrunda fədakarlıqla mübarizə aparıb... Digər mətbuat vasitərindən fərqli təşkilatçılq təd­birləri də keçirib. Onladan birini hələ də xatırlayıram;

1980-ci illərin ortaları idi. Sa­atlı rayon mədəniyyət sarayının tamaşa salonu ağzınacan yerli sakinlərlə dolu idi. Onlar buraya “Kommunist” qəzetinin təklifi ilə təşkil olunmuş “Açıq qapı” tədbi­timə cəmlənmişdilər Səhnədə isə Respublikanın maarif, səhiyyə, kənd təsərrüfatı, əhaliyə məişət xidməti, rabitə, avtomobil nəq­liyyatı nazirliklərinin, Meliorasiya və su təsərrüfatı, arxitektura-layi­hiləndirmə komitələrinin nazir və müavinləri, səlahiyyətli nümayən­dələri əyləşmişdilər. Sakinlər bir-birinin ardıyca söz alıb tənqidi fikirlərini, yerlərdəki çətinlikləri, istək və arzularını, sosial xidmət­lərin yaxşılaşdırılması üsullarını dilə gətirirdilər. Bakıdan təşrif buyurmuş məsul şəxslər hamını dinləyir, sadə insanların suallarını cavablandırır, özləri üçün qeydlər edir, nələrin həyata keçiriləcəyini bəyan edirdilər “Kommunist” qə­zetinin redaktor müavini Rafael Nağıyev, şöbə müdiri Həsən Cab­barzadə və bölgə müxbiri kimi mən hər bir çıxışı, fikiri qeydə alırdıq. Sonradan həmin görüşün təəsüratını, eləcə də rayon rəhbər­lərinin fikirlərini konkretləşdirib doğma qəzetimiz üçün xüsusi sə­hifə hazırladıq. Bu görüşdə söy­lənilənlərin, verilən vədlərin necə icra olunduğunu müntəzəm izlə­dik. Doğrudur, həmin yığıncaqda bəyan edilənlərin hamısına dərhal əməl olunmasa da, bir çoxu real­laşdı,”Kommunist”in həmin təşəb­büsü xeyli səmərəli-faydalı oldu.

Nə yaxşı ki, ömrümün bir par­çası olan bu mübariz qəzeti onun bugünki layiqli sələfi “Xalq qə­zeti” əvəzlədi və hazırda müstəqil dövlətçiliyimizin inkişafına mü­hüm töhfələr verir.

Rafiq HƏSƏNOV,
“Xalq qəzeti”nin sabiq əməkdaşı

Sosial həyat