Dərbənd – Turanın dəmir qapısı

post-img

Mən bu şəhərə ilk dəfə  1984-cü ildə, həmkarlar fəalı, rəhmətlik Allahverdi Əliyevlə köhnə dostlarımızdan birinin toy məclisində iştirak etmək üçün getmişdim. Allahverdi orada əvvəllər dəfələrlə olduğuna görə toydakı adət-ənənələr də onu maraqlandırmırdı, şəhərdəki küçə və meydanların adları da. Valideynləri  Dağıstandan olan Allahverdi az qala hər küçədə bir tanışla görüşür, görüş vaxtı təyin edir, çay süfrəsi sifariş verirdi. Mən isə Dəmir qapı Dərbənddə ilk dəfə olduğuma görə dərsliklərdən öyrəndiyim tarixi abidələrlə “görüşmək” istəyirdim. İnsafən, o da, dost-qohumları da mənim “görüşümə” kifayət qədər  şərait yaratmışdılar. 

Dərbənddə, təxminən, 40 il əvvəl ağsaqqal  bir soydaşımızdan eşitdiyim ifadələr, sanki, ötən həftə olubmuş kimi yadımdadır:

– Adı dillər əzbəri olan nakam bəstəkar Asəf Zeynallını tanıyırsanmı? 

– Bəli. 

– O, bizim Dərbənddəndir.  

– SSRİ Dövlət mükafatı laueratı, Azərbaycanın Xalq rəssamı Ömər Eldarovu tanıyırsanmı?

– Bəli. 

– O, bizim Dərbənddəndir. 

– Azərbaycanın Xalq artisti, “Ad günü”filmindəki Fəridəni, “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin xanımını, “Dədə Qorqud” filmindəki Burla xatını oynayan Şəfiqə Məmmədovanı tanıyırsanmı? 

– Bəli. 

– O da bizim Dərbənddəndir...

... O vaxt məni Dərbənddəki Bayat qapı, Qırxlar, Xanküçə, Peyinlikbaşı məhəllələri və digər yer adları maraqlandırmışdı. Xeyli müddət sonra – Dövlət radiosunda çalışdığım illərdə yenidən bu qədim Azərbaycan şəhərində olanda isə məlumatlarım bir az da genişlənmişdi. Öyrənmişdim ki, şəhərdə  Bayat ucarı, Carçı, Cartəpə (yəqin ki, Cahartəpə), Genküçə, Mikri, Ortatəpə, Yəhudi və Şəhər qapıları adlı məhəllələr (diqqət yetirin, küçələr yox,  məhəllələr) də var. İkinci səfər zamanı öyrəndiyim ən maraqlı məlumatlardan biri isə qədim mayak idi.

Hələ Dərbənddə olarkən öyrənmişdim ki, Qafqaz canişini, general-feldmarşal knyaz Mixail Vorontsov Xəzər dənizində gəmilərin təhlükəsizliyini təmin etmək və və Dərbənddə mayakın inşasını gerçəkləşdirmək məqsədilə qərar qəbul etmiş, obyektin inşasına 1851-ci ildə başlanılmış və  16 yanvar 1853-cü ildə mayak karantin və gömrük postunun gözətçilərinə təhvil verilmişdi.

Doxsanıncı illərdə onu da öyrəndim ki, Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşən Dərbənd Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Sovet dönəmində belə fikirlər səsləndirilmirdi. 

... Hələ çox şeydən başım çıxmadığı illərdə bir neçə ağsaqqaldan, sonra isə atamdan soruşmuşdum ki, Rübabə Muradovanın oxuduğu “Qaragilə” mahnısında nə üçün bizim iki qədim şəhərimizin – Təbriz və Dərbəndin adı çəkilir? Sovet ab-havası gözünün odunu almış  ağsaqqallarımız kimi atam da cavab verə bilməmişdi. Nəinki atam, heç orta məktəb müəllimlərimiz də o sualın cavabını “bilmirdilər”. Getsin o günlər... Xalqın həsrətini ifadə edən o tipli mahnıların müəlliflərinə isə Allah rəhmət eləsin. 

... 2014-cü ildə – Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220  illiyi münasibətilə “Qüdsi əbədiyyəti” adlı kitab tərtib edirdim. O zaman oxumuşdum ki, Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Dərbənd haqqında bu fikirləri yazmışdır: “VIII əsrdən etibarən Dərbəndə xeyli  ərəb köçürülmüş, şəhər  7 məhəlləyə bölünmüşdür. Hər məhəllə tayfası üçün bir məscid tikdirib, onun adı ilə adlandırdı. Xəzər məscidi,  Fələstin məscidi,  Dəməşq məscidi,  Həmməs məscidi, Qeysəriyyə məscidi,  Əlcəzair məscidi,  Mosul məscidi. Bunlardan əlavə, cümə namazı üçün hazırkı Dərbənd Cümə məscidi tikilmişdir”. Bütün bunlara baxmayaraq, XIX əsrin sonlarında Dərbənd şəhərində olan 11 məhəllədən 9-u azərbaycanlı məhəlləsi idi. 

Yəqin ki, diqqətli oxucu məscidlərin adındakı ərəb sözlərini oxuyanda Qafqaz dağlarının Şərq qurtaracağında,  Xəzər dənizinin sahilində yerləşən bu gözəl məkanın hamı tərəfindən sevildiyinin fərqinə vardı. Məhz həmin “sevginin” nəticəsidir ki, ərəblərdən çox sonra Çar Rusiyası, ondan da xeyli sonra Sovet rəhbərliyi əlini bu bu şəhərin üzərindən götürmək istəməyib. 

Xatırladaq ki, Dərbənd  1796-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunmuşdur. Rusiyada tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən, Dərbənd ərazisi 1829-cu ildən əyalətə çevrilmiş,  1840-cı ildə Dərbənd qəzası yaradılmış  və Dərbənd şəhəri qəza mərkəzi olmuşdu. 1846-cı ildə isə Dərbənd quberniyası yaradılmışdı. 

Elektron materiallarda qeyd edilir ki, qədim türklərin istifadə etdiyi Temir Kapuq (yəni “dəmir qapı”) ifadəsi müasir  azərbaycancada çox işlədilən  Dəmirqapı və Dəmirqapı Dərbənd adlarında,  həmçinin şəhərin qumuqca (Темир-къапу) eləcə də,  kabardincə və  çərkəzcə olan (Темыркъалэ, yəni “dəmir qala”) adlarında da yaşayır. Maraqlıdır ki,  şuşalılar öz şəhərlərinə Şuşa yox,  sadəcə Qala dedikləri kimi Dərbəndin yerli azərbaycanlı əhalisi  də öz qədim yaşayış məskənlərinə sadəcə Şəhər deyirlər. 

Bu qədim yaşayış məskənimizin Azərbaycan mədəniyyətinə və ictimai –siyasi fikir tariximizə bəxş etdiyi şəxsiyyətlərə gəlincə isə həmin siyahı  yerli ağsaqqaldan eşidib yuxarıda xatırlatdığımız dörd-beş nəfərlə yekunlaşmır. Həmin siyahıda görün, kimlər var ? Şirvanşah I İbrahim – Şirvanşahların Dərbəndi sülaləsinin banisi, Tuti Bikə –  Quba xanı Fətəli xanın xanımı, Mirzə Kazım bəy –  şərqşünas (Rəştdə doğulsa da, ömrünün ilk çağlarından Dərbənddə yaşamışdır), Sona xanım Tağıyeva –  Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı, mesenat, Hacı Xanməmmədov –  bəstəkar, Asəf Zeynallı –  bəstəkar, Mustafa Nəsirov – general-mayor, Hüseyn Rəsulbəyov – general-leytenant, Tofiq Seyidov – general-mayor, Yusif Vəliyev – aktyor, Şəfiqə Məmmədova – aktrisa, Ömər Eldarov  –  heykəltaraş, Məmmədkazım Ələkbərli – ədəbi tənqidçi və s... 

Yeri gəlmişkən, bu gün Dərbənddə 3 dövlət və bir bələdiyyə teatrı fəaliyyət göstərir. Dövlət Azərbaycan Dram Teatrı, Dövlət Ləzgi Musiqili Dram Teatrı, Dövlət Tabasaran Dram Teatrı və Tat Xalq Teatrı bu qədim şəhərimizin eynilə  paytaxtımız kimi multikulturallığından və tolerantlığından xəbər verir. 

Yeri gəlmişkən, Dərbənddəki Dövlət Azərbaycan Dram Teatrının binasının tamamilə köhnəldiyini və müasir tələblərə cavab vermədiyini nəzərə alan  Azərbaycan Prezidenti İlham Əliyev  2015-ci il avqustun 3-də bu mədəniyyət ocağımız üçün yeni bina tikilməsi barədə sərəncam imzalamış və müvafiq vəsait ayrılmışdır. Həmin teatr artıq yeni binada fəaliyyət göstərir və bu barədə ayrıca qəzet materialı hazırlayacağıq. Teatrın baş rejissoru Sərvər Əliyevin fikrincə, bu gün onların əsas problemi  azərbaycandilli gənc aktyor nəslinin formalaşdırılması  məsələsidir. İnanırıq ki, bu məsələ də öz həllini tapacaq. 

Bu sətirləri baş rejissorun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir fikirlə tamamlamaq istəyirik:  “Tikinti ilə əlaqədar olaraq tamaşalarımızı ayda iki dəfə Dərbənddəki Ləzgi Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiririk”. Yəni, qardaş öz məclisini qardaşının evində qura bilirsə, bu, xoşbəxtlikdir. Həmişə xoşbəxtlikdə olasınız!

İ.QAÇAYEV

 



Sosial həyat