51 il əvvəl qəzetimizdə verilmiş bir yazı bu gün də diqqət çəkir
Söhbət “Kommunist” qəzetinin 11 oktyabr 1973-cü il tarixli 239-cu nömrəsində “Azərinform”un (indiki AZƏRTAC) təqdimatı ilə verilmiş “XXIV Beynəlxalq Astronavtika Konqresində” adlı geniş məqalədən gedir. Xatırladaq ki, ötən il – həmin beynəlxalq tədbirdən 50 il sonra Azərbaycan paytaxtı daha bir möhtəşəm astronavtika konqresinə evsahibliyi etdi.
Qəzetimizin arxivindən məhz bu yazını seçməyimiz təsadüfi deyil. Çünki Bakı bu gün daha möhtəşəm bir beynəlxalq tədbirin astanasındadır. Məlum olduğu kimi, noyabrda ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Prezident İlham Əliyevin fikrincə, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.
İndi haqqında söz açmaq istədiyimiz məqalənin bugünkü reallıqlarla üst-üstə düşdüyünü, mövzunun aktuallığını təsdiqləmək üçün 51 il əvvəl qələmə alınmış yazının ilk cümləsini xatırlatmaq kifayətdir: “Bakıda keçirilən XXIV Beynəlxalq Astronavtika konqresinin proqramında insanı əhatə edən mühitin və Yerin təbii ehtiyatlarının öyrənilməsi üçün kosmik metodlardan istifadə edilməsi problemləri əsas yerlərdən birini tutur”.
Bu cümlə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronavtika Akademiyasının həqiqi üzvü K.Y. Kondratyevin Azərinformun müxbirinə verdiyi müsahibədən götürülmüşdür. Akademik əlavə edir: – Mən hesab edirəm ki, Yer üzündə sülhü qorumaq problemindən sonra ikinci yeri tutan məsələ – ətraf mühit və təbii ehtiyatlar problemi indi də ən mühüm vəzifələrdən biridir.
Diqqət yetirin, ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəvəti ilə Bakıya gəlmiş akademik öncə sülhün vacibliyini vurğulayır, sonra isə ətraf mühitin problemlərini və təbii sərvətlərin öyrənilməsi yollarını.
İndi diqqəti daha bir mühüm fakta yönəldək. Azərbaycan Prezidenti İlham Əliyev də öncə torpaqlarımızın düşmən tapdağından azad edilməsini əsas vəzifə kimi qarşıya qoymuşdu, sonra isə nəinki işğaldan azad edilmiş ərazilərimizin bərbad şəkilə salınmış ekologiyasının bərpasına, hətta regionda və bütün dünyada ekoloji tarazlığın qorunması istiqamətində mühüm addımlar atılmasına nail olmuşdur. Danılmaz faktdır ki, bu gün Azərbaycanın “yaşıl enerji” siyasəti, “yaşıl dünya” strategiyası və “yaşıl iqtisadiyyat” prinsipləri beynəlxalq aləmdə hamı tərəfindən alqışlanır...
Akademik davam edir: – Planetlər miqyasında insanı əhatə edən mühitin vəziyyəti üzərində müşahidə, qlobal təbii ehtiyatların müəyyən edilməsi – yalnız Yerin süni peyklərinin köməyi ilə səmərəli surətdə həyata keçirilə bilən bu işlər getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu, Yer kürəsi əhalisinin sürətlə artması ilə, bəzi ölkələrdə təbii ehtiyatların xeyli azalması ilə, insanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferin və dünya okeanının çirklənməsi nəticəsində ətraf mühitin vəziyyətinin pisləşməsi ilə əlaqədardır.
İndi isə akademikin həmin sözlərindən 51 il sonra hazırlanmış bir hesabata diqqət yönəldək. “Azərkosmos”un Сoğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov “Peyk texnologiyalarından istifadə etməklə iqlim dəyişikliyi ilə bağlı baş vermiş təsirlərin qiymətləndirilməsi və iqlim dəyişikliyinə qarşı aparılan tədbirlərin effektivliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən həyata keçirilmiş monitorinqlərin 2023-cü ildəki (təbii ki, bu ilin hesabatını hazırlamaq hələ mümkün deyil) nəticələrinə dair hazırlanmış hesabat haqqında danışarkən demişdir:
–Kosmik monitorinqin həyata keçirilməsi məqsədilə ölkə üzrə Azersky peyk təsvirləri ilə yanaşı, açıq mənbələrdən də istifadə olunmuşdur. İqlim dəyişikliyinin təsirlərinin monitorinq olunması üçün ətraf mühitin hazırkı vəziyyəti əvvəlki illərlə müqayisəli təhlil edilmiş və qiymətləndirilmişdir. Həmçinin, su ehtiyatlarının ekoloji vəziyyəti, dəyişmə tendensiyasının qiymətləndirilməsi və hidroloji vəziyyətin formalaşmasına təsir edən təbii və antropogen amillər monitorinq olunmuşdur. Daha dolğun nəticələrin əldə olunması məqsədilə kosmik monitorinq 5 istiqamət üzrə aparılmışdır: kriosfer, hidrosfer, litosfer, biosfer və atmosfer.
İndi gəlin, bu faktları əvvəlcə Bakıda keçiriləcək COP29-un gündəliyi ilə müqayisə edək. Kim müqayisə etsə, məramların üst-üstə düşəcəyini görəcək. Sonra isə həmin sənədi 51 il əvvəl qəzetimizdə işıq üzü görmüş müsahibənin tezisləri ilə yanaşı qoyaq. O zaman isə adıçəkilən məqalənin yenidən yada salınmasının mühümlüyünü etiraf edəcək.
Məqalənin sonunda deyilir: “Şübhə yoxdur ki, insanı əhatə edən mühitin və təbii ehtiyatların kosmosdan tədqiq edilməsi probleminin, habelə astronavtikanın digər problemlərinin həllinə yönəldilən beynəlxalq əməkldaşlığın daha da inkişafında, alimlərin və mühəndislərin qüvvələrinin birləşdirilməsində Bakıda keçirilən XXIV beynəlxalq konfrans mühüm rol oynayacaqdır”.
Elə bizdə də şübhə yoxdur ki, bu payızda reallaşdıracağımız COP29 dünya siyasətçiləri və alimləri arasında əməkldaşlığın daha da inkişafında, alimlərin və mühəndislərin qüvvələrinin birləşdirilməsində özünəməxsus rol oynayacaq, Azərbaycana olan inam və etimadın, dövlətimizin nüfuzunun daha da artmasına xidmət edəcək.
Bəli, “Xalq qəzeti” tarixinin hansı səhifəsinə baxırsansa bax, bu məqalə kimi aktuallığını itirməyən çoxsaylı materiallarla rastlaşırsan. Məhz bütün bunlara görə ulu öndər Heydər Əliyev deyirdi ki, “Xalq qəzeti” bütün fəaliyyəti dövründə xalqın yanında olmuş, ona xidmət etmişdir. 105 yaşın mübarək, ana qəzetimiz!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist