AZPROMO 2003-cü ildən fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun bazasında 2021-ci ildə yaradılıb. Agentliyin missiyası respublikamızda qeyri-neft sektorunun inkişafını gerçəkləşdirmək, istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu hədəflərə nail olmaq üçün xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” əsasında xidmət göstərmək və dəstək vermək olub.
AZPROMO tərəfindən ötən müddətdə respublikamızın gerçəkləşdirdiyi ticarət prosesində nəzərə çarpan mövcud çətinliklərin aradan qaldırılması istiqamətində səmərəli tədbirlər həyata keçirilib və bu müstəvidə dövlət-özəl tərəfdaşlığına mühüm önəm verilib.
İndiyədək agentliyin fəaliyyətində ticarətin asanlaşdırılması məqsədilə müxtəlif layihələr həyata keçirilib. Bu məsələyə xüsusi əhəmiyyət verilməsi təsadüfi olmayıb. Çünki BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 2006- ci ildə apardığı araşdırmaya əsasən, bir ticari prosedurun 30-a qədər tərəfi, 40-a yaxın sənədi və 200-ə qədər fərqli məlumat bazası var. Bütün bu məlumatların 70 faizini ən azı bir dəfə yoxlamaq tələb olunur. Bu isə artıq vaxt itkisidir. Dünya Bankının 2010-ci ildə Effektiv Loqistika İndeksi sənədinə görə, beynəlxalq səviyyədə ticarəti asanlaşdıraraq onun həcmini yarıbayarı artırmaqla iqtisadiyyatda 377 milyard dollar (9,7 faiz) məbləğində böyümə əldə etmək mümkündür. Eyni sənəddə qeyd olunan başqa bir məlumatda bildirilir ki, sadəcə gömrük prosedurlarının asanlaşdırılması dünya miqyasında iqtisadiyyatda 33 milyard dollarlıq böyüməni şərtləndirir.
Son illərdə respublikamızın qeyri-neft ixracı sahəsi coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin çoxalması ilə diqqət çəkib. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək tədbirlərİ də ixracın artımını stimullaşdırıb.
Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 10-dan çox ticarət evi fəaliyyət göstərir. Respublikamızın iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu sahədə maraqlarını qorumaq və təmsil etmək məqsədi daşıyan ticarət nümayəndəliklərinin fəaliyyəti də getdikcə genişlənir.
Azərbaycanın iqtisadi-ticarət əlaqələrindən söz düşmüşkən, qeyd edək ki, ölkəmizin hüquqi və fiziki şəxsləri tərəfindən cari ilin 5 ayı ərzində dünyanın 164 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirilib, 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən isə idxal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10924,7 milyon dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7300,7 milyon dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3624,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14 faiz, real ifadədə 22,5 faiz azalaraq 1260,9 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsində ilk beşliyi İtaliya (23,9 faiz), Türkiyə (13,9 faiz), Rusiya (9,4 faiz), Çin (7,2 faiz) və İsrail (5,0 faiz) tamamlayır. İxracda isə 38 faizlə İtaliya, 14,8 faizlə Türkiyə, 8,2 faizlə İsrail, 5,1 faizlə Hindistan, 3,9 faizlə Rusiya yer alıb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Çin, 17,8 faizi Rusiya, 12,6 faizi Türkiyə, 6,1 faizi Avstraliya, 4,4 faizi isə Almaniya ilə aparılmış idxal əməliyyatlarının payına düşüb və bu ölkələr ilk beşlikdə qərarlaşıb.
Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələrin həyata keçirilməsi nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Azərbaycanın ixrac potensialının gücləndirilməsindən danışarkən bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. Bu gün yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir.
Hazırda da bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanaraq aidiyyəti dövlət orqanları ilə müzakirə olunur.
Yeri gəlmişkən, ölkədə ixrac potensialının gücləndirilməsi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya mühüm vəzifə kimi qoyulub. Belə bir vəzifənin gerçəkləşdirilməsinin əsas şərti kimi davamlı və yüksək iqtisadi artıma nail olunması göstərilib.
Buna görə də Milli Prioritetlərə əsaslanaraq hazırda milli iqtisadiyyat şaxələndirilir, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının inkişafı diqqət mərkəzində saxlanılır. İqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməsi, dövlət və özəl əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr gerçəkləşdirilir. Bütün bunlarla bərabər, yeniliyə meyilli özəl sektorda aktivlik daha da canlandırılır, qeyri-neft sektorunun maliyyələşməsində bu sahənin payı artırılır.