Azyaşlıların beyni rezin şar deyil

post-img

Uşaqların zehni inkişafı fiziki imkana uyğun olmalıdır

Hazırda əksər valideyinlər hazırlıq məqsədilə azyaşlı uşaqlarını bir qayda olaraq məktəbəqədər kurslara aparırlar. Ödənişli əsaslı bu kurslarda səhər saatlarında başlayan dərslər günorta saat 3-ə, 4-ə qədər davam edir. Bundan sonra uşaqlar şahmat, rəqs kimi dərnəklərə, hətta əlavə hazırlığa belə gedirlər. Bu hal gündəlik, bəzən isə şənbə, hətta bazar günlərində də davam edir. Uşaqların belə “zehni yüklənməsi” onların gələcək inkişafına təsir prizmasından prinsipial maraq doğurur.  Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru Musa Qəniyevdən bu cür yanaşmanın uşaqların fiziki-zehni inkişafı və sağlamlığına təsirini tibbi aspektdən təhlil etməsini xahiş etdik. Professor çox vacib məsələyə toxunduğumuzu bildirib dedi:

– Uşaqlarda beyin qabığının formalaşması fonunda ilkin yaddaş təfəkkürü 3–5 yaş arasında yaranır, intellekt indeksi isə 9–12 yaşa qədər yüksələn xətt üzrə gedir. Hətta 6 yaşın tamamında belə, düşüncə təfəkkürü və sosiallaşma hələ formalaşma mərhələsində olur. Odur ki, inkişafda olan uşaq beyininin hədsiz yüklənməsi ciddi fəsadlara yol aça və beyin strukturlarının inkişaf dinamizmini poza bilər. Çünki baş beyinin energetik potensialı məhduddur. Hansısa bir psixi funksiyanın daha çox inkişafına tələbatdan artıq enerji sərf edilirsə, bu halda digərinin tam gücü ilə işləməsi və inkişafında “balans uyğunsuzluğu” yaranır. Sadə dildə desək, məlum tapşırığı yerinə yetirməyə məsul beyin strukturu, bioenerjini digər beyin strukturlarından “oğurlayır”. Məsələn, 3 yaşlı uşağa oxumağı və yazmağı öyrətdikdə, beyin yarımkürələrinə çox böyük yük düşür və enerji həmin hissəyə istiqamətlənir. Halbuki, fizioloji inkişaf baxımından bu yaşda enerji sensemotor və emosional intellektin inkişafına istiqamətlənməlidir. Odur ki, uşaq oxumağı öyrənir, lakin digər, məsələn, emosional vərdişlərin inkişafı ləngiyir və ya tamamilə dayanır. Bu ilkin mərhələdə müşahidə edilməsə də, sonrakı yaş dövründə özünü diqqət zəifliyi, görmə-hərəki koordinasiyanın pisləşməsi, fiziki aktivliyin azalması və s. kimi əlamətlərlə göstərir.

– Beyinin yüklənməsi uşaqlarda daha hansı dəyişikliklərə səbəb olur?

– Belə uşaqlar idmanı sevmir, cəld hərəkətlərə meyilli olmur, sensemotor inkişafda ləngimə, diqqət zəifliyi və hiperaktivlik müşahidə edilir. Hətta yetkinlik yaşına çatanda belə, onlarda inkişaf mexanizmi tam formalaşmır. Zehni inkişafları yüksək səviyyədə olsa da, ən sadə, qeyri-standart məsələlərin həlli (özünə qulluq, adi çətinlikdən baş çıxarmaq və s.) onların kompetensiyası xaricində olur. 3–4 yaşa qədər oxu vərdişinin əsasını təşkil edən görmə və hərf işarələrini fərqləndirmək yaddaşı tam formalaşmadığından, qeyri-effektiv oxu mexanizmi yarana və saxlanıla bilir. Birincili uşaqlıq (3–6 yaş) yaş dövrünün ilk illərində baş beyinin həddən artıq yüklənməsi, beyinin plastikliyinin azalması, yuxu ritminin pozulması, laqonevroz və enurez kimi ciddi fəsadlara zəmin yarada bilər. Xatırlatmaq istəyirəm ki, məktəbəqədər yaş qrupunda olan uşaqlar arasında tez-tez xəstələnmə hallarının baş verməsinin əsas səbəblərindən biri yox, birincisi, uşaqların beyininin yaşlarına uyğun olmayan, hədsiz yüklənməsilə əlaqədardır.

– Professor, sizin fikrinizcə, uşaqların məktəbə gedənə qədər yazıb-oxumağı öyrənməsinə ehtiyac yoxdur?

– Yoxdur demirəm. Beyini yersiz və zamansız yükləmək lazım deyil. Deyirəm ki, “uşaqları məktəbə hazırlamağın ən yaxşı yolu, məktəbdə öyrədiləcəyini məktəbəqədər öyrətmək lazımdır” – fikri tamamilə yanlış və əsassızdır. 

Sualınıza cavab olaraq bildirirəm: Bəli, uşağı məktəbə hazırlamaq lazımdır, lakin oxumaq, yazmaq, riyazi bilik kimi mürəkkəb vərdişlərin 5 yaşından sonra, tələsmədən, tədricən və mərhələli şəkildə öyrədilməsi şərtilə. Uşaqlar fərqli düşüncə və intellektə malikdirlər. Əgər uşaq daha erkən yaşda oxumaq və yazmaq kimi vərdişlərə maraq göstərərsə, buna mane olmaq da lazım deyil. Sadəcə onun inkişafının yaşa uyğun tənzimlənməsinə çalışmaq lazımdır. Yalnız bu halda, baş beyin strukturlarının dinamik inkişafı və formalaşması baş verir. İlkin məktəb yaş dövründə isə uşaq akademik vərdişləri daha rahat başa düşür, fəsadsız qəbul edir. 

– Uşaqlarını bəzən tanışları ilə bəhsə düşüb erkən, 3–4 yaşdan hazırlıq kurslarına, 5–6 yaşdan məktəbə aparan gənc ailələrə tövsiyəniz.

– Unutmaq olmaz ki, beyinin çəki və həcm ölçülərinin sürətli inkişafı, eləcə də beyin strukturlarının tənzim və əlaqə mexanizmlərində vəhdət halı uşaq 6,5–7 yaş dövrünə çatdıqda tamamlanır. Yalnız bu yaşda uşaq fizioloji, intellektual və psixoloji baxımdan yeni yaşam mərhələsinə hazır olur. 1-ci sinfə getməyin ən optimal dövrü 6,5–8 yaş hesab olunur. Bu, elmi təsdiqini tapmış sübutlu məntiqdir.

Mən bu fikirləri həm də, hazırda bütün dünyada təsdiqlənmiş “Kiçik və məktəbəqədər yaş qrupunda olan uşaqlara oxumaq, yazmaq, riyaziyyat və s. kimi vərdişlərin aşılanması yaxşı heç bir şey vəd etmir” konsensusunu gənc ailələrə xatırlatmaq üçün deyirəm. Onlar başa düşməlidirlər ki, uşağın beyini ağ vərəqdir, nə desən götürəcək. Amma zaman keçdikcə bu, uşaqlarda beyinin yüklənməsinə və onun nəticəsində yaranan zehni yorğunluğa və əsəbiliyə gətirib çıxaracaq. Müşahidələrimizə əsasən deyə bilərəm ki, belə uşaqlarda bəzən, hətta, oxumağa meyil azalır, idmandan uzaqlaşma, yorğunluq halları baş verir, həvəssis olurlar.

Professorun fikirlərinə əlavə olaraq digər mütəxəssisləri – ibtidai sinif müəllimi Ülviyə Namazovanı və pediatr Gültəkin Əsgərovanı da dinlədik. Onlar bildirdilər  ki, kiçik yaşlı uşaqların beyinini yükləyəndə beyinə gedən qanın sürəti azalır. Körpə uşağın 4–5 yaşından tez hazırlığa getməsi, 5–6 yaşından isə məktəbə göndərilməsi o uşağa qarşı qanunsuzluqdur. Onların həmin yaş həyatına müdaxilədir. Uşağın barmaqlarının incə iş görməsi üçün, yaxud qələm tutması, yazı yazması üçün onun xırda barmaq əzələləri 7 yaşına ancaq formalaşır. Ona görə uşaqlar 7 yaşında məktəbə getməlidir. Amma biz onları məcbur edirik ki, 5 yaşından onlara uyğun olmayan proqramı mənimsəsin. Bu, onlara xeyirdən çox zərər verər. Axı uşaq həmin dövrdə nə fiziki, nə də zehni cəhətdən bu proseslərə hazır olmur. 

Z.BƏŞİRQIZI 
XQ

 

Sosial həyat