Kompüter mühəndisliyini zənginləşdirmiş soydaşımız

post-img

Novruz Allahverdi – Allahverdiyev Novruz Muxtar oğlu Azərbaycan elminin dünyaya tanıdılmasında xidməti olan alimlərdən idi. Ötən əsrin 70-ci illərinin sonlarında onun layihələndirdiyi hiperkub şəklindəki çoxmikropressorlu hesablama sistemi amerika alimlərinin diqqətini cəlb edib, 1983-cü ildən ABŞ-da istehsal edilən analoji sistemlərdə alimin bu tədqiqatından istifadə olunub.

Dərin zəka sahibi olan soydaşımız ABŞ, Fransa, Almaniya, İtaliya, Bolqarıstan və digər xarici ölkələrdə  keçirilmiş beynəlxalq miqyaslı elmi konfrans və simpoziumlarda, eləcə də Avropa Birliyinin bir sıra layihələrində iştirak edib. Süni intellektin müxtəlif sahələrində, qeyri-səlis ekspert sistemlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı olan elmi işləri həyata vəsiqə alıb və müxtəlif sahələrdə müvəffəqiyyətlə tətbiq olunub. 

Keçən əsrin 90-cı illərində kompüter mühəndisliyi üzrə tanınmış professor kimi Novruz Allahverdi ilə qardaş Türkiyədə də maraqlanıblar. 1992-ci ildə Səlcuq Universitetindən rəsmi dəvət alıb, ailəsi ilə birgə daimi yaşamaq üçün Konya   şəhərinə köçüb. Ömrünün son illərində Konyadakı Karatay Universitetinin “Kompüter mühəndisliyi” kafedrasının müdiri olub.

1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində doğulan Novruz Allahverdi 1966-cı ildə orta məktəbi gümüş medalla bitirmiş, Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Riyazi-həlledici cihazlar və qurğular” (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil (1966–1971) almışdır. Daha sonra 1976–1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir, “Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi” mövzusunda dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992–2000), professor (2000–2015) vəzifələrini tutmuşdur. 

2006-cı ildən Səlcuq Universiteti Senatında fakültə təmsilçisi olan həmyerlimiz texnologiya fakültəsində kompüter təhsili üzrə müəllim-mütəxəssislər hazırlayan kafedrasını, sonra isə kompüter mühəndisliyi kafedrasını yaratmış və onlara rəhbərlik etmişdir.

N.Allahverdi 36 gəncə kompüter elmləri üzrə magistr və fəlsəfə doktoru dərəcələrini almaq üçün elmi rəhbərlik edib. Səlcuq Universitetində işlədiyi illərdə regionlararası və beynəlxalq miqyaslı bir çox elmi və texniki layihələrin rəhbəri olub. O, prosessorların və çoxprosessorlu paralel hesablama sistemlərinin layihələndirilməsi, distant təhsil problemləri, habelə süni intellekt problemlərini araşdırıb. Son illərdəki elmi fəaliyyətində onu tibbdə və avtomatlaşdırmada qeyri-səlis məntiqin, süni neytron şəbəkələrinin və digər süni intellekt metodlarının tətbiqi problemləri daha çox maraqlandırırdı.

Elmi fəaliyyəti dövründə Novruz Allahverdi 10 kitabın (onlardan 4-ü Türkiyədə nəşr edilib) və əsasən SCI sistemində olan beynəlxalq miqyaslı elmi jurnallarda yayımlanmış bir çox elmi məqalənin müəllifi olub. Onun, ümumilikdə, 200-ə yaxın elmi məqaləsi beynəlxalq statuslu elmi jurnallarda dərc edilib. “Google Scholar” beynəlxalq bazasının hesabatlarına görə Novruz Allahverdinin elmi işlərinə 2500-ə qədər istinad olub.

Dünya elminə töhfələri və miras qoyduğu zəngin irsi ilə yaddaşlarda qalan Novruz Allahverdi 2023-cü ildə vəfat edib. Tanınmış alim öz vəsiyyətinə uyğun olaraq yaşadığı Konya şəhərində “Yazır” qəbiristanlığında torpağa tapşırılıb.

Namiq Qədimoğlu 
XQ

 

Sosial həyat