Cəmiyyətin və iqtisadiyyatın “yaşıllaşdırılması” son illərin inkişaf tendensiyalarında xüsusi yer tutur. Ölkəmizdə bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir, müəssisələrdə “yaşıl texnologiya”ların tətbiqinə mühüm önəm verilir. “Yaşıl iqtisadiyyat”ın formalaşmasında təbii ehtiyatlardan səmərəli istifadə məsələləri diqqət mərkəzində saxlanılır. Bundan başqa, innovativ iqtisadiyyatın “yaşıllaşdırılması” prosesləri və inkişaf problemlərinin həlli önə çəkilir. İqtisadiyyatın İKT əsasında “yaşıllaşdırılması” üzrə potensial istiqamətlər müəyyənləşdirilir.
ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev söhbət zamanı bütün bu məqamlarla bağlı dedi:
– “Yaşıl iqtisadiyyat”ın formalaşması konsepsiyası resursyönümlü iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, “yaşıl texnologiya”lar və s. kimi bir çox sahələri özündə birləşdirir. Klasik mənada “yaşıl iqtisadiyyat” konsepsiyasına əks olan qəhvəyi iqtisadiyyat da var. Burada isə təbii maddi resurslardan daha çox istifadəyə, aşağı enerji səmərəliliyinə, tükənən enerji mənbələrindən asılılığa və yüksək dərəcədə iqlim riskinə əsaslanmalar daha üstün mövqeyə malikdir.
Ötən onilliklər ərzində bəşəriyyət tərəfindən qəhvəyi iqtisadiyyat prinsipləri əsasında bir çox yeni sərvətlər yaradılıb. Buna baxmayaraq, məlumdur ki, iqtisadiyyatın dayanıqlı inkişafı üçün iqtisadi proseslərin “yaşıllaşdırılması” zəruridir.
Hazırda dünyada “yaşıl” yönümlü yeni iqtisadi inkişaf modelinin yaranması əlamətləri daha çox müşahidə olunur. Qlobal iqtisadi böhran da “yaşıl iqtisadiyyat”ın formalaşmasını daha da sürətli və zəruri edir. Artıq bir çox dövlətlər tərəfindən hazırlanmış antiböhran proqramlarında ekoloji komponent əhəmiyyətli yerlərdən birini tutur.
Təsadüfi deyildir ki, bəşəriyyətin müasir dövrdə üzləşdiyi ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün yeni “yaşıl yanaşma”lardan və idarəetmə mexanizmlərindən istifadə olunmaqdadır. Ona görə də hesab olunur ki, “yaşıl əmək” fəaliyyəti, “yaşıl iqtisadiyyat”, “yaşıl istehsal”, “yaşıl təhsil”, “yaşıl idarəetmə”, “yaşıl təfəkkür” və “yaşıl həyat” tərzi gələcək həyatımızın əsas komponentlərinə çevrilməlidir.
“Yaşıl iqtisadi” sistemə keçid, əsasən, 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ son onillikləri və müasir dövrə kimi olan zamanı əhatə edir ki, bura insanların maariflənməsi və insan kapitalının inkişafı kimi tədbirlər daxildir. İkinci mərhələdə müasir dövr və yaxın perspektiv nəzərdə tutulur. Burada “yaşıl iqtisadi sistem”in elementlərinin formalaşdırılması reallaşdırılır. Üçüncü, sonuncu mərhələdə isə 2030–2050-ci illər əhatə olunur. Bu dövrdə artıq “yaşıl iqtisadi sistem”in gerçəkləşdirilməsi öz nəticəsini verir və davamlı inkişaf təmin edilir.
“Yaşıl transformasiya”ların və texnologiyaların geniş tətbiqində, başqa sözlə, “yaşıl cəmiyyət”ə və iqtisadiyyata keçiddə beynəlxalq əməkdaşlığın və yardımın rolu böyükdür. Belə ki, beynəlxalq ekoloji razılaşmalar “yaşıl cəmiyyət”ə və iqtisadiyyata keçidi asanlaşdırır və stimullaşdırır.
Qlobal ekoloji problemlərin həllində və iqtisadi fəaliyyətin ekolojiləşdirilməsində çoxtərəfli ekoloji razılaşmalar əhəmiyyətli rol oynaya bilər. BMT-nin müvafiq sahə üzrə, o cümlədən iqlim dəyişikliyi haqqında konvensiyaları da “yaşıl iqtisadiyyat”a keçid prosesinə bütün beynəlxalq ekoloji razılaşmalardan daha böyük təsir göstərə bilər.
Bir çox ölkələrdə iqtisadi artım daha çox təbii resursların (torpaq, su, meşə, enerji mənbələri, müxtəlif faydalı qazıntılar və s.) istismarına əsaslanıb. Ona görə də təbii resursların məhdud ehtiyatları müasir iqtisadi tendensiyaların saxlanılması ilə planet əhalisinin rifahının davamlı inkişafını reallaşdıra bilmir. BMT ekspertlərinin qeyd etdikləri kimi, ekoloji çatışmazlıq və sosial ədalətsizlik kimi xüsusiyyətlərə malik iqtisadi model “yaşıl iqtisadiyyat”dan olduqca uzaqdır. “Yaşıl iqtisadiyyat”a keçid üçün iqtisadi aktivlik mənbəyi kimi təbii resursların qorunması və artırılması, onun istifadəsinin səmərəliliyinin yüksəldilməsi, funksiyalarının dəstəklənməsi və gələcək nəsillər üçün saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Ətraf mühitin mühafizə edilməsində, cəmiyyətin “yaşıl texnologiya”lardan daha effektiv istifadəsinə nail olunmasında “yaşıl ekosistem”lərin və onlar tərəfindən göstərilən xidmətlərin qorunması “yaşıl iqtisadiyyat”ın prioritet istiqamətidir. Beynəlxalq iqtisadiyyatda bu xidmətlər tez-tez dünya üçün yeni olan “ekosistem xidmətləri üçün ödənişlər”, “ekoloji donor”, “kompensasiya mexanizmi”, “təbiətə mübadiləyə görə borclar” kimi iqtisadi-ekoloji mexanizmlərlə əlaqələndirilir.
Bir sıra fundamental beynəlxalq tədqiqatlar da ekoxidmətlər iqtisadiyyatına həsr olunub. Ekosistem xidmətlərinin iqtisadi praktikaya, o cümlədən maliyyə sektoruna daxil edilməsi üzrə tətbiqi işləmələr də artıq diqqətdə saxlanılıb. Belə işləmələr, təhlillər və müvafiq idarəetmə qərarlarının qəbulu müasir elmi-texnoloji üsulların tətbiqi ilə aparılan analitik təhlillərə əsaslanılıb.
Beləliklə, gələcək nəsillərin maraqlarına xidmət edən davamlı və uzunmüddətli inkişaf yalnız “yaşıl elmi-texnoloji prinsiplər” əsasında vətəndaşların, o cümlədən müvafiq mütəxəssislərin hazırlanması şəraitində gerçəkləşdirilə bilər.
Söhbəti hazırladı:
Vaqif BAYRAMOV
XQ