Məhşər qızı cənnətə qovuşdu

post-img

Ozü qayıda bilməsə də, ruhu artıq doğma Xocalıda dolaşır

“Qaranlıq zindanın içində, günəşin işığını unutmuşduq. Bizə yalnız acı, soyuq və əzab qalmışdı. Bu işıqsız dünyada insan ruhunun necə sınacağını hiss etmək ölməkdən betər idi”. Bu sətirlər Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabındandır. Dünən eşitdiyimiz ağır xəbərdən hamımız sarsıldıq. Xocalı soyqırımı zamanı 8 gün erməni girovluğunda bu dünyanın cəhənnəmini görmüş Dürdanə Ağayeva elə ağlagəlməz işgəncələrdən aldığı cismani-fiziki zərbələrin uzun sürən fəsadları ilə mübarizə apararaq işıqlı həyatla vidalaşdı. “Xərçəng” dediyimiz əlacsız bəla, əslində, 3 il əvvəl  erməni işgəncələri ilə onun varlığına hopmuşdu. 

Dürdanənin haqq dünyasına qovuşması xəbərini eşidəndə, onunla bağlı bir videonu xatırladım. Həvəskar çəkiliş idi. Hansısa tədbirdə Dürdanə danışır, məclisdəkilər gözlərində dəhşət və utancla onu dinləyirdilər. Deyirdi: “Xocalı faciəsində özümü kişilərdən də güclü gördüm. Fevralın sonu, ya martın əvvəli idi. Məni 5 erməni təpiklə döydükdən sonra nəbzimi yoxlayıb, ölü hesab edib küçəyə zibilliyə atıblar. Orada 8–10 saat qalmışam. Sonra Allahın mərhəmətindən özümə gəlmişəm. Huşum başımda, ağlım, yaddaşım itməmişdi, amma gözümü aça bilmirdim. Bu günümüzə şükür edək ki, görürük. Baş barmağımı ağzımda isladıb  bir-birinə yapışan kipriklərimi açmağa çalışmışam. Bu proses, bəlkə də, 1 saat çəkib. Kipriklərim aralanıb və mən işartı görmüşəm. Bir erməni qadının qalın hörüyümdən tutub məni zibillikdən sürüyüb yerə saldığını, sonra aparıb kameraya atdığını da yaxşı xatırlayıram. Divarlar nəm, döşəmə beton və su, hava soyuq”. 

Bu dəhşətli açıqlamaya qulaq verdikcə, həm dəhşətə gəlib, həm də qürur duymuşdum ki, Allahım, necə güclü qadınlarımız var. Deyirdi xərçəng mənə nə edəcək? Ölüm haqqdır. Amma olmazın işgəncələr görən qadının bu dünyaya belə ağrı-acı ilə vida etməsinə daha çox təsirlənirik. Arzuları vardı, söyləmədikləri qaldı... Qızının xoşbəxt anlarına doyunca şahidlik edəmmədi. Amma buna da şükür, heç olmasa nəvəsini gördü. Qızının ana sevincinə qoşuldu. Güclü, o qədər də yaralı- sitəmli qadının, bu nə tale idi, bəxtinə yazılmışdı?! 

Xocalılıların yaşadığı acıları, ağrıları, iztirabları, işgəncələri Dürdanənin kədərli simasında görməmək mümkün deyildi. Bunun nəticəsi idi ki, həmin günlərin stressi, həyəcanı və qorxusu vaxtsız xəstəliyə çevrilib vəziyyətini ağırlaşdırdı... Nəhayət, onu doğmalarından və bizdən ayırdı. “Kaş ki” deməklə nə gedənlər qayıdır, nə də ötənlər geri dönür. Təəssüf, çox təəssüf...

Dürdanə Xocalı dəhşətini bütün iliklərinə qədər yaşamış bir fələkzadəsi idi. ­Xocalı qətliamında – ermənilərin əsir götürdüyü yüzlərlə qız-gəlin arasında 20 yaşlı Dürdanə Ağayeva da olmuşdu. Düz 8 gün həyatının cəhənnəmini yaşayan qız Allahdan ölüm diləmişdi. Amma onun qismətində yaşamaq varmış. Sağ qalıb, erməni vəhşiliyini dünyaya car çəkmək, Xocalının azadlığını, baş meydanda Azərbaycan bayrağının dalğalandığını görmək üçün Tanrıdan möhlət diləmişdi. 

Qiyamətin Xocalıya endiyi o məhşər günlərində  Milli Qəhrəman Allahverdi Bağırovun erməni qaniçənləri ilə danışığa girib əsirlikdən azad etdiyi 60 qadının içərisində Dürdanə Ağayeva da var idi. Söhbətlərində bunu həmişə dilinə gətirib ona rəhmət oxuyurdu. Hətta Ağdam işğaldan azad ediləndən sonra vəfa borcu kimi gedib Allahverdi Bağırovun  dağıdılmış məzarını da ziyarət etmişdi.

O, 1972-ci ildə doğulmuşdu. 1989-cu ildən Xocalı Telefon Qovşağında telefonçu işləyirdi. Xocalı faciəsindən 10 gün əvvəl telefona bir zəng gəlir. Ermənilərdən biri təhqir dolu ifadə ilə “filan xocalılıları qıracağıq”, – deyib dəstəyi asır. Həmin zəngdən qorxub ağlayan Dürdanə anasına “ermənilər bizi hədələyir” – deyir. O, bu barədə Milli Qəhrəman, Xocalı aeroportunun rəisi Əlif Hacıyevə də bildirir. Həm anası, həm də Ə.Hacıyev bunun, sadəcə, hədə olduğunu, ermənidə o cəsarətin olmadığını deyirlər. 

Təəssüf ki, həmin erməni deyən olur. Xocalı hadisəsinin baş verməsinə səbəblər çox idi. O vaxt ölkəmizdə hakimiyət üstündə gedən dava baş qatmışdı. Həm də ermənilərin belə amansızlıqla xalqımıza divan tutacağını kimsə ağlına gətirmirdi. Sonradan Serj Sərkisyan da bu barədə demişdi ki, azərbaycanlılar  bizim belə addım atacağımızı gözləmirdi.  Sən demə, bu toplum insanlıq simasını sonadək itiribmiş.

Dürdanə deyirdi ki, hər il fevralın 25-indən 26-na keçən gecə, demək olar ki, “havalanıram”. 20 yaşında əsir düşən, dəhşətli işgəncələr görən qız nə danışaydı? Ağrı-acılar danışılası, sözlə ifadə ediləsi idimi? Allah namərdlərin bəlasını versin. Necə ki, verdi. Əsirlikdə olduğu 8 gün hər an Allahdan ölüm diləmişdi, 3 dəfə özünə qəsd etmişdi. Gəlib-gedəndən övlad soraqlayan anasının duaları Tanrıya çatmışdı... 

İnsanın illər sonra danışsa da deyə bilmədikləri də çox olur. Elə yaşananlar var ki, insan onu dilə gətirə, unuda bilmir. Amma, sonra düşünür ki, başına gələn faciəni danışmırsa, özünə yox, millətinə xəyanət edir və yaxud ermənilərin cinayətlərini gizlədir. Buna görə də o, danışmağa qərar verir. Ermənilərin iyrəncliyini, köməksiz qadınlara qarşı rəzalətini dünyaya yaymaq, onların, əslində, kim olduğunu tanıtmaq üçün danışır.

 Amma ürək də süfrə deyil, hər yetənə açasan. O, ürəyindəki nisgili, ağrını həmişə yalnız həyat yoldaşı ilə bölüşüb. Nə biləydi ki, o da Dürdanəni tez tərk edəcək.  İlhamla əl-ələ tutub, qərar verməyənə qədər ailə barədə düşünməyib. Fikirləşib ki, hansısa oğlanla ailə qursa, söz-söhbət düşəndə bircə dəfə “sən əsirlikdən çıxmısan”– desə, ürəyi partlayar. Allah böyükdür– onun rastına  İlham kimi mərd oğlan çıxardı. Həyat yoldaşını ikinci Allahı bilən Dürdanə bir qız övladı, bir nəvə ilə mükafatlandırıldı.

Xocalının işğaldan azad edildiyini görən, lakin doğma yurda qayıdıb orada yaşaya bilməyən, dərdi vücudundan böyük qadın, rahat uyu. Sənin və sənin kimi minlərlə işgəncə qurbanının qisası, cəhənnəmə döndərilmiş Qarabağın intiqamı, insanlıq qənimi olduqlarını çağdaş dünyaya utanmadan nümayiş etdirmiş vəhşi erməni quldurlarından artıqlaması ilə alındı. Sənin övladın, nəvən bu yurda əmanətdir! Sən cəhənnəmi bu dünyada yaşadın, məkanın, əlbəttə ki, cənnətdir.  Bu dünyanı sənə dar edənlərin Yaradan qarşısında cavab verməyi isə daha ağır olacaq. Dostlarının, səni tanıyanların, doğmalarının qəlbində cəsur və güclü qadın kimi həmişə xatırlanacaqsan. 

Allah rəhmət eləsin!

Zərifə HÜSEYNOVA
XQ

 



Sosial həyat