Narkomaniya faciəyə aparan ictimai və sosial bəladır

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi “İctimai və sosial bəla: narkomaniya!” layihəsi çərçivəsində tədbir keçirib.

Qərbi Azərbaycan İcmasının Sumqa­yıt şəhəri üzrə nümayəndəliyində təşkil edilən görüşdə ictimai birliyin sədr müa­vini, layihənin rəhbəri Telman Məmmədov narkomaniya ilə mübarizə çərçivəsində təmsil etdiyi təşkilatın təşəbbüs və ideya­larını dəstəklədiyinə görə, QHT-na Dövlət Dəstəyi Agentliyinin və Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü bildi­rib. Əlavə edib ki, agentlik hər il elan et­diyi müsabiqələrdə “ağ ölüm”lə mübarizə mövzularına xüsusi həssaslıqla yanaşır. 

T.Məmmədov tədbirin keçirilməsi üçün Sumqayıt şəhərinin təsadüfi seçilmə­diyini diqqətə çatdırıb. Bildirib ki, şəhər üzrə son statistik göstəricilər qənaətbəxş deyil. Məsələn, 2022-ci il üzrə narkotik­lərlə bağlı Narkomanlığa və Narkotik va­sitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mü­barizə üzrə Dövlət Komissiyasından alınan məlumata görə, təkcə Sumqayıt şəhəri üzrə 2832 cinayət faktı qeydə alınıb. Bu bəla ilə mübarizədə cəmiyyətin səfərbər olmasını vacib sayan layihə rəhbəri nəzərə çatdı­rıb ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün böyük təhlükədir. Narkotik maddələrin qəbul edilməsi ilə in­san fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkoman­lıq artır, sosial münasibətlərə mənfi təsir göstərir.

Narkomaniya ilə mübarizə çərçivəsin­də əsasən gənclərlə maarifləndirmə işinin aparılmasını vacib sayan Sumqayıt şəhəri polis idarəsinin İctimai Təhlükəsizlik şö­bəsinin Yetkin Yaşa Çatmayanlarla Pro­filaktik işin təşkili şöbəsinin rəisi, polis mayoru Azər Bağırov narkotik vasitələ­rin təsnifatına, hər keçən il çeşidlənən növünə aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan gənci zərərli vərdişlərin qurbanı deyil, Qarabağ boyda problemin həllində iştirak etmiş fədailəridir. Sumqa­yıt ərazisində törədilən cinayət işlərinin, oğurluq hadisələrinin çoxunda narkoman­ların iştirak etdiyini söyləyən şöbə rəisi xa­tırladıb ki, bu problemlərdən xilas olmaq üçün vətəndaşlar da səy göstərməli, bu faciə yaradan məsələyə qarşı etinasız qal­mamalıdılar. Ölkəyə narkotik vasitələrin əsasən, İrandan keçirildiyini vurğulayan polis mayoru nəzərə çatdırıb ki, bütün hal­larda Sumqayıtda bu problemin neytrallaş­dırılması üçün lazımı qabaqlayıcı addımlar atılır.

Sumqayıt şəhər Narkoloji dispanse­rinin şöbə müdiri, həkim narkoloq Vüsal Cabbarov da “ağ ölüm”ün təhlükələrindən söz açıb. Onun sözlərinə görə, texniki im­kanların genişlənməsi narkotik vasitələrin növünün artmasına təkan verib. Bu isə, öz növbəsində zərərli vərdişlərlə mübarizə­də ciddi çətinliklər yaradır, tibb yetərincə yüklənir, həkimlər bəzən aciz qalırlar. O, sonra tədbir iştirakçılarına insanlar arasın­da narkomanları davranışdan necə tanıma­ğın yolunu izah edib.

Ekspert Cəmilə Fəyyaz, “Aktor” İcti­mai və Sosial Tədqiqatlar İctimai Birliyi­nin sədri Sürəyya Məmmədova və digər qonaqlar mövzu ilə bağlı fikirlərini bölü­şüblər. Bildiriblər ki, cəmiyyətdə bir prob­lem digərini yaradır. Çıxış edənlər bu prob­lemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.

Tədbirin sonunda iştirakçılar öz fikir­lərini bildirib, zərərli vərdişlər, o cümlədən narkomaniya ilə mübarizə üçün təkliflərini səsləndirib, ekspertlərə suallar veriblər.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat