Hələ sovet dövründə Amerikaya dəvət olunan soydaşımız

post-img

Sovet rejiminin yasaqlarla “zəngin” olduğu 70-ci illərin əvvəlində bir azərbaycanlı gəncin Amerikada çalışmaq izni alması gözlənilməz olsa da, bir həqiqət oldu. Təsəvvür etmək belə ağıla batmırdı ki, elə də yaxşı tanınmayan gənc bir fizik rejimin qadağalarını sındıra bilər. Təsadüf idi, yoxsa xoş bir tale işi? İndi onunla – Türkiyənin Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əmirulla Məmmədovla üz-üzə əyləşib bu suala cavab axtarmağım çətin olmadı.

– Açığı bunlara bir tale işi kimi baxı­ram. Bu, xeyli dərəcədə təsadüflərlə bağlı­dır. Xaricdə keçirilən bir elmi konfransdakı məruzəm ciddi marağa səbəb oldu və ame­rikalı alimlər mənimlə maraqlandılar. Az bir vaxtda yaxından tanış olduq və Ameri­kanın Müdafiə Sənayesində çalışan həmin alimlər məni oraya dəvət etdilər. Amma buna 5 il sonra icazə verildi. Bu dəvətə işazənin Azərbaycan KP MK-nın Büro icla­sında müsbət cavablandırılmasını o dövrdə Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin səylərinin bəhrəsi kimi də dəyər­ləndirmək olar.

Beləliklə, ABŞ-nin Koliforniya ştatın­dakı Dənizaltı Silah Araşdırma mərkəzinin Maykenson laboratoriyası onun iş yeri olur. Bu dövrdə ABŞ-ın Nebraska, Visconsin, Kaliforniya və Stanford Universiteti kimi təhsil oçaqlarından dəvət alıb mühazirələr oxuyur. Müqavilə vaxtı bitən ərəfədə isə Yaponiyanın Müdafiə Sənayesində önəmli yeri olan Nippon Electrik Co. şirkətindən dəvət alır. 

– Dəvəti qəbul etsəm də, səfirliyə mü­raciətim etirazla qarşılandı və bunun bəlli səbəblərinin başında sovet rejiminin qa­dağaları dururdu. Amma icazə verildi. Yaponiyadan aldığım dəvət məni yenidən bir-neçə il Bakıdan ayırdı. 80-ci illərin əvvəllərində, xüsusən də Brejnevin ölü­mündən sonra ölkədə ab-hava xeyli dəyiş­di. Yaponiyadan sonra İtaliyada fəaliyyə­timi davam etdirdim, Portuqaliya ilə elmi əlaqələr quruldu. 

– Sonra da qardaş Türkiyə... 

– Bəli, bu da bir xoşbəxt təsadüf idi. Romada kücədə bir türklə tanışlığım son­rakı taleyimi qardaş ölkə ilə bağladı. Türk dünyasına və türkçülüyə böyük xidmətləri ilə imza atan professor Turan Yazqanla – qəbri nurla dolsun – həmin təsadüfü tanış­lıq məni Türkiyəyə gətirdi və belə deyim ki, ömürlük Türkiyəyə bağladı. 

Əmirulla müəllim Türkiyədə İstanbul Texniki və Adana Çukurova Universitetlə­rində çalışıb. Türkiyə Milli Müdafiə Nazir­liyinin SATEM mərkəzində və “Aselsan” şirkətində elmi fəaliyyətini davam etdirib. Məşhur alimin elmi araşdırmalarının nə­ticələri fizika elminin müvafiq sahələrin­də və müdafiə sənayesində tətbiq olunur. Onun elmi məktəbi və davamçıları var. Tə­dqiqatlarında böyük nailiyyətlər əldə etmiş alim həm Azərbaycanda, həm də Türkiyədə elmi məktəblərin təməllərini qoymuş ilk elm adamıdır. 30-dan çox elmlər namizə­di, elmlər doktoru və professor yetişdirib. Dünyanın ən məşhur elmi jurnallarında 350-dən çox məqaləsi çap olunub, 50-dən çox beynəlxalq konfransda dəvətli məruzə­çi olub.

O, Bakının Fatmayı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra BDU-nun (o vaxtkı ADU) fizika fakültəsinin tələbəsi olub. 

– Elmi fəaliyyətim də bu təhsil oçağı ilə bağlıdır və harada olub-olmamağımdan asılı olmayaraq BDU mənim üçün bu gün də ən əziz və doğma bir məkandır, – deyir. – Hər dəfə Bakıda olanda mütləq buraya gəlirəm. Mənə görə, təhsil həm fərdləri, həm də cəmiyyəti formalaşdırmaq üçün ən güçlü vasitədir. Dünyanın harasında yaşa­mağımızdan asılı olmayaraq, təhsil vacib­dir, çünki yenilikləri öyrənməyimizə, dün­yanı daha yaxşı anlamağımıza və gələcək inkişafımıza gedən yol bilavasitə təhsildən keçir. Təhsilin sənaye, müasir innovasi­ya və texnologiyalar ilə ayaqlaşa bilməsi məsələsi aktuallığı ilə artıq bir tələbə və həyat normasına çevrilməkdədir.

Ən yaxşı ali təhsil sisteminə malik olan ABŞ, Böyük Britaniya, Avstraliya, Kana­da və İsveç dünyanın qabaqçıl və inkişaf etmiş ölkələridirlər. Universitetlərin elmi fəaliyyəti onların nüfuzunun göstəricilə­rindəndir. Ali təhsil ocağı nə qədər çox tədqiqat aparsa, onun şöhrəti də bir o qə­dər yüksək olur. Nüfuzlu universitet təkcə büdcə və elmi nəşrlərin sayı kimi obyektiv amillərə görə deyil, həm də kampus həyatı ilə də liderlik əldə etməlidir. Dünyanın təh­sil sistemlərindəki təhsil tipləri və müasir universitet modelləri Almaniyanın, Böyük Britaniyanın timsalında özünü çoxdan təs­diqləyib. Hesab edirəm ki, yeni bir icada ehtiyac yoxdur. Bu ali təhsil müəsisələrinin təcrubəsi və uğurlarının əsaslı şəkildə öyrə­nilməsi yetər ki, bir çox sahələrdə yüksəliş yolunda irəliləyən Azərbaycan, təhsil sahə­sində də uğurlara imza atsın.

Əmirulla Məmmədov hazırda Tür­kiyənin Bilkənt Universitetində Nanotex­nologiya Elmi Mərkəzinin baş elmi işçisi vəzifəsini tutur. Keçən il Azərbaycan Prezi­dentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub. Türkiyə–Azərbaycan Dost­luq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Qəyumlar Şurasının üzvü, Tür­kiyədə yaşayan Azərbaycanlı Elm Adamla­rı Dərnəyinin rəhbəridir.

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat