Dünya ədəbiyyatı incilərinin tərcüməsindən ibarət “Xəzər” jurnalının yeni sayı çap olunub. Jurnalın təsisçisi olan Dövlət Tərcümə Mərkəzindən aldığımız xəbərdə bildirilir ki, bu sayda oxuculara bir sıra maraqlı yazılar təqdim olunub.
“Nobel kürsüsü” rubrikasında Orxan Pamukun “Nobel mühazirəsi” və “Pəncərədən baxmaq” hekayəsi, “Klassik irs” bölümündə Nikolay Qoqolun “Portret” hekayəsinin davamı, “Bəşəri poeziya”da isə Bertold Brextin “Kuraj ana və uşaqları” pyesindən nəğmələr yer alıb.
Oxucular jurnalın “Azərbaycan ədəbiyyatı” rubrikasında Cəfər Cabbarlının “Papaq” hekayəsi, “Hekayə” rubrikasında Somerset Moemin “Şair”, “Türk xalqları ədəbiyyatı” bölümündə Nurmurad Sarıxanovun “Kitab” və Abdulla Qədirinin “İnadkar Taşpulatın hekayəti” hekayələri, “İsrail nəsri”ndə Dina Rubinanın “Cadu” və “Qızılı rəng” hekayələri, “Roman”da Vilhelm Haufun “İsgəndəriyyə şeyxi Əlibanu və onun kölələri”, “Sirli qitə: Afrika ədəbiyyatı” rubrikasında Siprian Ekvensinin “Azadlıq gecəsi” hekayəsi, “Teatr”da Mar Bayciyevin “Bəy və gəlin” pyesi, “Esse”də Çeslav Miloşun “Əlifba” essesinin davamı, “Antiutopiya” rubrikasında Andrey Platonovun “Çevenqur” romanı və digər əsərlərlə tanış ola biləcəklər.
XQ