“Narketing163” adlı qruplaşmanın dövlət və özəl qurumlara olan kiberhücumunun qarşısı alınıb

post-img

Elektron Təhlükəsizlik Xidməti (ETX) “Narketing163” adlı qruplaşmanın ölkəmizə qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısını alıb.

Bu barədə XQ-yə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

ETX-nin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumların daha əvvəl də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.

“Hücum çərçivəsində bir sıra dövlət və özəl qurumlara göndərilən e-poçt məktublarında tanınmış şirkət və təşkilatların adı, loqosu və rəsmi yazışma üslubu təqlid olunub. Məqsəd istifadəçilərdə etimad formalaşdırmaq və əlavə edilmiş zərərli faylın açılmasına nail olmaqdan ibarətdir. Kiberhücum ssenarisində diqqətçəkən əsas məqamlardan biri zərərli kodun bir hissəsinin “.az” domen zonasında yerləşdirilmiş resurs üzərindən yayılmasıdır. Bu üsul sosial mühəndisliyin klassik formalarından biri olmaqla texniki boşluqlardan daha çox, psixoloji manipulyasiya vasitəsilə istifadəçilərin zərərli fəaliyyəti icra etməsinə yönəlib. Xidmətin araşdırması nəticəsində “.az” domen zonasında yerləşdirilmiş müvafiq resurs müəyyən edilərək operativ tədbirlər görülüb və zərərli faylın ölkə üzrə yayılmasının qarşısı alınıb”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

İnsidentlə əlaqədar məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi “İnsident Məlumatlarının Mübadiləsi Platforması”nda (https://misp.cert.az) paylaşılıb.

Son xəbərlər