Ölkəmizdə əlil vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bu baxımdan əhalinin həssas təbəqəsinə daxil olan gözdən əlil vətəndaşlar da istisna deyil. Onların isə sayı minlərlədir. 1931-ci ildə gözdən əlil vətəndaşların sosial-məişət qayığıları ilə məşğul olan qurum – Azərbaycan Korlar Cəmiyyəti yaradılıb. Ötən müddətdə gözdən əlil vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə çoxsaylı iş yerləri yaradılıb, ictimai-iaşə müəssisələri, məktəb, klub, kitabxana və digər obyektlər tikilib istifadəyə verilib.
Həmin obyektlərin xeyli hissəsi, eləcə də cəmiyyətin inzibati binası paytaxtın Nərimanov rayonunda yerləşdiyi üçün gözdən əlillər də, əsasən, daha çox bu ərazidə məskunlaşıblar. Bu ərazi, həm də onların görüş yeri, ünsiyyət məkanı olub. Onlar sevinclərini də, kədərlərini də burada bölüşüb, mehriban, səmimi davranışları ilə bir-birinə nəvaziş göstərib dünya işğığına məhrum qalmaq kimi ağır dərdlərini, bir anlığa da olsa, unutmağa, unutdurmağa çalışıblar. Necə deyərlər, xeyirləri də bir olub, şərləri də. İndi isə...
İndi cəmiyyətin nə inzibati binası qalıb, nə də klubu və yeməkxanası. Çoxsaylı iş yerlərinin: kombinat, sex və ictimai-iaşə obyektlərinin isə əksəriyyəti ya satılıb, ya da qapılarından elə cəmiyyət sədrinin də açmağa aciz qaldığı və ya açmaq fikrində olmadığı paslı qıfıllar asılıb. Yeri gəlmişkən, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin 499 nəfər üzvü tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktubunda da bütün bu məsələlər, geniş rezonans doğuran narazılıqla dolu məqamlar yer alıb. Şikayətçilər iddia edirlər ki, 2002-ci ildə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri postuna yiyələnən Səmyar Abdullayev həmin vaxtdan cəmiyyətə məxsus bütün əmlakı talan edib, bununla dərdləri özlərindən də ağır olan gözdən əlilləri rəzil duruma salıb.
Şikayətçilərin ən böyük narazılığı isə mənzil şəraitlərinin ürəkaçan olmaması və cəmiyyətə məxsus obyektlərin qanunsuz olaraq ayrı-ayrı şəxslərə satılması ilə bağlıdır. Redaksiyamıza ünvanlanmış şikayət məktubu ilə bağlı kiçik araşdırma apardıq. Öyrəndik ki, ötən əsrin 90-cı illərinədək o zamankı Azərbaycan Korlar Cəmiyyəti öz vəsaiti hesabına gözdən əlillər üçün ya ayrıca bina tikib, ya da o zamankı evtikmə kombinatları tərəfindən inşa edilən binalarda 2-3 bloku bütövlükdə alaraq cəmiyyət üzvlərinə paylayıb. Hətta qurumun nəzdində olan kombinat və sexlərdə işləyən gözdən əlil olmayan insanlar da cəmiyyət hesabına mənzillə təmin ediliblər.
2011-ci ildə isə ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Nərimanov rayonu F.Yusifov küçəsi, 40 ünvanında, köhnə yataqxana binasının yerində gözdən əlillər üçün ayrıca yaşayış binasının tikintisinə başlanılıb. 2015-ci ildə inşası başa çatdırılmış binada “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin 132 üzvü mənzillə təmin olunub. Həmin il dekabrın 24-də sözügedən binanın istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən iştirak etməsi gözdən əlil vətəndaşların hədsiz sevincinə səbəb olub. Bu əlamətdar hadisə mənzil şəraiti yaxşı olmayan gözdən əlillərin də qəlbində bir ümid çırağı yandırıb. Lakin çox keçməmiş onların mənzil arzuları elə arzu olaraq qalıb. Sonradan F. Yusifov küçəsinin qarşı tərəfində, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin inzibati binasının, cəmiyyətə məxsus 2 saylı kombinatın və yeməkxana binasının yerində inşa olunmuş göydələnlərin onlara heç bir aidiyyəti olmadığını öyrənən gözdən əlillər ayrı-ayrı dövlət instansiyalarına çoxsaylı şikayət məktubları ünvanlayıblar.
Gözdən əlillər bildirirlər ki, paytaxtın Nərimanov rayonu F. Yusifov küçəsi, 40 ünvanında Azərbaycan Gözdən Əlillər Cəmiyətinə məxsus ümumi sahəsi 1,1 hektar təşkil edən ərazidə 4 göydələn inşa edilib. Hazırda sonuncu binada tamamlama işləri həyata keçirilir. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə “Sevinc-M” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında bağlanmış müqaviləyə əsasən, bu binalarda 75 nəfər gözdən əlilə mənzil verilməsi nəzərdə tutulubmuş. Bununla yanaşı, müqavilənin şərtlərinə əsasən, yeni tikilmiş binalarda 600 kvadratmetr qeyri-yaşayış sahəsi cəmiyyətə verilməli imiş. Şikayətçilər isə deyirlər ki, müqavilədə göstərilənlər 1,1 hektarlıq torpağın dəyərinin onda biri qədəri olmasa da, bu günə kimi nə 75 mənzildən xəbər var, nə də qeyri-yaşayış sahəsindən.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü Aftandil Fərhadov məsələ ilə əlaqədar 2021-ci il avqustun 24-də “Sevinc-M” MMC-yə məktub ünvanlayıb. Qurumun cavabı isə çox gecikməyib. Belə ki, “Sevinc-M” MMC-nin direktoru Ş. Heydərlinin 18.09.2021-ci il tarixli cavab məktubunda bildirilir: “Ünvanımıza daxil olmuş 24.08.2021-ci il tarixli müraciətinizlə bağlı nəzərinizə çatdırırıq ki, “Sevinc-M” MMC ilə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında bağlanmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binası “Sevinc-M” MMC tərəfindən inşa edilmişdir. Həmin binadan tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq mənzillər “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinə təqdim edilmişdir. Təqdim edilmiş mənzillərə dair əlavə məlumat almaq üçün “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinə müraciət edə bilərsiniz”.
Şikayətçilər isə iddia edirlər ki, üstündən üç il keçməsinə baxmayaraq, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Səmyar Abdullayev ya müxtəlif bəhanələrlə problemin həllindən yayınır, ya da “bu binalardan sizə mənzil yoxdur”– deyərək məsələyə birdəfəlik son qoymağa çalışır. Narazı şəxslər deyirlər ki, dövlət başçısının sərəncamına əsasən, 2021-ci ilin avqustun 16-da gözdən əlillər də daxil olmaqla Qarabağ əlillərinə və şəhid ailələrinə Xocəsəndə, Məmmədlidə, Ramanıda, stansiya Sumqayıtda, Savalan və Ümid qəsəbələrində mənzillər paylanılıb. Bunu fürsət bilən sədr isə gözdən əlillərə verilmiş həmin evləri kimlərəsə satdığı 75 mənzillə kompensasiya etməyə cəhd göstərir.
1-ci qrup gözdən əlil İsmayıl Əsgərov isə şikayət məktubunda mənzil hüquqlarının pozulduğunu iddia edir. Yazır ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 45A saylı binanın 35-ci mənzilində hazırda həyat yoldaşı, 2 oğlu, gəlini və 2 nəvəsi ilə birlikdə yaşayırlar. Ümumi sahəsi vur-tut 60,2 kvadratmetr təşkil edən iki otaqlı mənzildə 7 adamın yaşamağı son dərəcə çətin olduğu üçün mənzil şəratinin yaxşılşdırılması məqsədilə növbəyə götürülməyi ilə bağlı səlahiyyətli orqanlara müraciətlər etmək məcburiyyətində qalıb.
Nəhayət, 2015-ci ildə Nərimanov Rayon İcra Hakimiyyətində 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülüb. Müvafiq sənəddə isə onun mənzil növbəsinə dayanmaq tarixi 1992-ci il aprel ayının 9-u göstərilib. İ. Əsgərov bildirir ki, mənzil növbəsində olmasını təsdiq edən sənədin surətini 2015-ci ildə aidiyyəti üzrə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etsə də, bugünədək istəyinə nail ola bilməyib...
Gözdən əlilləri narazı salan digər məqam isə iş yerlərinin olmaması ilə bağlıdır. 1-ci qrup gözdən əlil Həşim Nəbiyev deyir ki, hazırda cəmiyyət üzrə, bir nəfər də olsun, işləyən yoxdur. Çünki bütün iş yerləri: kombinatlar, sexlər, ictimai-iaşə obyektləri satılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə gözdən əlil uşaqların təhsil aldıqları sağlamlıq məhdudiyyətli uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbində əsaslı təmir işləri görülüb. Amma məktəbi bitirənlərin gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Çünki onlar paytaxtda iş tapa bilmədikləri üçün rayona qayıtmağa məcbur olurlar.
Bu məqamda gözdən əlillərin narazılığına, onların hiddətinə səbəb olan daha bir məqama da toxunmağı vacib hesab edirik. Qeyd etdiyimiz kimi, vaxtilə gözdən əlillərə məxsus iş yerləri əsl əmək cəbhəsini xatırladıb. Faiq Yusifov, 40 ünvanında cəmiyyətin 2 saylı kombinatının istehsalat korpusu yerləşib. Burada 1500 nəfər çalışıb ki, onların da min nəfəri gözdən əlil olub. İstehsalat korpusunda müxtəlif adda məhsullar: ədyal, dəsmal, ayaqqabı, kağız torbalar və digər mallar isehsal olunub. Bundan əlavə, Bakı soyuducular zavodu və Bakı şampan şərabları zavodu ilə bağlanmış müqavilələr əsasında müxtəlif məmulatların istehsalı ilə bağlı çoxsaylı sifarişlər icra edilib.
Paytaxtın Ceyhun Hacıbəyli küçəsi, 40 ünvanında vaxtilə cəmiyyətə məxsus istehsalat kombinatı fəaliyyət göstərib. 40-dək gözdən əlilin çalışdığı müəssisənin mətbəəsində “Brayl” əlifbası ilə Gözdən Əlillər Cəmiyyətinin orqanı olan “Dan ulduzu” qəzeti nəşr edilib. O zamankı Sosial Təminat Nazirliyinin blankları da burada çap olunub. Bununla yanaşı, kombinatın ərazisində kağız torbalar və ayaqqabı qutuları istehsal edən sexlər mövcud olub. Artıq həmin ərazidə də hündürmərtəbəli bina inşa edilib. Şikayətçilər iddia edirlər ki, həmin ərazinin satışından əldə olunmuş vəsait də tamamilə mənimsənilib.
Möhsün Sənani, 21 ünvanında isə cəmiyyətin səsyazma studiyası olub. 1-ci qrup gözdən əlil Əzizağa Hüseynovun dediyinə görə, vaxtilə burada Azərbaycan radiosunun tanınmış diktorlarının səsləndirdikləri müxtəlif ədəbiyyat nümunələri lentə alınaraq gözdən əlillərin istifadəsinə verilirdi. Əlillər həmin səsyazmalara qulaq asıb bədii ədəbiyyat nümunələrini əxz edirdilər. Sonradan isə cəmiyyətin maddi vəziyyətinin pisləşməsi səbəbindən səsyazma studuyası fəaliyyətini dayandırıb. Artıq bura da satılıb.
Bakı şəhəri İslam Səfərli küçəsi, (keçmiş Şamil Əzizbəyov) 50 ünvanında isə vaxtilə cəmiyyətə məxsus musiqi birliyi fəaliyyət göstərib. Daha sonra gözdən əlillərin işlə təminatının yaxşılaşdırılması məqsədilə ərazidə 5 nömrəli kombinat yaradılıb. Kombinatda mebel və digər məmulatlar istehsal olunub. Hazırda buranın da aqibəti bəlli deyil. Hətta taxta darvazadan obyektin satılması ilə bağlı elan da asılıb.
Binəqədi kəndində isə gözdən əlillərə məxsus sexlər və kiçik yataqxana binası mövcud olub. Uzun illər Həsən bəy Zərdabi küçəsindəki iri sexdə çalışan Əzizağa Hüseynov deyir ki, vaxtilə bura 40-dan çox gözdən əlilin daimi iş yeri olub. Burada müxtəlif çeşiddə mallar: dəri məmulatları, çilçıraqlar, daraqlar, asılqanlar, çantalar və digər xırda məişət avadanlıqları istehsal edilib. Üzbəüz ərazidə yerləşən kiçik sexdə isə müxtəlif bəzək əşyaları istehsal olunub. Hazırda böyük sex uzunmüddətli icarədə olsa da, digər sexin ərazisi isə xəbərsiz-ətərsiz satılıb. Həsən bəy Zərdabi küçəsi, 9 ünvanı ilə üzbəüz yerləşən həmin ərazidə yan-yana 3 mülk tikilib. Yaxınlıqdakı Şirvani küçəsi, 27 ünvanında yerləşən yataqxana binası da sökülərək yerində iki mərtəbəli şəxsi ev inşa olunub. Eyni zamanda, paytaxtın Üzeyir Hacıbəyov 8, Vidadi, 64, Şıxəli Qurbanov 25, Ağa Neymətulla 42 və 117, Əlövsət Quliyev 90, Cəfər Cabbarlı 31 və 34 ünvanlarında da əvvəllər “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinə məxsus obyektlərin sonrakı aqibətini də cəmiyyətin sədri Səmyar Abdullayevdən savayı, heç kim bilmir.
Həşim Nəbiyev onu da bildirdi ki, vaxtilə mənzili olmayan gözdən əlillər üçün yataqxana binaları fəaliyyət göstərirdi. Orda yaşayan sakinlər arasında mehriban ünsiyyət, xoş münasibət var idi. Gözdən əlil gənclər də bir-birini yaxından tanıyıb ailə qururdular. İndi camaat pərən-pərən düşüb. Yalnız internetin, sosial şəbəkələrin yaratdıqları imkandan yararlanan gənclər əlaqə saxlayırlar. Buna isə heç də hamı nail ola bilmir. İndi rayon yerində nə gözdən əlil oğlana qız verən var, nə də gözdən əlil qızı alan. Bunun da nəticəsində əlil gənclərin ailə həyatı qurub ev-eşik sahibi olması xeyli çətinləşib. Bu isə olduqca narahatedici bir məqam olmaqla yanaşı, həm də böyük sosial problemdir...
M. YAQUBZADƏ
XQ
P.S Yazıda gözdən əlill vətəndaşlarımızın üzləşdikləri problemlərə, onları narazı salan bəzi mühüm məqamlara işıq salmağa çalışdıq. Deməyi, yazmağı bizdən, tədbir görmək isə əlaqədar təşkilatlardan.
P.P.S. Gözdən əlil vətəndaşların şikayətçi olduğu qarşı tərəfin də mövqeyini qəzetimizdə dərc etməyə hazırıq.