Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər (ARBƏD) Fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsini həyata keçirir. Fəaliyyət planına əsasən şəhid ailələri, müharibə veteranları və hökümət nümayəndələrinin iştirakı ilə 2-ci Qarabağ müharibəsinin şəhidi Elvin İslam oğlu Bayramov anılıb.
Mərasimdən əvvəl Biləcəri qəsəbəsindəki Şəhidlər xiyabanında uyuyan Elvinin məzarı ziyarət edilərək, ruhuna dualar oxundu. Sonra ARBƏD Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibələri veteranı, layihə rəhbəri Sərraf Orucov bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını itirmiş şəhidlərin biri də Elvin Bayramovdur. O, ailənin yeganə oğul övladı idi. Silahlı Qüvvələrimizin tərkibində mətinliklə vuruşmuş, Füzuli rayonunun azad olunmasında qəhrəmanlıqlar göstərərək, oktyabrın 26-da canını qurban vermişdir. Elvin Bayramovun igidlik nümunələri “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə qeyd olunmuşdur.
Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri və müşküllərinin həlli yalnız onlara deyil, bütün cəmiyyətə aiddir. Bu məqsədlə “ARBƏD” Fondunun Himayəçilik Şurası üzvlərinin təşəbbüsü və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərimizin anım məclisləri təşkil edilir, ailələrinə mənəvi qayğı və diqqət göstərilir.
Fondun digər əməkdaşları və qonaqlar da çıxış edərək, canlarını Vətən və xalq yolunda qurban vermiş şəhidlərin, müharibə əlilləri və veteranlarının müqəddəs şərəf missiyasının daşıyıcıları olduqlarını diqqətə çatdırdılar.
Şəhidin atası İslam Bayramov, anası Dürrə xanım, məclisdə iştirak edən şəhid ailələri və müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Həmçinin “Müharibə veteranı və şəhid ailələrinə dəstək” adlı layihənin icrasından razılıq etdilər.
Tədbirin sonunda Elvin Bayramovun anası Dürrə Şəmistan qızı Bayramovaya Vətənə layiq qəhrəman övlad yetişdirdiyinə görə “Xeyirxahlıq və mərhəmətə görə” medalı, fəxri-fərman və üçrəngli Azərbaycan bayrağı hədiyyə olundu. Şəhidin atası İslam Bayramov isə “ARBƏD Fondunun Fəxri üzvü” adına layiq görüldü.
Fidan SALMANOVA
XQ