Şəhid anasının poetik duyğuları

post-img

Şəhid anası, şair Maisə Səbuhi yazdığı şeirlərlə gənclərə vətənpərvərlik ruhu aşılayır. Ötən il onun “Şəhidlik Tanrı hədiyyəsidir” adlı kitabı işıq üzü görüb.

Maisə Səbuhi redaksiyamı­za göndərdiyi şeirində bir şəhid övladı ilə təsadüfi görüşünü poetik dillə qələmə alıb. Bir şəhid anasının bir şəhid balası ilə dialoqu, şair qəlbinin çırpın­tıları misralardan aydın sezilir. Həmin şeiri oxuculara təqdim edirik: 

Şəhid balası

Ötən gün gördüm onu 

Küçədən keçə-keçə.

Qısılıb bir kənarda

Ağlayırdı gizlicə.

Soruşdum ki, ay bala,

Sən niyə ağlayırsan?

Göz yaşınla qəlbimi 

Yamanca dağlayırsan. 

Uşaq dedi, atamın

Yolunu gözləyirəm.

Gah ucadan, gah asta 

Adını səsləyirəm.

– Atan hardadı sənin, 

Çoxmu uzağa gedib? 

Belə körpə quzunu 

Olmaya o, tərk edib?

– Atam Qarabağdadı,

Düşmənlərlə döyüşür.

Qələbəni, sevinci

O bizimlə bölüşür.

Amma neçə gündü ki, 

Xəbər yoxdu atamdan.

Mənim ad günümü də 

Çıxarıbdı yadından.

Anlamıram ki, niyə

Nənəm, babam ağlayır.

Anam qara geyinib,

Başa qara bağlayır?..

Bu uşağın sözləri

Yaman toxundu mənə.

Balamızın atası 

Şəhid olubmuş demə.

Qarşısında diz çöküb, 

Silərək göz yaşını, 

Uşağı qucaqlayıb, 

Sığalladım başını. 

Dedim, sən ağlama heç, 

Qəhrəman balasısan.

Qəlbimizdə hər zaman

Bu cür də qalasısan.

Atanla fəxr eylə ki, 

Torpaq üçün döyüşüb.

Ucalıb zirvələrə,

Allah ilə görüşüb.

Xilas edib vətəni,

Qayıtmasa da geri,

Şəhid adı qazanıb, 

Başını dik tut, yeri!

Uşaq bir az toxtadı, 

Zəndlə baxdı üzümə. 

Sonra göyə üz tutub, 

Qüvvət verdi sözümə:

– Atacan, söz verirəm,

Sənə layiq olacam!

Vətənin keşiyində 

Sənin kimi duracam!

Maisə SƏBUHİ,
şəhid anası

Sosial həyat