Orxan Kazım oğlu Hümmətov 1992-ci il noyabrın 4-də Şəkinin Kiş kəndində doğulub. O, ailənin 2 oğlundan biri olub, uşaq vaxtından hərbçi olmağı arzulayıb. Əsgəri xidmətdən qayıdandan 1 il sonra Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar hissəsinə yazılıb.
Türkiyədə xüsusi təlim kursunu uğurla başa vurub, NATO-nun sülhməramlı dəstəsində iştirak edib Orxan. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı gizir Orxan Hümbətov kəşfiyyatçı kimi fərqlənib. Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə o, ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə ”Hərbi Xidmətdə Fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Anası Pərvanə xanım Orxanın şəhidliyinin ilk illərində ondan oğlu sağmış kimi söhbət açırdı: “2 oğlum var. İkisi də hərbçidir. Böyük oğlum Vusalın 37 yaşı var. Orxanın 32 olacaqdı. Vüsal institutu bitirəndən sonra diplomunu evin bir küncünə qoydu. Hərbçi olmaq istədi və oldu da. Orxan da qardaşına baxıb, hərb sənətini seçdi. Yarışlarda həmişə 1-ci yeri qazanır, Azərbaycan bayrağını qaldırırdı... 2016-cı ildə Vusalın toyuna hazırlaşırdıq. Ona deyirdim ki, qardaşından sonra səni evləndirəcəyəm. Deyirdi ki, “yox, ay ana, mənə hər qız gəlməz. Ailə quracağım qız gərək mənim ölüm xəbərimə həmişə hazır olsun”.
...Bir dəfə də çəkmələrinin palçığını təmizləyərək, bir torbaya yığır və deyir: “Ana, Şəkidə Qarabağın torpağını Kiş kəndinə gətirən bir nəfər varsa, o mənəm. Şuşa alınana qədər saxlayın”.
...Aprelin 3-ü axşam saat 9-un yarısında evə zəng edir. Ata-anası ilə hal-əhval tutur. Deyir ki, kursdan indi gəlib, yatacaq. Heç vaxt dilinə yalan gəlməyən Orxan torpağın, Vətənin xatirinə valideynlərinin narahat olmaması üçün belə deyir.
…Aprelin 4-ü səhər tezdən Pərvanə xanım həyat yoldaşından cəbhədə hansı xəbərlərin olduğunu soruşur. Kazım kişi televizorda 3 gizirin şəhid olduğu xəbərini eşitdiyini deyir. Ana evdə özünə rahatlıq tapmadığından həyətə çıxıb, təmizliklə məşğul olur ki, başı qarışsın. Əllərini göyə qaldırıb, səsi titrəyə-titrəyə, cəbhədə son döyüşlərdə həlak olan şəhidlər üçün ağlayır və əsgərlərə Tanrıdan salamatlıq arzu edir. Bu vaxt onlara xəbərə gələn kənd bələdiyyəsinin nümayəndəsi onu görür, Orxanın şəhid olduğu xəbərini anaya deyə bilmir. Axı qadın əlləri göydə əsgərlər üçün dua edirmiş.
Evə girən ana televizora baxıb şəhidlər üçün ağlayır. Öz-özünə deyir ki, sizin ananız necə dözəcək ayrılığınıza? Ayağa durub, ərindən soruşur ki, ay kişi, bilmədin, o ölən gizirlərin adı nədir, kimdirlər? Kazım kişi “Yox” deyir. Ana durub yenidən həyətə çıxır, əlini göyə açıb deyir ki, ay Allah, sən hamının balasını salamat qaytar, mənim Vüsalımla Orxanımı da onların içərisində.
Bir də baxir ki, qaynı darvazanın yanındadır. Ona “evimiz yıxılıb”– deyir. Ana qışqırır ki, Vüsala nə olub? Deyir, Vüsal deyil, Orxandır…
Sonradan öyrənirlər ki, Orxan Ağdərə uğrundakı vuruşmalarda qəhrəmanlıqla həlak olub. 14 nəfər qarşıda həlak olan hərbçinin meyitini götürmək üçün gedəndə, düşmənin atdığı mərminin qəlpələrindən yaralanıb, şəhidlik məqamına ucalıblar. Polkovniklər Raqub Orucov, Vüqar Hüseynov, gizirlər Orxan Müstəcəbov, Sahil Şirinov, Vüqar Süleymanov və digər hərbçilər birlikdə həlak olublar.
…Vüsalla Orxan çox vaxt evin qapısından qoşa girərmişlər. Pərvanə xanım onların ikisini eyni vaxtda qucaqlayarmış. Orxanın şəhid olduğu ilk aylarda Vüsalı qucaqlayıb “hanı Orxan?”– deyə soruşur. Vusal deyir ki, ana, bundan sonra məni 2 dəfə bağrına bas, Orxan mənim varlığımdadır, ürəyimdədir, o, hiss edəcək.
Vusal danışır: “Aprelin 3-ü axşam saat 9-da mənə zəng edib özümdən muğayat olmağı tapşırdı. Adətən, belə danışmazdı. Fikirləşdim ki, təlim kursundadır. Sən demə, anamgildən sonra mənimlə danışıb, vida edirmiş. Hərbçi kimi belə hallara hazır olsam da, qardaşımın şəhid olmağına inana bilmədim. İllər keçib, yenə də onun yoxluğunu qəbul edə bilmirəm. Gözüm telefonda qalır ki, bəlkə, zəng edəcək... Telefonumuzun danışıq balansı bitəndə, ya o məndən, ya mən ondan xahiş edirdik ki, kontur yükləyək. Əbədi ayrılığın ilk vaxtlarında telefonumun balansı bitəndə Orxana zəng vurmaq istəyirdim ki, kontur yükləsin... amma birdən hiss edirdim ki, yoxdur axı. Onu bircə dəfə qucaqlamaq, ətrini duymaq üçün dünyaları verərəm”.
Bütün şəhidlərimiz kimi, Orxan da ölümü ilə ölümsüzlük qazanıb. Kiş kəndinin fəxri, 23 yaşlı gizir Orxan Hümmətov, beləcə, kövrək xatirələrdə özünə taxt-tac qurub.
Zərifə HÜSEYNOVA
XQ