Sakit yaz günlərindən birində – 1994-cü il mayın 20-də Gəncə şəhərində bir oğlan dünyaya gəldi. Qohum-qonşu gözaydınlığı üçün Nüsrət Şalıyevin evinə yığışdılar. Ailəni təbrik edib, körpəyə müxtəlif adlar təklif etdilər. Valideynlər isə körpəyə Ceyhun adını qoydular.
Onun üçün anası laylalar, bayatılar söylədi, nağıllar və dastanlar danışdı. Atası Birinci Qarabağ müharibəsində ağır döyüşlərdə iştirak etmişdi. Ceyhun belə bir ailədə Vətənə, torpağa, yurda sevgi ilə böyüyürdü.
2015-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra hərbi xidmətə çağırılan Ceyhun Şalıyev 2016-cı ilin aprelində Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi uğrunda 4 günlük döyüşlərdə iştirak etdi.
İkinci Qarabağ müharibəsindən bir həftə əvvəl hərbi təlimlərə qatılan Ceyhun Şalıyev sentyabın 27-si döyüş yoldaşları ilə “Ohanyan səddi”nə doğru irəlilədi. Ermənistan uzun illik işğal dövründə burada uzunmüddətli, müdafiə sistemi qurmuş, minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etmişdi. Düşmən bu səbəbdən “Ohanyan səddi”ni yarmağın çox çətin, hətta mümkünsüz olacağını düşünürdü. Amma Ceyhun Şalıyev kimi igidlərin qarşısında keçilə bilməyən bir maneə yox idi. Onların düşməndən alınası intiqamları vardı və bu intiqam alınmalı idi.
Ceyhun Şalıyev, əsasən, Füzuli istiqamətində döyüşdü. Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən hərbi hissələrinin maddi-texniki təminatı Füzulidən həyata keçirilirdi. Bu istiqamətdə hücumun ilkin məqsədi hakim yüksəklikləri, təchizat və magistral yol qovşaqlarını ələ keçirmək, düşmənin ehtiyat qüvvələrinin manevr imkanlarını və təchizat qabiliyyətini ciddi şəkildə məhdudlaşdırmaq idi. Təpələr ordumuzun nəzarətinə keçirdi. Ceyhungil Füzuli şəhərinin yaxınlığında yerləşən Yuxarı Seyidəhmədli kəndinə doğru irəlləyirdilər. Oktyabrın 1-də onlar həmin kənd istiqamətində düşmən üzərinə hücuma kecdilər. Çox ağır döyüş getdi.
...O, yaralı əsgər yoldaşına kömək etmək üçün yağış kimi yağan güllələrin altında irəli atılıb ilkin yardım göstərir. Yaralını döyüş meydanından çıxararkən gicgahından qəlpə yarası alır və şəhid olur. Bu döyüşdə “N” saylı hərbi hissədən Ceyhunla birlikdə 9 əsgər şəhadətə qovuşur.
Beləcə, düz 4 gün Füzuli istiqamətində vuruşan Ceyhun oktyabr ayının 1-də, səhər saat 4-də döyüş meydanında həlak oldu. Onunla bir səngərdə olan döyüş yoldaşı deyir: “Ali təhsilli olduğu üçün adını “Alim” qoymuşduq. Bizə dinclik vermirdi. “İrəli, İrəli!” – deyərək, qabaqda gedir və bizi də ardınca çağırırdı. Beləcə, Ceynun “Şəhid alim” oldu.
Dayısına Sabunçu Hərbi Komissarlığından zəng edərək bildiriblər ki, Ceyhun ağır yaralanıb, Bakıya gətirirlər. Özünü toparlayaraq deyib: “Mən hərbçi olmuşam. Müharibə şəraitində vuruşan əsgər haqqında ailəsinə, yaxınlarına məlumat vermək nə deməkdir, bilirəm. Açıq danışın, həqiqəti deyin”.
Telefonun o biri başından gələn son cümlə dayını sarsıdıb:
– Başınız sağ olsun!..
Gəray dayısının dedikləri: “O gün ayağımın altından yer qaçdı, ağladım. Onu itirdiyimizə heç cur inanmağım gəlmirdi. Hər dəfə Ceyhundan söz düşəndə kövrəlirəm. Tək təsəllim odur ki, Ceyhun bizim qürurumuzdur və onu bütün ölkə tanıyır. Vətənini, bayrağını sevirdi, onun tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət bəsləyirdi, Elə vicdanla, namusla xidmət etdi. Ceyhun bizim nəslin başucalığıdır, məkanı cənnət olsun”.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Şalıyev Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, həmçinin “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medallara layiq görülüb.
Pünhan ƏFƏNDİYEV
XQ