Vədinə sadiq əsgər

post-img

Milli məslək uğrunda mübarizədə, Vətən naminə döyüşlərdə qələm sahiblərinin iştirak etməsi onların bir əsgər kimi mənəvi xoşbəxtliyi, daxili zənginliyidir. Bu barədə danışarkən repressiya qurbanı Mikayıl Müşfiq, İkinci Dünya müharibəsində vuruşmuş Məmməd Aranlı, 20 yanvar şəhidi Ülvi Bünyadzadə, Birinci Qarabağ müharibəsində, Ağdamın Sırxavənd kəndi uğrunda döyüşlərdə “Tərlan” adı verdiyi tankında yanıb kül olmuş Nizami Aydın, Xocavəndin Sur kəndində şəhadətə ucalmış rəssam-şair Fuad Əsədov və digərlərini xatırlamamaq mümkün deyil. İkinci Qarabağ müharibəsinin şəhidi Aydın Əliyev də canını Vətənə qurban verən gənc şairlərdən olub. 

Aydın Sumqayıtda dünyaya gəl­sə də, əsli-kökü ilə bağlı olduğu Tovuz camaatı kimi saza-sözə könül verənlərdən idi. Elə babası Salman kişi də ozan sənə­tinin mahir bilicisi olub. Aydın aşıq mah­nılarını dinləməkdən yorulmaz, ara-sıra şe­irlər yazardı. Amma 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanandan 3 gün sonra o da qələmini süngü ilə əvəz edərək, könüllü cəbhəyə gedib. 

Yeri gəlmişkən, Birinci Qarabağ müha­ribəsində onun əmisi Telman Əliyev və da­yısı Saleh Tağıyev şəhid olmuşdular. Atası Nəriman kişinin dediyinə görə, o zaman Aydının 2 yaşı olardı. “Ağlı kəsincə de­mişdi ki, böyüyüb, onların qisasını alacaq. Şəhid olsa da, həmin istəyinə əməl elədi və ruhu onların ruhuna qovuşdu. Sonun­cu dəfə evə zəng edəndə Zəfər yürüşünün Şuşaya çatdığını sevinclə xəbər vermişdi. Demişdi ki, sizi Şuşaya özüm aparacağam. Amma qismət olmadı”.

Şair qəlbli gənc döyüşçü bir aydan çox səngər ömrü yaşayıb. Əzəli-əbədi torpaq­larımızın işğaldan azad olunmasında fəal iştirak edib. Davanın sonuna 3 gün qalmış Şuşa uğrunda döyüşlərdə ağır yaralanıb və Bakıdakı hospitalda, 29 yaşında gözlərini əbədi yumub. Cavan ömrü şeirləri kimi ya­rımçıq qalıb. 

Azərbaycan Silahlı Qüvvələrinin cəsur döyüşçüsü, tuşlayıcı operator Aydın Əli­yev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, eləcə də Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Şuşanın azad olun­masına görə medalları ilə təltif olunub.

Tərcümeyi-halı ilə maraqlananda gör­düm ki, Aydın Əliyevlə mən 34 il fərqlə eyni təhsil ocağında – Sumqayıtın İnşaat­çılar qəsəbəsindəki 9 nömrəli məktəbdə 1-ci sinfə getmişik. Açığı, onun həyat və döyüş yolu ilə maraqlanmağıma ilk olaraq bu fakt vəsilə oldu. Öyrəndim ki, həmin məktəbin yanında şəhidin xatirə bulağı tikilib. 9 və 12 nömrəli məktəblərin hərə­sində bir sinif onun adını daşıyır. Əlbəttə, bunlar onun ailəsi və dostları üçün böyük təsəllidir. 

Şairliyini isə sonra həmkarım Aida Eyvazlıdan öyrənib, şeirlərindən birini “XQ”-nin “Zəfər yolçuları” səhifəsində dərc etdirdim. “Ata” adlı həmin şeirdə Ay­dın yazıb: 

Bilməmişəm mən qədrini bəlkə də, 

Mən əsgərəm, sən qürurlu atasan. 

Elə bir ad qoyacam ki həyatda, 

Sən başını daima dik tutasan...

Aydın canı bahasına sözünə əməl etdi. Şeir qəzetimizdə çap olunan gün həyat yol­daşı Ayşə xanım zəng edərək, minnətdarlı­ğını bildirdi.

Ondan Vətənə 2 oğlu – Salman və Nə­riman əmanət qalıb, bir də “barıt qoxulu” misraları. Şəhid olacağı sanki ürəyinə da­mıbmış. Əlyazmalarının içində olan bir şeir parçasında yazıb:

Vəsiyyət edirəm mən ölən zaman, 

Gözümü bağlasın mehriban anam... 

Ayşə xanımın söylədikləri: 

– Aydınla hamımız qürur duyuruq. Çox həssas, saf qəlbli, ailəcanlı, qayğıkeş idi. Uşaqlarını çox sevirdi. Amma daha artıq Vətən sevdalı idi Aydın. Elə Vətən üçün də həyatını qurban verdi... Nə qədər canımda can var, Aydının əmanətlərini göz bəbəyim kimi qoruyacaq, onları atalarının adına la­yiq övladlar kimi yetişdirəcəyəm.

Ə.NƏCƏFXANLI,

XQ

Sosial həyat