Qohum evlilikləri

post-img

Gülcahan MİRMƏMMƏD
[email protected]

Son vaxtlar bir məsələ də ciddi müzakirə obyektidir – qohum nikahların qadağan edilməsi. Bu xəbər çıxar-çıxmaz, əhalinin fikri haçalanıb, qohum evliliklərini təqdir edən və etməyən qütblər yaranıb. Təbii ki, mən ikincilərdənəm: qan təzələnməlidir, evliliklər qohumluq çevrəsini genişlətməlidir.

Amma birinciləri başa düşmək üçün də onların tutalğalarını çözmək lazımdır. Qə­bul olunmuş qanuna dodaq büzənlər onlar­la misal çəkirlər ki, bəs filankəslər əmiqı­zı-əmioğlu, dayıoğlu-bibiqızıdır, yaxud əksinə, amma şukür, övladları sağlamdır, özləri də mehriban. Di gəl ki, filankəslər nəinki qohum, heç eyni bölgədən də deyil­lər, övladları isə… 

Bəli, uğurlu qohum evliliklərinə istə­nilən qədər misal tapmaq olar. Kim kimin evinin içinə bələddir ki? Necə biləsən ki, qarşındakı mehriban cütlük əslində, necə dolanır? Məhşur türk məsəlində deyildiyi kimi, “qazan bağlı qaynayar, bilməzsən ki, içində ət bişər, yoxsa dərd”. Məntiqin dik­tə etdiyi bir dəlil də var: tanıdığın adamla yola getmək asandır, hünərin varsa, yad­larla baş çıxart! Stop! Baxın, elə qohum evlilik təqdirçiləri də bunu əsas gətirir: tanıyırıq, bilirik (əslində, ehtimal edirik) ki, bu evlilikdən nə gözləmək olar. Yəni, əksər hallarda bu gözlənti də məhz vali­deynin gözləntisidir, ailə quracaq oğulun, qızın yox. 

Ana öz bacısı qızını çox vaxt həm də o səbəbdən evində gəlin görmək istəyir ki, xalası olduğu üçün qocalanda ona yax­şı baxar. Ana qızını öz qardaşının evinə həm də ona görə gəlin köçürmək istəyir ki, o cah-cəlallı mülkdə yad qızı xanım­lıq eləməsin. Bu cür altşüur diktələrini ən müxtəlif merkantil sadalamalarla artırmaq olar. Halbuki, gənclərin rahat dil tapması, qızının ər evində başısığallı gəlin olması, oğul nəvələrinin məhz elə onlara çəkməsi arzusunun tutarlı coğrafi-sosioloji kökləri var. 

Coğrafi məqam budur ki, əvvəllər in­sanlar çox kiçik əhali qrupu olaraq yaşayır­dılar. Məsələn, 120 il əvvəl ictimai nəqdiy­yatın yox dərəcəsində, yalnız neftxudaların avtomobilli olduğu zamanda Abşerondakı hansısa kənddən Bakıya at arabası, yaxud faytonla gəlmək, az qala, bir gün vaxt apa­rırdı. Bölgələrimizdə də vəziyyət quber­niya Bakısından yaxşı deyildi. Təbii ki, insanlar digər insan qrupu ilə ünsiyyətdən çəkinirdi, istədiyi vaxt yad evindəki övla­dından xəbər tuta bilməmək, üstəlik, onun yad elin adətlərinə necə uyğunlaşması ilə bağlı nigaranlığı “özününkünə ver, özü­nünkündən al” düşüncəsini formalaşdır­mışdı. 

Sosioloji məqam da budur ki, qohumla yenidən qohumlaşmaq valideynlərə rahat görünürdü. Yəni gələcək gəlinin evdarlığı­na, əl qabiliyyətinə bələdsən, kürəkəninin sənin qızını, gələcək nəvələrini ac qoyma­yacağına güvənin var. Düzdür, yanılanlar da olur, amma hər halda… 

Bəs, niyə gənclər yüzdə-doxsan hal­larda valideynin qohum evlilik göstəri­şinə razılaşıbdar? Yenə də sosioloji amil qabarır: yaxınlığındakı hər kəsi tanıdığın doğma kənddən qırağa çıxmadığın halda (yəni ucqar kənddə), bütün qadınların qa­palı olduğu mühitdə (yəni şəhər yerində) kimi görüb bəyənə bilərsən? Ən azından bilirsən ki, xalan qızı necə görünür, əmin oğlu mixəkli çay xoşlayır, yoxsa hilli? Bi­bin qızı qardaşının sözünə baxırsa, deməli, sənin də üzünə qayıtmaz. Dayın oğlu bala­ca bacısını qapazaltı etməyibsə, deməli, öz əyalı ilə də mülayim dolanacaq... 

İndisə dövran dəyişib, insanların xa­rakteri qəlizləşib. Daha qızlar ananın tök­düyünü yığmır, oğlanlar atanın ailə mo­delini olduğu kimi təkrarlamır. Üstəlik, kiminsə qızının saçının rəngini, səsinin qu­laq cırmaqlamayan olduğunu bilmək, han­sısa oğlanın nəyi bəyəndiyini bilmək kimi primitiv məqamları öyrənmək çox asandır. Əslində, bütün bunlar nikah bağlamaq üçün dördüncü-beşinci dərəcəli şərtlərdir ki, bunu da hamımız yaxşı bilirik. 

Qızlar daha qohum-əqrabadan ayıbdır deyərək, əmioğlunun ev müstəbidliyinə dözmür, oğlanlar da xalaqızının acı dilinə təhəmmül etmirlər. Bu üzdən də boşan­malar, əvvəldən təməli möhkəm olmayan tifaqların dağılması başlayır: biz də ki, dost kimi ayrıla bilmirik, düşmənə çevri­lirik. Qohumla evliliyin əvvəlcədən plan­laşdırıldığı kimi, uğurla davam edəcəyinə heç kim öncədən qərar verə bilməz. Əgər övladınız qohumla evliliyə etiraz etmirsə, tablaşıb dözürsə, bu, hələ onun yarıdığına qarant deyil. 

Bu günlərdə bir neçə qadınla söhbətdə qohum qaynana–gəlin münasibətindən söz düşdü. Şəxsi həyatına o qədər də bələd ol­madığım ali təhsilli bir xanım əvvəlcədən sussa da, sonda sözünü uda bilməyib etiraf etdi: 

- Xala, xalaqızı evlənənədək xaladır, xala qızıdır. Elə ki gəlin gəldin, xala dönüb olur qaynana, xalan qızı da baldız. Anamın sözündən çıxmadım, xalam oğlu ilə ailə qurdum. Sonradan bildim ki, mən də onun öz seçimi deyiləm. Bir-birimizlə yola get­dik, iki övladımız oldu, amma nə mən, nə də o, öz həyatımızı yaşamadıq. 

Nöqtə… Nöqtə… Bir də üç nöqtə.

Sosial həyat