Mingəçevirlilər Namanqanda

post-img

Ötən ay Qubada keçirilmiş II Azərbaycan–Özbəkistan Regionlararası Forumunda iştirakçılar təmsil etdikləri inzibati ərazi vahidlərinin iqtisadi potensialı, həyata keçirilən layihələr, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Forumda həmçinin Azərbaycan və Özbəkistan arasında Füzuli və Gülüstan, Biləsuvar və Termez, Mingəçevir və Namanqan şəhərlərinin qardaşlaşması barədə sazişlər imzalanıb. Sənədlərin icrası xalqlarımızın daha da yaxınlaşması və birbaşa əlaqələrin gücləndirilməsi üçün yeni perspektivlər açıb. 

Bu günlərdə Mingəçevirin nümayəndə heyəti Özbəkistanda keçirilən “Namanqan Flowers–2024” 63-cü beynəlxalq gül festivalında iştirak ediblər. Ənənəvi olaraq keçirilən gül bayramında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov, şəhər bələdiyyəsi sədrinin müavini Əli Əliyev, toxuculuq fabrikinin direktoru Əli Əsədov, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan iştirak ediblər.

Əhali sayına görə Özbəkistanın Daşkənddən sonra 2-ci böyük şəhəri olan Namanqanda keçirilən festival maşınlarının paradı hər kəsə unudulmaz təsir bağışlayıb, alqışlarla qarşılanıb. Mingəçevir nümayəndə heyətinin həmin şəhərdə fəaliyyət göstərən Mədəniyyət Evi, Dövlət Dram və Kukla teatrlarının rəhbər heyəti ilə görüşü olub. Qonaqlar həmçinin fabriklərin fəaliyyəti, avadanlıqlarla yerindəcə tanış olaraq, Mingəçevirlə Namanqan müəssisələrinin əlaqələrinin artırılması üzrə işgüzar müzakirələr aparıblar. 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimovun bu barədə dedikləri:

– Yaddaqalan səfər zamanı Namanqan şəhərinin meriyası bizə xüsusi diqqət göstərdi. İştirakçılarla səmimi görüşlərimiz, söhbətlərimiz oldu. Azərbaycan və özbək dillərinin nə qədər yaxın olduğunu gördük. Şəhər parkında olduq, Kukla teatrının aktyorlarının təqdim etdiyi tamaşaya böyük maraqla baxdıq. Özbəklərin səmimiyyəti və qonaqpərvərliyi bizi valeh etdi. Tekstil fabrikinin məhsulları və müasir avadanlıqları ilə tanış olduq. Mingəçevir müəssisələri haqqında məlumat verdik. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə ölkəmizdə yeni sənaye parklarının yaradılması barədə danışdıq, həmçinin Mingəçevirdə yeni yüngül sənaye müəssisəsinin yaradılması üçün ilk addımların atıldığını bildirdik. Ümid edirik ki, bu yolda özbəkistanlı qardaşlarımızla əlaqələr xeyirli və uğurlu olacaq. Mədəni sahədə də yaradıcılıq əlaqələri güclənəcək, qarşılıqlı səfərlər intensiv xarakter alacaq. 

İlqar HƏSƏNOV, 
“XQ”nin bölgə müxbiri

Mingəçevir

 

Sosial həyat