Dünya pianoçularının Bakı yarışması

post-img

Paytaxtda Əməkdar artist Şahin Növrəslinin təsisçisi olduğu III Bakı Piano Festivalı keçirilir.

“Landmark Hotel”də təşkil olunan festivalın media üçün təqdimatında Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyətlər üzrə müşaviri Şarl Denye, digər qonaqlar iştirak ediblər.

Şahin Növrəsli görkəmli Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. O hələ 5 yaşında musiqi məktəbinin fortepiano sinfinə yazılıb, 11 yaşında ikən Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Bakı Musiqi Akademiyasında oxuyub. "Sevda şəlaləsi", "1002-ci gecə" kompozisiyalarını bəstələyib və bir çox xalq mahnılarını caz üslubunda interpretasiya edib. Tələbə vaxtından daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub. Beynəlxalq Montrö Caz Festivalında gümüş medala layiq görülüb. Bir sıra maraqlı sintez layihələrinin müəllifidir. Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar edib və albomlar yazdırıb. Təsadüfi deyil ki, onu dünya caz səhnəsinin ulduzu sayırlar. Tez-tez Türkiyə, Fransa, Rusiyada və konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və məktəblərində ustad dərsləri verir.

Maestro festivalın proqramı və iştirakçıları haqqında danışıb, bütün tərəfdaşlara, sponsorlara və media nümayəndələrinə təşəkkürünü bildirib. Musiqi bayramına 10 ölkədən artistlər qatılıblar.

Festival iyunun 16-da Rebeka Orteqa – “Flamenco Company”nin iştirakı ilə flamenko konserti ilə açılıb.

Bayram çərçivəsində “Fortepiano üçün etüd” ədəbi müsabiqəsi də keçirilib. Müsabiqənin məqsədi ədəbi əsərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşdırmaq olub. Əsərləri münsiflər heyətinin üzvləri – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Xakimov, “NG Creators ­Club”un direktoru Natiq Əliyev və festivalın media əlaqələndiricisi Rüstəm Hüseynov iştirakçıların əsərlərini qiymətləndiriblər.

Sonra “Bizim Qafqaz” layihəsi təqdim olunub. Layihənin rəhbəri beynəlxalq təlimçi və məsləhətçi Nini Karseladze idi. O, dedi ki, məqsəd Qafqaz xalqlarının tarixini, mədəniyyətini, qonaqpərvərliyini, adət və ənənələrini dünyaya daha yaxından tanıtmaqdır. Qoy, hamı görsün və bilsin ki, biz necə yaşayırıq.

Bu festival təkcə fortepiano və klaviatura virtuozlarının sehirli ifası deyil. O, musiqisevərləri harmoniyalarla ovsunlayan dəbdəbəli atmosferdir. Burada hər kəs öz zövqünə uyğun musiqi tapa bilir. Layihə hər zaman öz unikallığı ilə seçilir. 

Festivalın təsisçisi maestro Şahin Növrəsli dedi: “İlk gündən fikrimiz bu idi ki, piano bütün janrları özündə birləşdirən musiqi alətidir və bu adlı festival bənzərsiz olmalıdır. Dünyada belə məzmunda festival yoxdur ki, bir gün klassik musiqini, sabahı flamenko musiqisi dinləyəsən, sonra sərgiyə baxasan, kino nümayişi ola. Məncə, alınır”. 

Festival günlərində paytaxtın musiqi salonlarında çoxsaylı konsertlər keçirilib. Təqdimatlarda caz, flamenko, tanqo, Braziliya sambası və s. musiqilər ifa olunub. Paytaxtın müxtəlif musiqi salonlarında avstriyalı Martin Listabarzın, Şahin Növrəslinin caz trioları, braziliyalı İsak Jambanın qrupunun çıxışları maraqla qarşılanıb. Barokko musiqi axşamı, hər gün təşkil olunan Köhnə şəhərin caz gecələri və gənc istedadların “Gələcək bizik” adlı konserti xüsusi qeyd edilməlidir. 

“Qoy, piano sizə ilham versin!” şüarı altında keçən 3-cü Bakı Piano Festivalı iyunun 29-dək davam edəcək. Həmin gün festival İsak Jamba qrupunun ifası – Braziliya samba konserti ilə başa çatacaq.

Ə.DOSTƏLİ 
XQ

 



Mədəniyyət