Milli səhnəmizin Cülyettası

post-img

Barat Şəkinskaya – 110


Ona səhnənin Cülyettası da deyiblər, Dezdemonası da. Milli kinomuzun Qulluqçu Sənəmi kimi də çox sevilib. 

Düz 110 il əvvəl Şuşada dünyaya gələn Barat Həbib qızının nəsli Qarabağa, İbrahim xanın şəcərəsinə bağlıdır. Atasının əsli-kökü daha dərinə – Zəngəzur mahalının Şəki kəndinə gedib çıxır. Elə Şəkinskaya soyadı da oradan qaynaqlanır. Yeri gəlmişkən, zamanın sərt üzünə baxmayaraq, Barat xanım bəy nəslindən olduğunu gizlətməyib, başqaları kimi ana soyadına keçməyib. Xoşbəxtlikdən, bu faktın ona mənfi təsiri olmayıb, əksinə, Mircəfər Bağırov bir aktrisa kimi onu yüksək qiymətləndirib, bütün premyeralarına gedib və 1937-ci ildə, cəmi 23 yaşı olan aktrisaya Əməkdar artist, 1949-cu ildə isə Xalq artisti fəxri adlarını verib. 

Böyük sənətə ilk addımlarını Gəncədə atan gənc istedad 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrında çalışıb və parlaq obrazlar yaradıb. Barat Şəkinskaya “Kral Lir” (Kardeliya), “Romeo va Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola),”Polad qartal” (Şəfiqə), “Məkr və məhəbbət” (Luiza), “Mehmanxana sahibəsi” (Mirandalina), “Rəqs müəllimi” (Florela), “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında oyunları ilə örnək olub. Aktrisa çoxlu sayda uşaq rollarını da ifa edib. Son dəfə uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. 

O, bir sıra məşhur filmlərdə də yaddaqalan obrazlar canlandırıb.”Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Qəribə əhvalat” (1960), “Telefonçu qız” (1962), “Onun bəlalı sevgisi” (1980), “Üzeyir ömrü” (1981) və sair filmlərdə Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir.

Barat Şəkinskaya Akademik Milli Dram Teatrında, Gəncə teatrında və bir neçə il kinostudiyada işləyib. Daşkənddə keçirilən Beynəlxalq kino festivalı günlərində iştirak edib. Arada radio verilişləri aparıcısı və televiziya diktoru olub. 

Xalq artistləri Barat Şəkinskaya və Miribrahim Həmzəyevin qızı – ilk qadın telerejissorlarımızdan olan Solmaz xanımla dövlət televiziyasında birlikdə işləmişəm. Onda Barat xanım hələ sağ idi, hər dəfə qızı ilə, jurnalist Babək Hüseynoğlu ilə telefonla danışanda bizi də salamlayırdı. Böyük sənətkarın səsini eşitməkdən fərəh duyurduq. Solmaz xanımın anası haqqında söhbətlərini də maraqla dinləyirdik. 

Hazırda 92 yaşı olan, yarım əsrədək AzTV-də çalışmış Solmaz xanım deyir ki, anası Leyla Bədirbəyli, Nəcibə Məlikova, Hökümə Qurbanova, Fatma Qədri, Əminə Sultanova kimi səhnə və ekran ulduzları ilə yaxın rəfiqə olub. 

– Anamla Fatma Qədri bir xanım fransız müəllimi tutmuşdular ki, həm Fatma xalanın qızına, həm də mənə mədəni etiketləri, cəmiyyət arasında necə davranmağın incəliklərini öyrətsin, – deyə Solmaz xanım xatırlayır. – O, qastrola gedəndə məni Əminəgildə qoyurdu, onun yoldaşı Əjdər Sultanov da teatrın aktyoru idi. Anam tanımadığı adamlardan da köməyini əsirgəməzdi. Bir məclisdə şəhid anası ilə tanış olub öyrənir ki, qadının evi yoxdur. O vaxtkı MK-nın 1-ci katibi İmam Mustafayevə zəng edərək yaşlı qadının mənzil almasına kömək edir. Mənim ondan nələri öyrənməyimə gəlincə isə, özün də şahidsən ki, çoxları üçün rəhbərliyin yanına xahişə gedən, mehribanlıq yaratmağa çalışan olmuşam. Bu, sırf anamdan gələn xasiyyətdir. 

(Solmaz xanımın sözünə qüvvət, 1986-87-ci illərdə mən dövlət teleradio şirkətində ştatdankənar müxbir idim, ştata keçməyimi sədr müavinləri Nahid Hacıyev və Aqşin Babayevdən xahiş edənlərdən biri də elə o olmuşdu)...

Çətin, keşməkeşli həyatı olan, buna baxmayaraq, daim ətrafına işıq saçan Barat Şəkinskaya sonda bir fotoqrafın naşılığı üzündən gözünün birini itirmişdi. Həmin fotoqraf kollektiv şəkil çəkəndə cilvəli lampanın işığını elə salmışdı ki, bir neçə nəfərin görmə qabiliyyətinə zərər dəymiş, Barat xanımın isə bir gözü qlaukomaya tutulmuşdu. Sonra o, məcburən cərrahi əməliyyatla süni göz qoydurmuşdu. 

Böyük sənətə həmişə aşağıdan yuxarıya baxan, daim məsuliyyət hiss edən Barat Şəkinskaya heç vaxt peşəsinə xəyanət etməyib. Teatrşünas İlham Rəhimli yazır ki, bir dəfə 60 yaşlarında ikən işdən çıxmasının səbəbini ondan soruşanda ibrətamiz cavab verdi. Dedi ki, bir gün məşqdə idim, bir də gördüm, yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə, Barat, səninki burda qurtardı. 

Barat Şəkinskayanın övladları ilə bir şəkli var: qızları Solmaz və Rövşanə (sonradan Amerikaya köçüb), bir də dünyasını vaxtsız dəyişmiş rəssam-aktyor oğlu Elçinlə (“Yeddi oğul istərəm” filmindəki Mirpaşa). Uşaqların ağıllı, məsum baxışları anaları ilə fəxr etdiklərini aşkar göstərir. Solmaz xanım anasının onlarda mədəniyyətə, incəsənətə sevgi aşıladığı kimi, həm də bir qadın kimi gözəl xörəklər bişirə bildiyini də xüsusi vurğulayaraq deyir ki, onun xarakterinə hər işi mükəmməl bilmək keyfiyyəti xas idi.

Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə, 84 yaşında dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.

Əli NƏCƏFXANLI
XQ

 



Mədəniyyət