Mərahim Fərzəliyev – 75
O, səhnə həyatı verdiyi əsərlərlə müasir mədəniyyətimizə yeniliklər gətirib, yüzlərlə tamaşaya mükəmməl rejissor yozumu verib. Söhbət milli teatrımızı rəngarəng tamaşalar palitrası ilə zənginləşdirən Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdan gedir.
Bu sənətkarı teatrsevərlər özünəməxsus sənət dünyası ilə tanıyır. Elə buna görə də Beynəlxalq Muğam Mərkəzində görkəmli rejissorun 75 illiyi münasibətilə təşkil olunmuş tədbirdə mədəniyyət xadimləri, alimlər, deputatlar həvəslə iştirak etdilər. Çıxış edənlərin kimisi ürəkdən gələn xoş sözlərlə, kimisi də mahnı və şeirlə yubilyara arzularını çatdırdı.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov yarıməsrlik yaradıcılıq dünyası olan sənətkarın milli mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, görkəmli rejissor teatr sahəsində yeni təfəkkürü təmsil edən sənətkar kimi çoxsaylı səhnə əsərinin dramaturji taleyini həll edib, yüksək peşəkarlığı sayəsində səhnəyə yeni nəfəs gətirib. O, konkret faktlarla yubliyarın zəngin yaradıcılığından söz açdı, mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərini vurğuladı.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov söylədi ki, peşəkar teatrın bəlli bir məqama yetişməsində Mərahim Fərzəlibəyovun böyük xidmətləri var: “Bu gün yubileyinə toplaşdığımız görkəmli rejissorumuz bəxti gətirən sənətkarlardandır. Onun sənətə gəlişi Azərbaycan teatrı parlaq bir dövrünü yaşadığı vaxta düşüb. Teatrımızın şərəfli dövrünü göz önünə gətirəndə, onun qızıl mərhələsi 60–70-ci illərdir. O zamanlar nəhəng aktyorlar və rejissorlar meydanda idilər, böyük bir yaradıcı rəqabət mühiti var idi. Mərahim Fərzəlibəyov da belə bir mühitdə parladı. Ona nəsib oldu ki, böyük aktyorlarla işləsin. Bu da rejissorun sənətkarlıq dünyasına müsbət təsirsiz ötüşmədi”.
Tanınmış teatrşünas, tənqidçi Məryəm Əlizadə, Akademik Milli Dram Teatrnın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Dövlət Film Fondunun icraçı direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar incəsənət xadimləri Hafiz Quliyev, Abdulla Qurbani və digər şəxslər çıxış edərək, yubliyarın həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər, ona ən xoş arzularını çatdırdılar. Çıxışlarda rejissorun quruluş verdiyi ayrı-ayrı uğurlu tamaşa və filmlər xatırlandı, insani keyfiyyətləri barədə fikirlər səsləndirildi. Diqqətə çatdırıldı ki, o, istər teatr səhnəsində, istərsə də filmlərdə bir-birindən gözəl, orijinal üslublu nümunələr yaradıb. Rejissorluq işində yüksək zirvə fəth edərək, gənc yaradıcı nəsil üçün örnəyə çevrilib.
Yubiley gecəsində Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə görkəmli rejissora “Milli teatr” mükafatını təqdim etdi. Sonda yubilyar yaradıcılığına verilən qiymətə görə hər kəsə təşəkkürünü bildirdi.
Ceyhun ALIŞLI