İrəvanın Avropa İttifaqına qoşulmaq arzusuna sözardı
Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına daxil olmağın mümkünlüyü məsələsini referenduma çıxara bilər. Bunu ölkə parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı yerli “LSM.lv” telekanalına müsahibəsində bildirib: “Cəmiyyətimizin qərarı var – Avropanın bir hissəsi olmaq. Bir neçə gün əvvəl parlamentimizdə Ermənistanın Avropa İttifaqına üzv olması üçün referendumun keçirilməsi ilə bağlı müzakirələr getdi. Düşünürəm ki, biz də yaxın gələcəkdə Avropa İttifaqına üzv olacağıq. Referendum olacaq və mən əminəm ki, xalqımız “hə” deyəcək”.
Əslində, A.Simonyanın timsalında Ermənistan iqtidarının referendum məntiqi çox qəribədir. Ölkə Avropa ailəsinin üzvü olmaq istəyirsə, məsələ hökumətin qərarı ilə də təsdiqlənə bilər. Məlumdur ki, sadə ermənilər Avropa İttifaqına qoşulmağa razıdırlar. Bu, heç də şüurlu qərar deyil. Tipik erməni baxışında Avropa məkanının bir hissəsinə çevrilmək “köhnə qitə”yə vizasız gediş-gəliş imkanıdır. İlk primitiv təsəvvür budur.
Digər tərəfdən, Avropa sıravi ermənilər üçün həm də ölkələrindəki ac-yalavac durumdan qaçmaq, iş yeri tapmaq imkanıdır. Bir halda ki, Ermənistanın hazırkı rəhbərliyi yaxındakı bazarla – Rusiya ilə münasibətlərini korlamaq yolunu tutur, heç şübhəsiz, “köhnə qitə”, erməni əriyinin satış məkanına çevrilməlidir. Əlbəttə, həmin əriyi satanların piştaxtalarına da.
Sözümüz ondadır ki, referendumsuz da hər şey aydındır. Bəs görəsən, referenduma nə ehtiyac var? Nəticəsi bəlli olan proseslə əlaqədar zərurət bir neçə cəhətdən əsaslandırıla bilər. Birincisi, şoupərəst Ermənistan hakimiyyəti üçün ümumxalq səsverməsi ölkəni reklam etmək niyyətidir. Baş nazir Nikol Paşinyan və tərəfdarları dünyaya ermənilərin, guya, mütərəqqi olduqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşdıqlarına dair mesaj verməyi düşünür.
İkincisi, Avropa ailəsinə qoşulmaq ətrafında şou yaradılması tipik erməni avantürizminin gerçəkləşdirilməsi üçün münbit zəmin deməkdir. İrəvanda belə düşünə bilərlər ki, Aİ-də təmsilçilik əzminin nümayişi diqqəti avantürizmdən yayındıracaq. Deməli, ortada siyasi manipulyasiya üçün tutacaq yer axtarılır.
Vaxtilə N.Paşinyan Avropaya güvənərək, özünün Qərbin dəstəklədiyi inqilabın lideri obrazına arxalanaraq Azərbaycanla danışıqları dalana dirəmiş, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanat vermiş, Cıdır düzündə şərab içib, belə demək mümkünsə, demokratiyasına sərxoşluq həzzi yaşatmışdı. Lakin 44 günlük müharibənin nəticələri göstərmişdi ki, Qərbin, o cümlədən Avropanın İrəvana real dəstək verə bilmək imkanı yoxdur. Digər tərəfdən, bununla bağlı mexanizm də istisnadır.
Bəs Ermənistan, doğrudan da, AB-yə qoşula bilərmi? Hər halda, Avropanın Ermənistana münasibəti Gürcüstana baxışı qədər deyil. Ancaq ikinci hələ də Avropa ailəsində təmsilçilik hüququ qazana bilmir. Ermənistanın hazırkı iqtidarının təmsilçiləri bunu görməmiş deyillər. Ona görə də referendum keçirib qurumu fakt qarşısında qoymağı düşünürlər.
Erməni iqtidarı ümumxalq səsverməsinin sığortaedici mahiyyətini də anlayır. Hazırda kollektiv Qərbin təhriki ilə anti-Rusiya kampaniyasına qoşulan rəsmi İrəvan Moskvanın əks davranışlarına qarşı immunitet formalaşdırmağı hesablayır. Təxminən belə: baxın, biz Rusiya ilə mübarizə aparırıq, siz də bizi Kremldən qoruyun.
Daha bir məqama diqqət yetirək. Məlumdur ki, Avropa İttifaqına qoşulmağın prosedurları var. Bu prosedurları yerinə yetirmək isə Ermənistanın imkanları xaricindədir. Referendum məsələ ətrafında mənasız hay-küy yaratmaqdır. Bu ajiotaj ona görə formalaşdırılır ki, çatışmazlıqlara göz yumulsun. Elə isə növbəti, daha vacib olan suala keçid alaq.
Ermənistana referendum nəyə görə lazımdır? Cavab birmənalıdır: ölkə öz konstitusiyasını dəyişməlidir. Yalnız bu məsələ ümumxalq səsverməsinə çıxarılmalıdır. Bir ölkənin ki, ana qanunu qonşularına qarşı ərazi iddialarına köklənir, ondan nə gözləyəsən? Belə bir yırtıcı xislətli ölkə Aİ-yə qoşulmalıdırmı? Əlbəttə ki, yox!
Ancaq o da məlumdur ki, dünyada ikili standartlar siyasəti hökm sürməkdədir. Bu ab-hava fonunda bütün prinsip və dəyərlərin bir andaca tapdalanması mümkündür. Görünür, Ermənistan rəhbərliyi də mövcud reallığı gözəl dərk edir. Buna görə də referendum şousu yaradır. Nəhayət, ikili standartlar siyasətinin gündəmdə olduğu, prinsipsizliyin hökm sürdüyü hazırkı şəraitdə demək olmaz ki, Ermənistan Avropa İttifaqına qoşula bilməz.
XQ-nın analitik qrupu