İtaliya Azərbaycanın xaricdə ən fəal tərəfdaşıdır

post-img

Prezident İlham Əliyev iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu gün Azərbaycan–İtaliya əlaqələri tarixində yeni bir mərhələ başlandığını, münasibətlərdə yeni səhifə açıldığını, iki ölkənin hərbi-texniki sahədə də artıq əməkdaşlığa başladığını vurğulayıb.  

Dövlətimizin başçısı İtaliyanın yüksək səviyyədə inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu bildirərək iyunun 26-da təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev, eyni zamanda,  Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin bu dost ölkənin payına düşdüyünü, ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü və  bir çox İtaliya şirkətlərinin respublikamızda  uğurla fəaliyyət göstərdiyini, habelə bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib. 

Bu qısa qeydlərə əsaslanıb deyə bilərik ki, Azərbaycanın hazırda ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. Xatırladaq ki, bu münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması,1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr yaradılması ilə başlanılıb. Onu da deyək ki, 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi fəaliyyətə başlayıb.

Yeri gəlmişkən, 1997-ci il sentyabrın 25-28-də ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib. Sonrakı dövrdə İtaliyanın rəsmi şəxsləri Azərbaycana, ölkəmizin rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər. Bu səfərlər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanıb.

Göründüyü kimi, Azərbaycan – İtaliya əlaqələri çox möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən illər ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, dost dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb.

Respublikamız bu gün İtaliyanın əsas siyasi, iqtisadi-ticari tərəfdaşlarından biridir.   İtaliyanın Azərbaycanla əlaqələri yalnız enerji sahəsini deyil, iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Bunu İtaliya şirkətləri tərəfindən enerji, infrastruktur və nəqliyyat sahələrinə geniş həcmdə sərmayə yatırılması da aydın göstərir.

Vətən müharibəsindən bir müddət sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe arasında video-konfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə Türkiyədən sonra başqa bir nüfuzlu dövlət də qoşulub.

“Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzaladıqları müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirib.

Ermənistanın 30 il ərzində işgal altında saxladığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bütün infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dağıdılaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları tərəfindən bütün enerji infrastrukturu sıradan çıxarılıb, düşmən apara bildiyi avadanlıqları daşıyıb, apara bilmədiyini isə ya partladıb, ya da yandırıb.

İki ölkənin enerji sahəsində əməkdaşlığında da ötən illər ərzində mühüm uğurlar əldə edilib. Belə ki, 1995-cu il noyabrın 10-da ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cu ilin iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şah Dəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci ilin iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.

Xatırladaq ki, 2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ/Agip şirkəti Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə dair sazişi imzalayaraq 5 faiz payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.

İtaliya Azərbaycanın Avropada ən yaxın ticarət tərəfdaşı olmaqla yanaşı, TANAP-TAP layihələrində aparıcı tranzit ölkələrdən biridir. “Cənub Qaz Dəhlizi”  layihəsinin  son mərhələsi olan TAP çərçivəsində Azərbaycan qazı İtaliya vasitəsilə Avropaya çatdırılır.

İqtisadçı ekspert, CESI Beynəlxalq Araşdırmalar Mərkəzinin (Roma) təhlil şöbəsinin müdiri Marko Di Liddo Azərbaycan mediasına bildirdiyinə görə, Azərbaycan özünü İtaliyaya dost və sadiq bir ölkə kimi tanıdıb. Hazırkı çətin qlobal geosiyasi vəziyyətdə Azərbaycandan təbii ehtiyatların tədarükü İtaliyanın enerji sektorunda problemlərin həllinə kömək edir. Azərbaycan təkcə İtaliya və Avropa üçün etibarlı təchizatçı deyil, həm də Roma və bütün Aİ ilə yaxşı münasibətlər saxlayır. Azərbaycan sayəsində İtaliya iqtisadi və ekoloji dayanıqlığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilir. 

Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır, dost ölkənin Cənubi Qafqazla ticarətinin 95 faizi Azərbaycanladır. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz nəqli 2024-cü ilin yanvarında 878 milyon kubmetr təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 3,1 faiz çoxdur.

Marko Di Liddo daha sonra vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının (COP29) mədən yanacaqlarının istehsalçısı və ixracatçısı olan Azərbaycanda keçirilməsi hökumətin iqlim dəyişikliyi ilə mübarizədə ciddi addımlar atmaq strategiyasını nümayiş etdirir: “İnanıram ki, əməkdaşlığın əsas mövzusu enerji səmərəliliyinin artırılması üçün birgə texnoloji tərəfdaşlıqların inkişafı, akkumulyator və elektromobil zavodlarının tikintisi olacaq. İtaliya və Azərbaycanı ciddi iqtisadi və enerji diversifikasiyasına başlamaq zərurəti birləşdirir. Ölkələrimiz arasında qaz layihələri ilə yanaşı, hidrogenlə bağlı çoxsaylı layihələr həyata keçirilə bilər. Bu yaxınlarda İtaliya hakimiyyəti Trans-Adriatik Boru Kəmərindən hidrogen tədarükü üçün də istifadə imkanlarını təhlil edir ki, bu da enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək”.

Azərbaycanın dost ölkə ilə “yaşıl kimya”, “yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında  sıx əməkdaşlığı mövcuddur.  İtaliyanın 90-a yaxın şirkəti respublikamızda həyata keçirilən layihələrdə podratçı qismində  iştirak edir.  

Bakıda, eləcə də işğaldan azad edilmiş şəhərlərdə Qələbə və İşğal muzeylərinin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada tarixi abidələrimizin və dağıdılmış məscidlərimizin bərpa və inşası ilə bağlı İtaliya şirkətləri səmərəli fəaliyyət göstərirlər. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşasını da İtaliya şirkətləri həyata keçirirlər.  

İki ölkə arasında siyasi münasibətlərin güclənməsi iqtisadi-ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərir. Ticarət baxımından Azərbaycan bu ölkənin ilk kommersiya tərəfdaşıdır. 2023-cü ildə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul ixrac olunub. Dost ölkədən  Azərbaycana isə 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.

İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsinin əsas səbəblərindən biri ölkəmizin hər zaman verdiyi vədə sadiq qalması, razılaşdırılan məsələlərin icrasının diqqətdə saxlamasıdır.

İqtisadiyyat