KOB-lar “kiçik” və “orta” adlansa da, çəkicə böyükdür

post-img

Onlar Azərbaycanda sahibkarların 99,6 faizini  təşkil edirlər 

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnaməsinə əsasən 2017-ci ildən etibarən iyun ayının 27-si dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi təsis olunub. Bundan da  məqsəd mikro, kiçik və orta biznesin (KOB) davamlı inkişafa və iqtisadiyyata verdiyi töhfəni bir daha xatırlatmaq və ictimaiyyəti məlumatlandırmaqdır.

Ümumilikdə, kiçik və orta biznes sub­yektləri iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların fəaliyyət göstərdikləri ölkələrdə dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda dünya üzrə şirkətlərin təqribən 90 faizi KOB subyektləridir. Bundan əlavə, KOB-lar dünyada məşğulluğun 60-70 faizini, ümumi daxili məhsulun isə 50-60 faizini təmin edir.

Azad bazar iqtisadi münasibətlərinin hökmran olduğu indiki şəraitdə bütün dünyada olduğu kimi, Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Məhz buna görədir ki, son illər ölkə iqtisadiyyatının dinamik inkişafında mühüm rol oynayan özəl sektora, o cümlədən kiçik və orta biznes subyektlərinə dövlət dəstəyi getdikcə gücləndirilir. Hazırda bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən ölkəmizdə biznes fəaliyyətinə başlamaq istəyən şəxslər özünü daha inamlı və güvənli hiss edirlər. Bunun nəticəsidir ki, son illər sosial-iqtisadi həyatın bütün sahələrində sahibkarlıq subyektlərinin, xüsusən də KOB-ların sayı getdikcə artır. 

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Həmin meyarlara əsasən, ölkəmizdə işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyekti mikro sahibkar sayılır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min 3 milyon manat arasında olan iş adamı kiçik sahibkar hesab olunur. Orta sahibkar isə işçilərinin sayı 51-250 arasında və illik gəliri 3-30 milyon manat arasında olan sahibkardır. 

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarların 99,6 faizini kiçik və orta biznes subyektləri təşkil edir. Onların isə 96,8 faizi mikro, 2 faizi kiçik, 0,8 faizi orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.

Qurumun məlumatına əsasən, bu tip subyektlərin yeni bölgüsü meyarlarının tətbiq edildiyi son 5 il ərzində KOB-ların sayı 54 faiz artıb. Artıq iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilmiş kiçik və orta biznes subyektləri ümumi daxili məhsul istehsalında xüsusi pay sahibinə çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə sözügedən biznes subyektlərinin qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5 faizdən 27,2 faizə yüksəlib. Bütövlükdə isə, KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74 faizdən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. Bununla yanaşı, son beş ildə  kiçik və orta biznes subyektlərində fəaliyyət göstərən işçilərin sayı 31 faiz artaraq 370 min nəfəri keçib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 2023-cü ilin statistikasından çıxış edərək bildirib ki, hesabat dövründə kiçik və orta biznes sektoru üzrə cəmi dövriyyə 43,8 milyard manat təşkil edib ki, bu da əvvəlki illə  müqayisədə 13 faiz artım deməkdir. Bununla yanaşı, son illərin statistik göstəricilərinə əsasən, meyarı böyüyən şirkətlərin sayında da müsbət dinamika müşahidə edilir. Belə ki, 2022-ci ildə belə şirkətlərin sayı, təqribən, 4600 olduğu halda, ötən il bu rəqəm 5300-ü keçib. Ekspertlərin qənaətinə görə, şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu isə ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxələndirilməsində mühüm rol oynayır.

Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. Bu da iqtisadiyyatın müxtəlif sahələrində yeni bu tip subyektlərin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Bir məqamı da diqqətə çatdıraq ki, kiçik və orta subyektlərə göstərilən dəstək və xidmətlər biznesin qurulmasından başlayaraq onun inkişafına qədər olan bütün proses daxil olmaqla  müxtəlif vergi və gömrük güzəştlərini, infrastruktur və digər institusional tədbirləri, güzəştli kredit və subsidiyaları əhatə edir. Eyni zamanda, adı çəkilən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yeni KOB-ların yaradılmasına və mövcud bizneslərin inkişafına hərtərəfli kömək göstərilir. 

Onu da qeyd edək ki, ölkəmizdə kiçik və orta sahibkarlığın stimullaşdırılması məqsədilə ölkəmizdə KOB evləri yaradılır. Artıq Bakı, Xaçmaz və Yevlax şəhərlərində belə məkanlar fəaliyyət göstərir. Məlumat üçün bildiririk ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölməsi olan KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin təqdim olunduğu vahid məkandır. Sahibkarlar bu məkana daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət ediblər. 

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında da kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanuna, eləcə də Nazirlər Kabinetinin 5 fevral 2024-cü il tarixli qərarına əsasən təsdiq edilmiş KOB subyektlərinə dəstək tədbirləri qarşıdakı illərdə də davam etdiriləcək. Bu baxımdan gələcəkdə KOB-ların rəqəmsallaşmasına, “yaşıl iqtisadiyyat”a keçiddə onların rolunun artırılmasına, işğaldan azad olunmuş ərazilərdə belə subyektlərin fəaliyyətinin təşkilinə diqqət daha da artırılacaq.

İqtisadiyyat