Yenə Qazaxa gedirik. Seldən, daşqından iki gün keçib. Kür bir qədər sakitləşməsinə baxmayaraq, arabir yüngülcə də olsa şahə qalxır, yırğalanır. Kür boyu səpələnmiş Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərinin sakinləri yenə əvvəlki kimi, əkinlə-biçinlə məşğuldurlar. Xüsusilə, Yuxarı Salahlı kəndinin sakinləri daha arxayın, özünəgüvənli görünürlər. Kənd icra nümayəndəsi Nəsib Şəmsiyev bizi gülərüzlə qarşılayır:
– Çoxdan idi Kürün bu qədər, necə deyərlər, “əsəbiləşdiyini” görməmişdik. Yaxşı ki, vaxtında bizim kəndə Kürqırağı bəndlər çəkiblər, çay nə qədər coşub-daşsa da bəndi aşıb bu tərəfə keçə bilmir. Amma Aşağı və Orta Salahlı kəndlərinə müəyyən ziyan vurub.
N.Şəmsiyevin dediyi bənd məsələsinə bir qədər aydınlıq gətirək. Əvvəllər də bu kəndlər tez-tez Kürün şıltaqlığına məruz qalırdı. Əkin-biçin məhv olurdu, yollara, evlərə, təsərrüfatlara ziyan dəyirdi. Lakin bir neçə il qabaq bu kəndlərin Kürqırağı sahillərinin bəndbərkitmə işlərinin aparılması qərara alınsa da, sonralar digər iki kənddə bu işlər dayandırıldı. Bəlkə də əlavə xərclərin çıxmaması naminə Aşağı və Orta Salahlı kəndlərində bəndlər tikilmədi. Çünki Kürdə suyun azalması hiss olunurdu. Lakin son vaxtlar mənzərə əməlli-başlı dəyişib.
Aşağı Salahlı kənd icra nümayəndəsi Yaşar Əfəndiyevlə söhbət edirəm. Deyir ki, mayın 25-i günortadan başlayan selin birdən-birə adamların pay torpaqlarını və örüş yerlərini basacağını gözləmirdik. Amma bu baş verdi.
Həmin yerlərə baxmaq istədiyimizi bildikdə isə “nə danışırsınız, ora heç yaxın düşmək mümkün deyil, palçıq, sudur” dedi. “Kənd sakinlərinin, təxminən, 150 hektar pay torpaqları və örüş yerlərini su basıb. Yəqin ki, quruması bir neçə gün çəkəcək...”
İkinci Şıxlı kəndinin də bəxti gətirib.Daşan çay meşənin içərisindən keçərək kəndə ziyan vurmayıb. Kənd icra nümayəndəsinin müavini Nihad Omarov söylədi ki, azərbaycanlılar yaşayan qonşu Gürcüstan kəndlərinə də elə ciddi ziyan dəyməyib.
...Dəmirçilər kəndinə gəlib çıxırıq. Əvvəlcə elə bildik kəndi rayon mərkəzi ilə birləşdirən körpüdən keçə bilməyəcəyik. Lakin kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Gülnaz Mahmudova ilə telefon əlaqəsi saxladıq.
– Yox, çox rahatca gəlin, körpü uçmayıb, yalnız bir hissəsi, az da olsa, zədələnib, asfafalt çöküb, nəqliyyat vasitələri işləyir.
Dəmirçilərin girəcəyindəki körpüyə çatdıqda Kürün hansı səviyyəyə qalxdığını, hündür bir körpünün kənarını uçurduğunu, asfaltı qopardığını gözlərimizlə gördük.
– Səhər saat 5 idi. Xəbər yayıldı ki, sel gəlir, kəndin ərazisindən keçən Coğaz çayı daşıb...İnanırsınız, uşaqlı-böyüklü bütün kənd ayaqüstündə idi. Deyirdik, nə olursa olsun, körpümüzə bir şey olmasın. Rayon mərkəzi ilə əlaqənin kəsilməyi təsərrüfatlara dəyən ziyandan da qat-qat pisdir. Düz bir sutka davam edən sel yaxşı ki, körpüyə elə də fundamental ziyan vurmadı. Rayon icra hakimiyyətinin, digər əlaqədar təşkilatların qabaqlayıcı tədbirləri Dəmirçiləri fəlakətdən xilas etdi...
Hiss olunur ki, kənd icra nümayəndəsi bu sözləri bizə deyərkən də həyacanlanır, baş verən təbii fəlakətin nə qədər acınacaqlı nəticələrə səbəb olacağını hiss edirdi.
...Mayın 24-dən başlayan aramsız yağışlar çaylarda və su anbarlarında suyun səviyyəsinin qalxmasına və nəticədə, daşğınların baş verməsinə şərait yaradıb. Yaranmış vəziyyətə bir qədər aydınlıq gətirmək istərdik.Ümumi tutumu 120 milyon kubmetr olan Ağstafaçay su anbarında və ümumu tutumu 20 milyon kubmetr olan Coratçay su anbarında suyun səviyyəsi qalxmış və təbii ki, bir sıra ciddi fəsadlar törənməməsi üçün artıq su Qazaxın ərazisindən keçən Ağstafaçay çayına axıdılmışdır və nəticədə, kəndlərə, təsərrüfatlara, Qazax şəhərindəki gözəl bulvar kompleksinə də ziyan vurmuşdur. Bir sıra təcili-təxirəsalınmaz tədbirlərin vaxtında həyata keçirilməsi daha böyük dağıntıların qarşısını almışdır.
...Qazaxda olarkən hələ də Kürqırağı kəndlərdə çayların və bəndlərin təmizlənməsi, torpaqbərkitmə işləri və digər tədbirlərin həyata keçirilməsinin şahidi olduq. Qazax camaatı nikbin olmaqla yanaşı, həm də öz torpaqlarını daim təbii fəlakətlərdən qorumağa hazır olan, çətin anda birləşməyi bacaran adamlardır. Son günlər baş verənlər bir daha göstərdi ki, sel və daşğınlar qazaxlıların əlini işdən soyuda bilməz. Çünki bilirlər ki, mübariz sakinləri və daim qazaxlıların yanında olan, diqqət, qayğı göstərən dövləti var.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Qazax rayonu