Musiqi dilində Azərbaycan sevgisi

post-img

Qürbətdə milli mənsubluğundan güc alan gənc soydaşımız

Moskvada yaşayan 25 yaşlı Rusalina Rauf qızı Hüseynzadə qələm dostum Süleyman Hüseynovun nəvəsidir. Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbinin piano sinfində təhsil alıb. 13 yaşından skripkaya, 2 il sonra da violonçelə keçib. 

Babasının verdiyi telefon nömrəsi ilə Rusalina xanıma zəng edib, uğur he­kayəsini danışmasını istədim. Dedi ki, Xalq artisti Teymur Göyçayevin dəvəti ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrində qrup konsertmeysteri kimi fəaliyyətə başlayıb. Bakıda çoxsaylı mö­təbər konsertlərdə uğurlu çıxışlar edib. Buna görə də məktəbi bitirdikdən sonra Bakı Musiqi Akademiyasına imtahansız daxil olub. Çox keçmədən Rusiya Fede­rasiyası hökumətinin təqaüdü ilə Moskva Dövlət Konservatoriyasına qəbul edilib. 2022-ci ildə oranı fərqlənmə diplomu ilə bitirən Rusalina həmin il aspirantura təh­silinə başlayıb. Hazırda bədii rəhbər, RF Xalq artisti, professor İqor Qavrışın ya­nında assistentdir. 

Gənc ifaçı dəfələrlə Moskvada, başqa böyük şəhərlərdə skripka və violonçel ilə konsertlər verib. Ötən ilin sentyabr ayın­da Saratovda Svyatoslav Knuşevitski adına beynəlxalq müsabiqədə ilk azər­baycanlı violonçelçi kimi ölkəmizi təmsil edib və təcrübəli rəqiblərini, o cümlədən erməni ifaçıların da hamısını geridə qo­yaraq, müsabiqənin diplomantı olub. Bu, hələlik onun ən böyük uğurudur. 

Rusalina onu da əlavə etdi ki, yaxın günlərdə Moskva konsevatoriyasında xüsusi proqramla konsert verəcək, Artur Oneggerin və Yohannes Bramsın sona­talarını, Jorj Bizenin “Fantaziya”sını, Ser­gey Raxmaninovun “Qrand Tanqo”sunu və digər klassik musiqiləri ifa edəcək. Gələn ay isə Sankt-Peterburq və Saratov şəhərlərində konsert verməyə hazırlaşır.

Sumqayıtda yaşayan babası Sü­leyman müəllim onun haqqında danı­şarkən böyük fərəh hissi ilə bildirmişdi ki, daha mötəbər müsabiqələrdə Rusiya­nın adından çıxış etməsi üçün Rusalina Hüseynzadəyə RF vətəndaşlığı təklif olu­nub. Amma qız bundan qəti imtina edib. Bütün müsabiqə və festivallarda mütləq qaydada məhz Azərbaycanı təmsil et­məkdə qərarlıdır. Bu barədə onun özünə sual verdim. Gülərək: – Burada nə var ki? – dedi. Sonra isə əlavə etdi:

– Xaricdə yaşayan hər bir soydaşımız Azərbaycan adının təəssübünü çəkməli­dir. Əgər vətənpərvər olmasaq, burada hörmətimiz də azalar. Mən qarşıdakı mər­hələdə Kraliça Elizabet, Pyotr Çaykovski, Emmanuel Feyerman adına və digər nüfuzlu müsabiqələrdə də səhnəyə Azər­baycanın adından çıxmaq əzmindəyəm. Müəyyən maneələr ola bilər, amma bu fikrimə alternativ görmürəm. 

Çətinliklərə baxmayaraq, uğur he­kayələrini artırmağa çalışan gənc soyda­şımız bir sıra ölkələrdə də Azərbaycanı müxtəlif konsert proqramlarında, mədə­niyyət tədbirlərində layiqincə təmsil edib. Rusalinanın repertuarını Azərbaycan bəstəkarlarından Qara Qarayev və Fikrət Əmirovun əsərləri də bəzəyir. Dediyinə görə, konsertlərdə F.Əmirovun Nazim Hikmətə həsr etdiyi “Poema-Monoloq” əsərini populyarlaşdıra bilməsi ilə qürur duyur. 

Söhbətimiz zamanı Rusalina fərəh­li məqamlarla bərabər, onda təəssüf yaradan bəzi məqamlara da toxundu. Bunlardan biri müasir Azərbaycan bəstə­karlarının violonçel üçün musiqilərinin az olmasıdır. Buna görə də, tutaq ki, piano və skripka üçün yazılmış hansısa əsərin üzərində işləyib, violonçel üçün uyğun­laşdırmaqla ifa edir. Daha bir təəssüflən­dirici məqam kimi o, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu ilə sıx əlaqəsinin olmadığını bildirərək: – Onlar nədənsə tədbirlərinə daha çox estrada müğənnilərini dəvət edirlər, – dedi.

Rusalina Hüseynzadənin bir hobbisi də var: ingilis və rus dilləri üzrə tərcümə­çidir. Bu dilləri musiqinin dilindən heç də zəif bilmir.

Qürbətdə xalqımızın adını ucaltmaq üçün yorulmaz səylər göstərən gənc is­tedada daha böyük uğurlar arzusu ilə:

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət