Azərbaycan Respublikasının (AR) Prezidenti cənab İlham Əliyevin göstərişi, AR Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada uşaqların elmi-texniki yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə məktəbin altı otağında yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmiş STEAM mərkəzi yaradılmışdır.
24 may tarixində QR təhsil və elm naziri xanım Doqdurkul Kendirbayeva, səfir Lətif Qəndilov, Bişkek şəhəri merinin müavini xanım Viktoriya Mozqaçeva, xarici işlər nazirliyinin üçüncü departamentinin əməkdaşı Luiza Narkulova, 20 saylı məktəb-gimnaziyanın direktoru Kanikey Alimkulova, müəllim-şagird heyəti və yerli KİV nümayəndələrinin iştirakı ilə STEAM mərkəzinin açılış mərasimi keçirilmişdir.
Tədbirin proqramına uyğun olaraq, Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra QR təhsil və elm naziri xanım Doqdurkul Kendirbayeva, səfir Lətif Qəndilov və Bişkek şəhəri merinin müavini Viktoriya Mozqaçeva qırmızı lenti kəsərək STEAM mərkəzini açılışını elan etmişdir. Məktəbin direktoru Kanikey Alimkulova Azərbaycan tərəfindən görülən təmir işləri və yüksək texnologiyalı avadanlıqlarla altı otaqda təchiz olunan STEAM mərkəzi ilə gələn qonaqları tanış etmiş, şagirdlər bu avadanlıqlarla iş qabiliyyətini və bacarıqlarını göstərmişdir.
Tədbir məktəbin akt zalında müəllim və şagirdlərinin iştirakı ilə davam etmişdir. İlk olaraq Azərbaycan və Qırğız dövlət himnləri səsləndirilmişdir.
Açılış nitqi ilə çıxış edən nazir D.Kendirbayeva, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 20 saylı məktəb-qimnaziyada yaradılmış STEAM mərkəzinə görə öz təşəkkürünü bildirmişdir.
D.Kendirbayeva Prezident S.Japarovun Bakıya səfəri zamanı AR təhsil naziri ilə görüşü və iki ölkə arasında təhsil sahəsi üzrə əldə olunan razılaşmalara dair ətraflı məlumat vermişdir. Nazir, STEAM mərkəzi tərəfindən əldə olunan biliklərin gələcəkdə bir çox sahələrdə istifadə olunacağını vurğulamışdır.
Səfir Lətif Qəndilov Prezident İlham Əliyevin göstərişi ilə yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş STEAM mərkəzinin uşaqların elmi-texniki yaradıcılıq və qabiliyyətlərinin yüksəldilməsinə öz töhfəsini verəcəyini söyləmişdir.
O, qeyd etdi ki, mərkəzin aşılısının məhz Azərbaycan Respublikasının müstəqillik gününə təsadüf etməsi bizim üçün çox sevindirici haldır.
Bununla yanaşı səfir, Azərbaycanda mövcud olan təhsil müəssisələri, proqramlar haqqında məlumat verərək şagirdlərin məktəbi bitirdikdən sonra Azərbaycanda ali təhsil almağa dəvət etmişdir.
Səfir qeyd etdi ki, mərkəzin açılışı ümumi tarixə, adət-ənənələrə malik olan xalqlarımız arasında əlaqələrin bundan sonra da inkişaf etməsinə xidmət edəcəkdir.
Səfir nitqinin sonunda nazir D.Kendirbayeva tədbirdə iştirakına görə təşəkkürünü bildirmişdir.
Daha sonra tədbir şagirdlər tərəfindən Qırğız və Azərbaycan rəqsləri və mahnılarının ifası ilə davam etmişdir.